Yalançı borc

629

İnsanın üzləşmək istəmədiyi, lakin hərdən bu və ya digər səbəbdən ağırlığını çiyinlərində hiss etməli olduğu çətinliklərdən biri də borclu olmaqdır. El arasında tez-tez işlənən “Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr”, “Dostunu düşmən eləmək istəyirsənsə, ona borc ver” deyimləri borcun nə qədər məsuliyyətli bir iş olduğuna dəlalət edir. Bu gün kredit ucbatından banklar və vətəndaşlar arasında yaranmış problemlər də sübut edir ki, borc ilə tədbirli davranmaq lazımdır. Bir şeyi unutmaq olmaz ki, borcun ən böyüyü və məsuliyyətlisi Allaha olan borcumuz – onu layiqincə tanımaq və onun əmr etdiklərini yerinə yetirməkdir, bir sözlə, Uca Yaradana layiqli qul olmaqla ucalmaqdır.

Borcun ciddiliyinə Peyğəmbər Əfəndimiz (s.ə.s) münasibət bildirmiş, ümməti üçün borcla əlaqədar dualar da etmişdir. Peyğəmbər Əfəndimiz (s.ə.s) bir gün məscidə girdi. Orada əshabdan Əbu Ümaməni gördü. Ondan soruşdu:

– Ey Əbu Ümamə, namaz vaxtı olmadığı halda nədən burada oturursan?

O da:

– Sıxıntı və borc içindəyəm, ya Rəsulullah, – dedi.

Bunun üzərinə Əfəndimiz ona aşağıdakı duanı sabah-axşam təkrarlamağı tövsiyə buyurdu: “Allahım, dünya və axirətdə qəm və kədərdən Sənə sığınıram. Acizlikdən və tənbəllikdən Sənə sığınıram. Qorxaqlıqdan və xəsislikdən Sənə sığınıram. Borc altında əzilməkdən və insanların məni alçaltmasından Sənə sığınıram.” Bu duanı oxuyan Əbu Ümamə qısa bir vaxt sonra borclarından qurtuldu.

Anamın borc siyasəti bambaşqa idi

Hər şeyin müxtəlif növləri olduğu kimi, borcun da növləri var. Lap uşaq yaşlarımda onlardan ikisinin şahidi olmuşam. Atam varlı olmasa da, ehtiyatlı kişi idi və ən çox söylədiyi deyimlərdən biri qənaət haqqında dediyi “Ömrünüzü “Olanda xalvar, olmayanda Allaha yalvar” üsulu ilə keçirməyin” kəlamı idi. Kiçik, əl borcu üçün gələn qonum-qonşu anama, toy məclisi, Rusiyaya mal göndərmək üçün ehtiyacı olanlar atama müraciət edərdilər. Atam borcun üstündə faiz almaz, üstəlik, borc verdiyi adama borcu qaytarmağa tələsməməyi də tapşırardı. Çox güman ki, o, Müqəddəs Kitabımızın “Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir” (Bəqərə – 2/280) tövsiyəsindən xəbərdar olub.

Bir xeyli müddətdən sonra borcu qaytarardılar, pulun üstündə atamın çəkdiyi bir-iki “Avrora” qutusu, bir az da o dövr üçün dəbdə olan şirinlik gətirərdilər. Borcu qaytaranlardan atama əlinin bərəkətli, düşərli olduğunu deyənlər çox olurdu.

Anamın borc siyasəti bambaşqa idi. Onun yanına əsl borcdan savayı “yalançı borc” üçün də gəlirdilər. Yalançı borc bilirsinizmi necə olur? Borc üçün anama müraciət edən qadınlar öz ehtiyatlarını gizlincə özləri ilə gətirıb anamdan xahiş edərdilər ki, evlərindən ona filan məbləğdə “borc” versələr, götürüb qoysun, sonra arxayın bir vaxt gəlib ondan götürərdilər. Beləcə, qadınlar ailəni dolandırar, ehtiyatlarını üzməzdilər, üstəlik, qonum-qonşu arasında səmimiyyət, hörmət də davam edərdi.

