Yağdı qar, verildi vəd

0
390
Gözlənilən qarlı hava şəraiti artıq dünəndən özünü göstərməkdədir. 
Ölkənin bəzi ərazilərində sulu qar yağıb, bəzi bölgələrdə isə qarın hündürlüyü 10-15 santimetrə çatıb. Bakı və Abşeron yarımadasında fasilələrlə yağıntı olub, qar yağıb, şimal-qərb küləyi əsib, çovğun olub, gecəyə doğru yollar buz bağlayıb. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olub. Dünən də Azərbaycanın rayonlarında hava şəraiti yağıntılı olub, sulu qar, qar yağıb. Havanın temperaturu bəzi bölgələrdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən qəzetimizə verilən məlumata görə, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin gücləndiyi və çovğun  olduğu üçün bu hava əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil: “Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir”.

Departament əhaliyə xəbərdarlıq da edib: “Yanvarın 9-da havanın temperaturu bir neçə gün öncə ilə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Azərbaycanın rayonlarında isə yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir. Bəzi rayonlarda qərb küləyi güclənəcək. Yollar buz bağlayacaq”.

Hava şəraiti ilə bağlı sürücülərə paytaxtın bəzi yollarından və körpülərindən az istifadə etmələri tövsiyə olunur. Bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı məlumat verib. Onun sözlərinə görə, paytaxtda qar yağması və temperaturun aşağı düşməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı olduğundan sürücülərə ehtiyatlı və diqqətli olmaları, mümkün qədər həmin yollardan az istifadə etmələri tövsiyə olunur: “Mərkəz Bakı şəhərində qarlı, şaxtalı hava şəraiti ilə bağlı sürücülərə nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada biləcək bəzi enişli-yoxuşlu küçə, prospekt və körpülərdən mümkün qədər az istifadə etmələrini tövsiyə edir”.

NİİM nəqliyyatın hərəkətində çətinlik yarana biləcək enişli-yoxuşlu küçə, prospekt və körpülərin siyahısını təqdim edir:

1. Gəncə prospekti (Nobel prospekti ilə kəsişmə).

2. İlqar Musayev küçəsi (Abbas Fətullayev küçəsi (Şir heykəli)).

3. İlqar Musayev küçəsi (Babək prospekti ilə kəsişmə).

4. Salyan şosesi (Bibiheybət yolunun başlanğıcı (sərt döngə)).

5. Badamdar şosesi (20-ci sahə istiqamətində).

6. Mehdi Hüseyn küçəsi (Bünyad Sərdarov küçəsindən Parlament prospektinə kimi).

7. Niyazi küçəsi (“Azneft” meydanı – İstiqlaliyyət küçəsi).

8. M.Müşfiq küçəsi (H.Cavid prospektindən Badamdar şosesi ilə kəsişməsinədək).

9. Koroğlu Rəhimov küçəsi (Xoyski küçəsindən Təbriz küçəsinədək).

10. Ayna Sultanova küçəsi (Mətbuat prospektindən Şərifzadə küçəsinədək).

11. Ə.Haqverdiyev küçəsi (İnşaatçılar küçəsindən Mətbuat prospektinədək).

12. Nazim Hikmət küçəsi (“Musabəyov” parkı ətrafı).

13. Nərimanov heykəlinin ətrafı.

14. Məhəmməd Xiyabani küçəsi (Yeni Yasamal).

15. Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi).

16. Müzəffər Həsənov küçəsi (20 Yanvar dairəsindən Şərifzadə küçəsinədək).

17. Hüseyn Seyidzadə küçəsi (4-cü mkr. dairəsindən yuxarı).

18. Moskva prospekti (Avtovağzalın yanı).

19. Ramiz Quliyev küçəsi (Nobel prospektindən X. Məmmədov küçəsinədək).

20. Neapol küçəsi (Ukrayna meydanından Neapol dairəsinədək).

21. Rüstəm Rüstəmov küçəsi (Qara Qarayev prospekti ilə kəsişməsindən Sakit Qocayev küçəsi ilə kəsişməsinədək).

22. Azadlıq prospekti (Rəsulzadə qəsəbəsindən Ziya Bünyadov prospektinədək).

23. Azadlıq prospekti (Bakıxanov küçəsindən Füzuli küçəsinədək).

24. Rəşid Behbudov küçəsi (Füzuli küçəsindən Bakıxanov küçəsinədək).

25. Z.Əhmədbəyov küçəsi (S.Əsgərova küçəsindən Bakıxanov küçəsinədək).

26. Şövkət Məmmədova küçəsi (“Bolluq” bazarının qarşısı).

27. Binəqədi şosesi (Dövlət Miqrasiya Xidmətinin qarşısı).

28. Mir Cəlal küçəsi (9-cu mkr.).

29. Bünyad Sərdarov küçəsi.

30. Şeyx Şamil küçəsi.

