“Yalançıya möhtacam deyə dillənə bilmirəm”

0
458

Bu günlərdə bir məclisdə idim. Söhbət haqdan-ədalətdən, yalandan düşdü. Məclis əhli bununla bağlı çox fikirlər söylədilər. Söhbət Zərbəli kişinin söylədikləri ilə yekunlaşdı. Çünki onun maraqlı hekayətindən sonra kimsə bu mövzuya qayıtmağa cəsarət etmədi. Zərbəli kişinin həmin hekayətini sizlərlə də bölüşmək isteyirəm.

… Yalan ayaq tutub yeriyən məmləkətdə bir Yalançı Doğruçu, yəni haqq-ədalət axtarışına çıxır. Nəhayət, günlərin bir günü onu tapır. Yalançı görür ki, Doğruçu bir həsirdir, bir də Məmmədnəsir. Doğruçunun bu halına acıyan Yalançı deyir:

– Vallah, səni bu vəziyyətdə gördüm, ürəyim ağrıdı.

– Neyləyim, indi doğruya məhəl qoyan kimdir? Acından ölürəm, bir qismət çörək verən də yoxdur.

Yalançı: “Gəl gedək səni əməlli-başlı yedirib-doydurum”, – deyəndə Doğruçu acizanə dillənir:

– Nəylə gedim? Cibimdə bir qəpik pulum yoxdur axı.

– Narahat olma, gəl gedək. Hər şey mənim hesabıma olacaq.

Nə isə, onlar yaxınlıqdakı yeməkxanaların birinə gəlirlər və Yalançı stolun üstünə dünyanın naz-nemətini düzdürür. Bunu görən Doğruçu deyir ki, sən neyləyirsən, birdən pul çatmaz biabır olarıq a…

Yalançı Doğruçunun narahatçılığına bu sözlərlə son qoymağa çalışır:

– Dedim axı, hesabı mən ödəyəcəyəm. Sən də mənim kimi ye-iç. Bu barədə əsla fikirləşmə.

Yeyib-içdikdən sonra Yalançı ofisiantı çağırıb, haqq-hesab çəkməyi xahiş edir. Ofisiant hesabı çəkir, lakin yemək-içməyin pulunu almamış onu başqa stola çağırırlar. Odur ki, o, həmin müştərilərinə tərəf gedir və onların sifarişlərini yerinə yetirməyə başlayır. Aradan bir müddət keçəndən sonra Yalançı yenidən ofisiantı səsləyir:

– Qardaş, gözləyirik axı. Pulumuzun qalığını ver, çıxıb gedək də… Axı belə xidmət olmaz. Elə et ki, bir də bura gələk də…

Ofisiant təəccüblə dillənir:

– Siz mənə pul vermədiniz ki.

Yalançı bu sözə bənd imiş kimi hirslə deyir:

– Necə yənin vermədim, sən nə danışırsan? – Yalançı yanında oturmuş Doğruçunu göstərərək əlavə edir. – Bayaq sən bizimlə haqq-hesab çəkəndə bu kişinin gözü qabağında sənə bir yüzlük vermədimmi?

Ofisiant and-aman edir:

– Vallah-billah, mənə heç nə verməmisiniz.

– Vermişəm, yanımda oturan da buna şahidlik edə bilər.

Bu sözlərdən sonra Yalançı Doğruçuya deyir:

– Bu nə danışır, a kişi, mən sənin gözünün qabağında buna bir yüzlük vermədimmi?

Doğruçu görür ki, yaman yerdə axşamlayıb. Desə ki, vermədin, birdən dostu hirslənib deyər: onda çıxart pulu sən ver. Elə bu düşüncə ilə də o, Yalançının dediklərini təsdiqləyir. Yalançı daha da əsib-coşur:

– Buna bax ey, utanmır mənə şər atır. Pulumun qalığını ver.

Ofisiant yenə and-aman edəndə yeməkxananın müdiri onlara yaxınlaşıb soruşur:

– Nə hay-küy salmısınız, axı nə olub?

Yalançı səsini bir az da qaldırır:

– Sənin bu ofisantın məndən xidmət haqqı kimi bir yüzlük alıb, amma qalığı qaytarmaq istəmir. Xahiş edirəm, sifariş verdiyimiz yeməklərin pulunu özünüz də hesablayın.

Başlayır müdir özü haqq-hesab çəkməyə və görür ki, ofisiant onlara 5 manat qalıq qaytarmalıdır. Odur ki müdir ofisiantın üstünə çımxırır:

– Ayıb olsun sənə, kişinin pulunu qaytar. Səninlə sonra danışaram.

Ofisiant yazıq-yazıq dillənir:

– Vallah-billah, ay müdir, o mənə heç nə verməyib?

– Verməsəydi, istəməzdi. Ver kişinin pulunun qalığını.

Çarəsiz qalmış ofisiant pulun qalığını verib ağlaya-ağlaya deyir:

– Ay haqq-ədalət? Haradasan, niyə görmürsən bu nahaq işi?

Bu zaman Doğruçu dodaqaltı mızıldanır:

– Buradayam, qardaş, lap yanındaca oturmuşam. Və hər şeyi də yaxşı görürəm. Amma Yalançıya möhtacam deyə dillənə bilmirəm.

Söhbətinin sonunda Zərbəli kişi bu hekayəti kimdən eşitdiyini xatırlamağa çətinlik çəkdi. Odur ki dedi: “Bunu ya babamdan eşitmişəm, ya da hansısa kitabdan oxumuşam”.