İnsanlar bir-birilərinə ehtiyac duyanda, bir-birilərinə əl tutanda, hər gününə yarıyanda daha mehriban olurlar. Günümüzdə qonşuların yerini banklar işğal etdiyi üçün insanların bir-birindən asılılığı azalıb, aralarındakı o gözəl münasibətlər zəifləyib, sanki heç kəs heç kəsə lazım deyil. Nə isə… Bu, özlüyündə ayrı bir sosial dərddir. Mətləbdən uzaqlaşmayaq.

Onun da dərisi

kiməsə lazım olacaq

Haqqında söz açdığım yalançı borcun qəribə formasını bu gün Ermənistanın yeritdiyi beynəlxalq siyasətdə də müşahidə etmək mümkündür. Bu bədnam siyasətin onu uçuruma apardığını bilə-bilə Ermənistanın “çoxbilmiş” və bildikləri qədər çəkəcəkləri labüd olan rəhbərliyi öz mənfur siyasətinə haqq qazandırmaq üçün dünyanın sayılıb-seçilən siyasi liderlərinə “borc siyasət” sırımağa çalışır, yazıq, zavallı olduqlarına bütün dünyanı inandırıb hallarına ağlatmaq üçün əllərindən gələni edirlər. Kimi dindirirsən, işğalçının burnunu əzmək əvəzinə hər iki tərəfin kompromisə getmələrinin vacibliyindən dəm vurur. Biz dar bir keçiddən, körpüdən keçmirik ki, bir-birimizə kompromisə gedək. Bu boyda işğalçıya kim güzəştə gedə bilər? Bu, Amerika yazıçısı Ambroz Birsin (1842-1914) “Zalım Qurbağa” hekayəsindəki hadisəyə bənzəyir:

Əlində çəlik olan bir təbiətşünas qurbağanı udmaqda olan ilana rast gəlir:

– Ay mənim xilaskarım, – ilan bacardığı qədər yazıqcasına dil tökməyə başlayır, – Düz vaxtında gəlmişsiniz, bu zalım heç bir günahım olmadğı halda mənim boğazıma soxulur.

Təbiətşünas:

– Ser, – mənə ilan dərisi lazımdır, vəziyyəti izah etməsəydiniz, sizin işinizə müdaxilə etməzdim, mən elə bildim siz nahar edirsiniz…

Ermənistan öz ilan xislətini nə qədər gizlətməyə çalışsa da, bir o qədər özünü ifşa edir. Günlərin birində onun da dərisi kiməsə lazım olacaq.

Yaxşısı budur, yerini bil

Doymayan nəfsin, ağlı başdan alıb, kapitansız gəmi kimi səni məchul istiqamətə aparacaq sərvətin ziyan-zərəri olsa da, zülmətlərə nur saçan faydalı elmin, xoşbəxtlik qapılarının açarı olan ağıllı məsləhətin ancaq xeyrindən danışa bilərik. Bir-iki haşiyə ilə sözümüzə davam edək.

Birinci haşiyə: Mən çoban oğluyam, çöl-bayırda böyümüşəm. Yazımız, yayımız qoyun-quzu otarmaqla keçib. Hamı bilir ki, çəmənlər, meşələr gözəl gül-çiçəklərlə dolu olmaqla yanaşı, heyvanlara, hərdən insanlara da yapışan gənələrlə də zəngin olur. Qanımızı soran gənələrin bəziləri bədənimizə elə yapışardılar ki, əl ilə qoparmaq olmazdı. Bu zaman böyüklər taxta qaşığı odda qızdırıb gənələrin üstünə qoyardılar. Canı yanan gənə dərimizdən ayrılardı. Deyəsən, erməni işğalçılarının da canı yanmayınca yaxamızdan əl çəkməyəcəklər.