31. İstiqlaliyyət küçəsi.

32. Teymur Elçin küçəsi (Nazirlər Kabinetinin qarşısı).

33. Firudin Ağayev küçəsi (BDU-nun qarşısı).

34. Bakı-Sumqayıt yolu (Xırdalan dairəsi).

35. Bakı-Sumqayıt yolu (Avtovağzalın yanı).

36. Bakı-Şamaxı yolu (Müşfiq dairəsi).

37. Moskva prospekti (Tbilisi küçəsindən – 20 Yanvar dairəsinədək).

38. Alı Mustafayev küçəsi (Ceyhun Səlimov küçəsi 3-cü mkr. dairəsi).

39. Asif Məhərrəmov küçəsi (3-cü mkr. dairəsindən 20 Yanvar küçəsi istiqamətində).

40. A.Salamzadə küçəsi (Tbilisi prospektindən Yeni körpüyədək).

41. Abbasqulu Ağa Bakıxanov küçəsi (Mərdanov Qardaşları küçəsinədək).

42. Ziya Bünyadov prospekti (Rəcəbli küçəsindən Salamzadə küçəsinədək).

43. Heydər Əliyev prospekti (Babək prospekti ilə kəsişmə).

44. Heydər Əliyev prospekti (Bağırov körpüsünün yanı).

45. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü).

46. Babək prospekti (Xalqlar Dostluğu dairəsindəki körpü).

47. Elşən Mehdiyev küçəsi (Y.Əliyev küçəsi ilə kəsişmə).

48. Zığ yolu.

49. Aeroport yolu.

50. Gənclik dairəsi.

51. Həsən Əliyev küçəsi (Atatürk prospekti ilə kəsişmə).

 

Soyuq havanın şagirdlərin dərsə davamiyyətinə təsiri

Təhsil Nazirliyi Azərbaycanda müşahidə olunan qeyri-sabit, qarlı və şaxtalı hava şəraitinin məktəblərdə şagirdlərin davamiyyətinə təsiri məsələsinə münasibət bildirib. Nazirlikdən APA-ya bildiriblər ki, hava şəraitinin soyuması Bakı şəhərinin ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyətinə mənfi təsir etməyib və bununla bağlı heç bir dəyişiklik müəyyən olunmayıb. Bölgələrdəki təhsil ocaqlarında şagirdlərin davamiyyəti ilə bağlı hazırda dəqiqləşdirilmələr aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC də havaların kəskinləşməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Belə ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır: “İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə – yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir. Sərnişin Daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır. Bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir”.

Dünən gün ərzində yayılan məlumatlara görə, İsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb. Belə ki, İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə alaraq, o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”. Şöbə rəisi ötən gün ölkə ərazisində 12 yol qəzası qeydə alındığını bildirib. Nəticədə 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

İşığınız sönübsə, 199-a zəng vurun

Dövlət qurumları havaların soyuması ilə əlaqədar açıqlama verib və hər hansı problem olmayacağını bildiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentindən bildirilib ki, bir çox yollar qarlardan təmizlənir. Kənd yollarınınsa qardan təmizlənməsi üçün xüsusi briqadalar hazırlanıb. “Qar yağdıqca bütün yollar qar və buzlardan təmizlənəcək”. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, qurum qış fəslinə tam hazırdır: “1000 ədəd xüsusi texnika hazır vəziyyətə gətirilib. 24885 kubmetr qum, 1160 ton duz ehtiyatı toplanılıb”.

“Şaxtalı havalarda Bakıda elektrik enerjisinin verilişində heç bir problem yaranmayacaq. “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, soyuq havalarda elektrik enerjisinə tələbat artıb: “Tələbat artmasına baxmayaraq, heç bir problem olmayacaq. Paytaxtın elektrik təchizatında fasilələr olmayacaq. Əgər haradasa elektrik enerjisilə bağlı problem olarsa, o zaman qurumun 199 saylı “qaynar xətt”inə müraciət edə bilərlər”.

 

İstilik sisteminizdə problem varsa, 955-ə zəng vurun

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su və kanalizasiya xidmətilə bağlı problem yaranarsa, vətəndaşlar 955 saylı “qaynar xətt”ə müraciət edə bilərlər.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə bildirib ki, paytaxtda 3500-dən artıq bina istilik sistemilə bərpa olunub: “542 qazanxana tikilib. Bakıda binaların 70 faizdən çoxu istilik sistemlərilə tam təmin olunub. Əməkdaşlarımız gücləndirilmiş iş rejiminə keçiblər. Əgər hansısa problem yaranarsa, bizim 956 saylı “qaynar xətt”ə müraciət edə bilərlər”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here