Yağış: hər yerdə bərəkət, Bakıda fəlakət

0
511

“Azəravtoyol” ASC: “Balansımızda kifayət qədər
küçələr var ki, orada yağış barmaqlıqları yoxdur”.
“Azərsu” ASC: “Bakıda küçə və prospektlərin cəmi
12 faizində yağış sularının axması üçün barmaqlıqlar var.
Bakıya yağan yağış dünən ciddi fəsadlara səbəb olub. Belə ki, yağış suyunun toplanması, bu səbəbdən gölməçələrin yaranması vətəndaşlara ciddi problemlər yaradıb. Yağış sularının axması üçün yerin olmaması səbəbindən Yasamal rayonunun bəzi hissələrində, Binəqədi rayonunda, Ziya Bünyadov prospektində həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşib. Paytaxtın müxtəlif ərazilərində yollarda iri gölməçələr yaranıb. Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti isə aşağı salınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. FHN-in rəsmi saytında yer alan xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) verilən məlumata görə, qeyri-sabit hava şəraiti davam edəcək.
”Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, əksər yollarda yağış barmaqlıqlarının və kanalizasiya kollektorlarının olmaması bu qurumun günahı deyil: “Azəravtoyol”un balansında olan yol təsərrüfatında yağışla bağlı heç bir problem yoxdur. Biz hər hansı işi görmək üçün yağışın yağmasını gözləmirik. Vaxtaşırı tərəfimizdən yollardakı yağış barmaqlıqları təmizlənir, baxış keçirilir. Hazırda da əməkdaşlarımız səfərbər olunublar. Çünki yağış suları özü ilə bərabər, hər hansı əşya da gətirə və yağış barmaqlıqlarını tıxaya bilər. Bu zaman həmin axacaqların təmizlənməsi bizim əməkdaşlar tərəfindən həyata keçirilir. Amma digər məsələlər, bəzi yerlərdə, yollarda suyun yığılması bizə aid olan məsələlər deyil. Bizim işimiz yağış barmaqlıqlarının işinə nəzarətdir. Ancaq bizim balansımızda kifayət qədər küçələr var ki, orada yağış barmaqlıqları yoxdur. Bunlar Sovet dövründə, həmin dövrün tələbinə uyğun olaraq salınmış küçələrdir. Biz təmir işləri apardığımız bütün küçələrdə, əgər kanalizasiya sistemi varsa, çalışırıq ki, orada yağış sularının kənarlaşdırılması üçün yol kənarlarında sistem yaradaq. Bu sistem isə kanalizasiya kollektorlarına qoşulmalıdır”. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə problemin təmsil etdiyi qurumdan asılı olmayan obyektiv səbəblərdən yaşandığını bildirib: “Bu gün Bakı şəhərində küçə və prospektlərimizin cəmi 12 faizində yağış sularının axması üçün barmaqlıqlar var. 88 faizində isə yoxdur. Həmin 88 faiz yollarda yığılan sulara görə “Azərsu” məsuliyyət daşımalıdır? Əlbəttə ki, yox! Kanalizasiya sularının daşmasının səbəbi odur ki, yollarda su yığılanda “lük”ünün qapağını açıb, yağış sularını oraya yönəldirlər. Bu xətlər də o suyun axmasını çatdırmadığı üçün daşır”.
Anar Cəbrayıllı paytaxtın Ziya Bünyadov prospektindəki suları təmizləmək üçün xüsusi qurğulu avtomobillərin cəlb edildiyini bildirib: “Avtomobillər kollektorların yağış sularını normal qəbul edə bilməsi üçün mərkəzi kollektorlar, xətlər yuyulur. İntensiv yağan yağışlarda kollektorlar yağış sularını ötürüb çatdıra bilmir və nəticədə bu cür problemlər yaranır”. A. Cəbrayıllı bildirib ki, “Azərsu” ASC-də mütəxəssislərin iştirakı ilə hazırda bu problemlə bağlı xüsusi layihənin hazırlanması planlaşdırılır. Həmin layihənin icrasından sonra problemin birdəfəlik həllinə nail olunacaq.