Yağdır Mövlam, su

0
486

Dünyanın elə bir dövründə yaşayırıq ki, oturub düşünəndə gərdişdən baş açmaq olmur. Bir vaxtlar bir kəndin bir ağası vardı və o ağa bir kasıba zülm edəndə camaat üzə durmasa da, heç olmasa, arxada deyərdi ki, ağa haqsızdır. Amma indi zülm qanun qiyafətində dünyaya iradəsini diktə edir.

Dünyada BMT adında bütün dövlətləri özündə birləşdirən təşkilat, bu təşkilatda da ağalıq eləyən beş dövlət var. Bu beş dövlətdən biri hansısa məsələyə veto qoydusa, demək, o məsələ batdı. Hər birinin də öz sahəsi, öz maraqları var, yaxın gedən olsa, qırmızı bayrağını qaldırıb, hər şeyə yasaq qoyur. İndi belə çıxır ki, bu beş dövlət dünyada ədalətin təminatçısı rolunda çıxış edir. Amma inanın inandığınıza ki, onların ədalətinə kimsə inanmır. Sadəcə, güclüdürlər və öz maraqlarını qoruyurlar, yeni-yeni güclənənlərin də önünə əngəllər çıxarırlar ki, şəriyin biri də artıq olmasın. İnanmırsınızsa, nə zamandan bəri Fələstinin başına gələnlərə baxın, nəticə çıxarın. Cəmisi 60-70 il bundan əvvəl kimlərinsə zənbilində Fələstin torpağına endirilmiş yəhudilərin qurduğu o bic dövlət bu gün bütün ətrafını bombalarla hədələyir.
Neçə yüz il əvvəl Amerikaya köçmüş ingilislər “qızıldərili” adlandırılan hinduların kökünü kəsdilər. İngilislərin Asiya və Afrikada törətdikləri cinayətləri yazsanız, kitablar tutmaz. Əslində başa düşə bilmirəm ki, bu ölkələr niyə yığışıb İngiltərədən, Fransadan, İspaniyadan, Portuqaliyadan yağmalanmış tarixi əsərlərini, dəyərlərini, sərvətlərini geri istəmirlər? Fransa bir göz qırpımında 1 milyon yarım əlcəzairlini torpağa döşədi. Almanlar əsirləri qırmaq üçün silah işlətməyə belə lüzum görmədilər, qaz kameralarında boğdular. Bu gün dünyaya ədəb, əxlaq öyrədirlər. Rusiya dörd tərəfinə fitnə-fəsad toxumları səpməkdədir. 300 ildən bəridir ki, Avropada və Asiyada jandarm rolunu oynayır. Avropada müsəlmanlara qarşı soyqırımı həyata keçirən serblərin ən böyük havadarı da məhz ruslar idilər. Bu gün Suriyada fitnə-fəsad çıxaran güclərin ön sıralarında da Rusiya var.
Misirdə dövlət çevrilişindən sonra hakimiyyətə gələn rejim Fələstinə ərzaq, tibbi ləvazimat, su daşınan tunelləri bağladı. “Kimsə bizə daş atdı” bəhanəsi ilə başladılan hərbi əməliyyatlarla neçə müsəlman soydaşımızın qanı küçələrə tökülür, bombalarla havaya sovrulan evlərin tozu sağ qalan körpələrin üzünə pərdə kimi enir; üzünü yuyan da yoxdur o məsumların. Yağdır, Mövlam, yağdır o küçələrə, o məsum çöhrələrə. Yağdır, Mövlam, su.
***
Bu gün İngiltərənin iki böyük futbol klubu ərəb sərmayəsi ilə top qovur. Deyirlər ki, bir neçə il əvvəl bir ərəb şeyxi argentinalı futbolçu, Barselonada top qovan Messiyə açıq bir çek göndərib ki, ora istədiyi məbləği yazsın və transfer təklifini qəbul etsin. Bəzi şərhçilər deyirlər ki, həmin ərəb şeyxi Messini bir ingilis komandasına transfer etmək üçün 300 milyon avro ödəməyə razı imiş. Deyirəm, kaş Messi o təklifi qəbul edəydi, aldığı məbləği də Həbəşistanda acından ölən körpələrin xilasına sərf edəydi. Deyəydi ki, bir zamanlar Həbəşistan kralı İslam Peyğəmbəri Həzrəti-Muhammədə (s.ə.s.) göndərdiyi ilk mühacirləri qəbul etdiyi, onlara sığınacaq verdiyi üçün mən argentinalı Messi də bu tarixi xeyirxahlıq, ədalət qarşısında özümü borclu bilirəm və bu məbləğlə Həbəşistan körpələrinin xilasına çalışacam.
