Yalnız Azərbaycana məxsus sərvət

0
811
Dünyanın ən yaşlı ağacı – Qılçıqlı şam ağacı Amerika Birləşmiş Ştatlarının Nevada ştatında yerləşir və onun 4900 il yaşının olduğu bildirilir. 
Dünyanın ən hündür ağacı da ABŞ-da – Kaliforniya ştatında bitir. Boyu 110,3 metr olan Sekvoya ağacı həmişə yaşıl ağac növlərinə aiddir. Bu cür qeyri-adi nadir bitkilər Azərbaycanda da kifayət qədərdir. Bu ağaclar özünəməxsusluğu ilə diqqət çəkir. Bu ağacların bir çoxu Azərbaycan ərazisindən başqa yerdə bitmir. Bunlardan biri də dəmirağacdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkəmizin Cənub bölgəsində bitən bu ağac növü Azərbaycan torpağının yetişdirdiyi nadir incilərdəndir. Bu ağacın bir çox qəribəlikləri mövcuddur ki, bu da nəinki yerli alimlərin diqqətini cəlb edir, hətta beynəlxalq araşdırmaçıların müzakirə mövzusudur. Bu ağacın istənilən kəsilmiş bir hissəsini oda atdıqda yanmadığının şahidi olmaq olar. Bundan başqa, bu ağac suda batır. Bu ağacın adının dəmirağac olması da boş-boşuna deyil. Söhbət ondan gedir ki, bu ağaca mismar vurduqda batmır. Talış meşələrində bitən bu ağacın 200 ildən artıq ömür sürdüyü bildirilir. Dəmirağacın bir maraqlı xüsusiyyəti də var. Belə ki, budaqları bir-birinə sürtündükcə bitişir. Ondan telefon və elektrik dirəklərinin çəkilişində istifadə olunur. Çünki gec çürüyür.

Yalnız Azərbaycanda

Azərbaycana aid olan nadir ağac növlərindən biri də eldar şamıdır. Eldar şamı dünyada təbii halda yalnız Azərbaycanda bitir. Sonradan bu bitkini digər qonşu ölkələrin ərazisində də yetişdiriblər.

Yalnız Azərbaycanda bitən ağac növlərindən biri də şabalıdyarpaq palıddır. Şabalıdyarpaq palıda yalnız Azərbaycanda Talış meşələrində və İsmayıllı rayonunda rast gəlinir. Bu ağacın hissələrindən də elektrik dirəyi, dəmiryol şpallarının hazırlanmasında geniş istifadə olunur. Bu ağac növü də dözümlülüyü ilə digərlərindən seçilir.

Yazılı mənbələrdə adı Xəzər lələyi kimi qeyd olunan bitki də yalnız Azərbaycanda bitir. Bu bitki növünə əsasən Astara və Lənkəran rayonlarının ərazisində rast gəlinir. Təəssüf ki, kökü kəsilmək üzrədir.

Qeyd edək ki, Azərbaycanın ərazisinin 11 faizini meşələr təşkil edir. Nəsli kəsilməkdə olan ağac növlərinin adları isə “Qırmızı kitab”a daxil edilir. İndi isə keçək işğal altında qalan yaşıl sərvətimizə. O sərvətə ki, bizlərə dədə-babamızdan əmanət kimi etibar edilmişdir. Amma…

Şuşanın topdağıtmaz Topxanası

Azərbaycanın incisi olan qədim Şuşa şəhərinin ərazisinin 20%-ni meşələr təşkil edirdi. Öz yaşıllıqları ilə görənləri valeh edən Şuşa, təbii ki, işğaldan sonra ermənilər tərəfindən, sözün həqiqi mənasında, yağmalandı. Azərbaycan tərəfinin apardığı araşdırmaya görə, Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq naməlum ərazilərə daşınıb. Ən dəhşətlisi də odur ki, Qarabağ meşələrinin nadir çoxillik ağacları ermənilər tərəfindən yanacaq kimi istifadə olunur. Son məlumatlara görə, Şuşa şəhərinin yuxarı hissəsində “Dörd yol” adlanan yerə yaxın ərazilərdə 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, bəzi hissələrdə isə bütünlüklə qırılıb. Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib.

Nazirliyin məlumatına görə, Laçın rayonu işğal edildikdən sonra onun ərazisindəki qiymətli nadir bitkilər də məhv edilib. Məsələn, Laçında Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacları. Həmin ağacın materialından qiymətli mebellərin düzəldilməsində istifadə edilirdi. Qırmızı palıd Azərbaycanda yalnız Laçın rayonu ərazisində yayılmışdı. Məlumat üçün bildirək ki, Laçın rayonunun meşə ilə örtülü sahəsi 26 min 647 hektar (80,05 %) idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.

Qubadlıda qiymətli ağac növlərindən ibarət meşələr məhv edilib

Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i Laçın rayonunda aşağıdakı faktları aşkarlayıb:

– Laçının Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd ermənilər tərəfindən qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılır.

– Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılıb.

Yaşıllıqları, meşəlikləri terrora məruz qalan rayonlarımızdan biri də Qubadlıdır. İşğal olunana qədər rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-160 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iridiametrli ağaclar təbiət abidəsi kimi qorunurdu.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr məhv edilib.

Zəngilanda 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb

Bir maraqlı faktı da qeyd edək ki, Avropada təbii çinar meşəsi yalnız Azərbaycan ərazisində mövcuddur. Bu meşə Azərbaycanın Zəngilan rayonunda yerləşirdi. Zəngilan işğal olunana qədər bu meşədə 1500 yaşı, 53 metr hündürlüyü, 4 metr diametr gövdəsi olan ağaclar qədimdən bu günədək qorunub saxlanılırdı. Rayon işğal olunandan sonra ermənilərin bu ağacları da qırıb məhv etdikləri bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğala qədər Zəngilan rayonunun Muğanlı kəndində yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində birinin yaşı 120, digərinin yaşı 300 il olan 2 ədəd Şərq çinarı, Zəmiyeri adlanan sahədə yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu. Həmçinin ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, “xarı bülbül”, səhləbin bir necə növü, Qarabağ dağ laləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılmışdı. Təəssüf ki, işğaldan sonra bu bitki növləri də məhv edilib. Daş-başı və Leşkar meşələrində də yanğın törədilib, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb. Nazirlik bildirir ki, əldə edilmiş videoçəkilişlərdən rayonun Alıbəyli kəndində həmişəyaşıl çoxillik ağacların qırıldığı, həyətyanı sahələrdə minlərlə meyvə ağaclarının yalnız kötükləri və cavan pöhrələrinin qaldığı, çoxillik qiymətli qoz, çinar və gəvən ağaclarının kəsildiyi, yol ətrafında ayland ağaclarının təbii meşələrinin və böyürtkən kolluqlarının əmələ gəldiyi görünür.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here