İkinci haşiyə: Çöl-bayırda boya-başa çatmaq həm də kainat kitabına daha diqqətlə nəzər salmaq, praktik biliklərə yiyələnmək imkanı verir. Mən belə imkandan, az da olsa, faydalanan biri kimi qaranquşların, kəpənəklərin, arıların uçuşu, cırcıramaların nəğməsi, gündüzün bürküsü, üfüqlərin rəngi, ocağın tüstüsü, çiçəklərin qoxusu və s. kimi əlamətlərdən hava durumu haqqında təxmini proqnoz verməyi bacarıram. Sözümə qüvvət, illər əvvəl o zamankı Sumqayıt Özəl Türk Liseyinin həyətində, uca çinarların kölgəsində oturub yoldaşlarla çay içirdik. (Hey gidi günlər!) Xoş, bir az da küləkli hava idi. Söhbət əsnasında çox da böyük olmayan bir qara buludun başımızın üstündə ocağa süd qazanı qoyub qonşusu ilə söhbət edən və qazanı xatırlayıb evə tələsən kənd xanımı kimi şimaldan şərqə doğru getdiyini gördüm. Dostum, qubalı Eyvaz müəllimə, buludun Qubadan sərinlik, bəlkə də yağış gətirəcəyini bildirdim. O öz növbəsində Qubanın məni nəzərə aldığını, Sumqayıtın istisinə qarşı mənim üçün sərinlik yolladığını bildirdi, hamımız gülüşdük. Axşama doğru göy buludla doldu, Sumqayıt gözəl bir yağışla sərinlədi.

Bu əhvalatı ona görə yada saldım ki, ey adını çəkməyə eyməndiyim qonşu, cərəyan edən beynəlxalq hadisələrin müşahidəsindən bu qənaətə gəlirəm ki, nəticə sənin üçün heç də yaxşı bitməyəcək. Necə deyərlər, bu gün yetim kimi gah o, gah da bu qapıya üz tutsan da, bil ki, yetimə can deyən çox olar, çörək verən tapılmaz. Nə qədər ki gec deyil, daşı tök ətəyindən, baisi olduğun günahların bədəlini axirətə qədər ödəyə bilməyəcəksən. Yaxşısı budur, yerini bil, bilmirsənsə öyrən, öyrənmək hec vaxt gec deyil. Sözlə dediklərimi, istəyirsən, qısaca olaraq sazla da deyim, dinlə və düşün:

…Oynadıqca hər havaya, çaldılar,

Ay erməni, səni tora saldılar,

Bu hiyləyə özləri mat qaldılar,

Hər kəs, əlbət, yoğurduğun yapacaq,

Əvvəl-axır haqq yerini tapacaq.

Yerin vardı süfrəmizin başında,

Millətimin gözü üstdə, qaşında,

Təmkini var torpağın da, daşın da,

Hər kəs, əlbət, yoğurduğun yapacaq,

Əvvəl-axır haqq yerini tapacaq.

Bağça olmaz qaratikan kolundan,

Nə çıxmısan cızığından, yolundan?!

Yıxılanda qonşu tutar qolundan,

Hər kəs, əlbət, yoğurduğun yapacaq,

Əvvəl-axır haqq yerini tapacaq.

Anlamırsan, ya gözlərin kordumu?

Qara qarğa, zibilləmə yurdumu,

Qoruyacaq Allah mətin ordumu,

Hər kəs, əlbət, yoğurduğun yapacaq,

Əvvəl-axır haqq yerini tapacaq.

Cənnət ola – gözüm yoxdu Yəməndə,

Bil, tamahın saldı səni kəməndə,

Süslənəcək “Xarı bülbül” çəməndə,

Hər kəs, əlbət, yoğurduğun yapacaq,

Əvvəl-axır haqq yerini tapacaq.

Rahib Alpanlı