Bu da mənim təxəyyülümdür, yəqin ki, Messi o pulu alsa, gedib öz ölkəsi üçün sərf edərdi. Amma deyirəm, kaş mən deyən kimi olaydı, olsaydı, tarixi bir dərs olardı, elə deyilmi? Bu gün Mərkəzi Afrikanın bir çox ölkələrində insanlar aclıqdan və susuzluqdan əziyyət çəkirlər. Təmiz su tapılmadığından bəzən minlərlə adam hansısa epidemiyanın qanadında sovrulub gedir. Mütəxəssislər deyirlər ki, o ölkələrdə bir su quyusunun qazılıb istifadəyə verilməsi üçün cəmi bir neçə yüz dollar pul lazımdır. Düşünürəm ki, ərəb şeyxlərinin ingilis futboluna xərclədiyi pulla bütün Afrikanı içməli su ilə təmin etmək olar.
Həbəşlər İslama qucaq açdılar, indi müsəlmanlar həbəşlərin susuzluqdan yanmasına tamaşa edirlər. Üzümü sənə tuturam:
-Yağdır, Mövlam, su!
***
Rəsulullahın (Ona Allahın salamı olsun!) bir söhbətini ağlımdan çıxara bilmirəm:
Bir dəfə istirahət edərkən səhabələr yanına gəlirlər və soruşurlar:
– Ey Allahın elçisi, müsəlman şərab içə bilərmi?
– İçməməlidir, amma içmiş olsa da, dindən çıxmış sayılmaz.
– Ey Allahın elçisi, müsəlman zina edə bilərmi?
– Etməməlidir, amma etmiş olsa da, dindən çıxmış sayılmaz.
Soruşanlar susurlar və aralığa bir anlıq sükut çökür. Sükutu Allahın elçisi pozur:
– Ancaq müsəlman nahaq yerə şahidlik edə bilməz.
Bəli, əzizlərim, bu “nahaq yerə şahidlik edə bilməz” adamın ürəyini üzür, varlığını titrədir. Necə başa deşək bu “nahaq yerə şahidlik edə bilməz”i? Yəni yaxşı olduğuna inandığın birisinə pis demək, pis olduğunu bildiyinə yaxşı demək kimimi?
Yoxsa kiməsə yarınmaq, yaltaqlanmaq üçün üst-üstə, həm də bilərəkdən söylənən yalan kimimi?
Gözlər baxdığını deyil, sərf eləyəni görür; dillər həqiqəti deyil, mənfəət gətirəni danışır; qulaqlar həqiqəti deyil, işə yarayanı eşidir… Gözlərə, dillərə, qulaqlara toz buludu çöküb. Göz yiyəsi gözünü, dil yiyəsi dilini, qulaq yiyəsi qulağını təmizləmək, çirkabdan arındırmaq istəmir elə bil.
– Yağdır, Mövlam, yağdır, gözlərimizə, qulaqlarımıza, dillərimizə. Yağdır, bizi təmizliyə, paklığa çıxar! Yağdır, Mövlam, su!
***
Dünya su içində susuz qalıb, Allahım. Baxdığını görməyən göz susuzdur; bildiyini danışmayan dil susuzdur; yalana öyrəşmiş dodaqlar susuz, harama uzanan əllər susuz, səhərə qədər ona-buna quyular qazan düşüncələr susuz, sevgisiz könüllər susuzdur.
Yağdır, Allahım, səhraların çat-çat olmuş dodaqlarına, dua-dua açılmış əllərə, yaşarmaq istəyən könüllərə, qönçəsində soluxşayan güllərə yağdır!
Könlümüzə nur yağdır, işimizi fərəhlə doldur, Allahım!
Niyyətlərimizi təmizlə, bizi arındır, bizi iman adlı ən böyük nemətində barındır, yağdır, Mövlam, yağdır!
***
Qarabağda xaraba qalmış evlərimizə, əlimiz yetməyən ata qəbrinin yanında bitən otların üstünə, qurumuş arxların kənarında yarpaq-yarpaq can verən çinarların üstünə, ruhumuza, könlümüzə, qeyrətimizə yağdır! Yağdırdığın o nurunla bizi bir daha cahlandır, bir daha zəfərlər üzərinə ayaqlandır!
Yağdır, Mövlam, su!..

Əli Çərkəzoğlu