“Yadıma gəlmir ki, oturub ya televizora baxım, ya da telefon əlimə alım”

453

Mingəçevirin ətraf qəsəbələrində maldarlıqla məşğul olan zəhmətkeş bir ailə yaşayır. Bu ailə öz halal əməyi ilə dolanan kasıb bir ailədir. Yayı, qışı fermada yaşayan bu ailə ilə yaxından tanış olduq. Ailə başçısı 30 ildən çoxdur ki, mal-qara otarmaqla günü-güzəranı çöldə bayırda keçir. Ailənin xanımı isə Əsədova Aynur xanım evdə öz təsərrüfatları ilə məşğul olur. Aynur xanım deyir ki, hər gün 17 baş inək, 4 baş camış və 100-dən çox qoyun sağıram: “Düzdür bunları əllə yox, inək sağan aparatla həyata keçirirəm. Özüm Qarabağ zonasındanam. Ata-babalarım çoban olub. Həmişə maldarlıqla məşğul olmuşuq. 13 yaşımdan inək sağıram. Qarabağ zonasında ən böyük təsərrüfat atamın təsərrüfatı idi. Bütün bu işləri elə orda öyrənmişəm”.

Bir inəkdən 15-20 litir süd sağan Aynur xanım hələ bu günə qədər ağartımız öz məhsulumuzdan olub deyir: “Hələ bizim evə mağazin ağartısı girməyib. Yağı, pendiri, qatığı, şoru özüm hazırlayıram”.

“Bəs südə su qatanlara, bazarlarda əl yağı adı ilə yağ satanlara nə deyərdiniz?” sualına həmsöhbətimiz bildirdi ki, hər kəs öz vicdanı ilə hərəkət edir: “Mən öz məhsullarımı heç imkan olmur ki, bazara çıxarım. Müştərilər özləri gəlib qapıdan alırlar. Düzdür, əvvəllər yağ hazırlayırdım. İndi hazırlamıram. Əsil yağ odur ki, südün üzü alınmasın. Bazarlarda ağartı satanlar öz vicdanlarını itirməsin. Biz bilirik ki, onlar düzgün hərəkət etmirlər. Amma mən heç kimin işinə qarışmaq istəmirəm. Onu da deyim ki, təmiz yağı əldə etmək üçün 15-20 litr süddən təmiz bir kilo yağ alınır. Rəngi də nə çox sarı, nə də çox ağ olmur. Bazarlarda satılan tünd sarı yağ mal yağı deyil. O adamlar puldan ötəri belə məhsul hazırlayıb bazara çıxarırlar. Biz bu hazırladığımız məhsulları öz millətimizə satırıq da… Ailəliklə 30 ildən çoxdur ki, bu işlə məşğuluq. Yoldaşım çöldə çobançılıq edir, min bir əzab, əziyyət çəkir. Heç insafdırmı ki, bu əziyyətimizi puldan ötəri zay edək? Uşaqlarım da səhər dərsə gedir, gələndən sonra hərə öz işi ilə məşğul olur”

“Bəs yorulmursunuzmu bu qədər işin-gücün qarşısında?” sualına müsahibimiz əksinə mən öz işimdən zövq alıram dedi: “Yadıma gəlmir ki, mən oturub ya televizora baxım, ya telefon əlimə alım. Səhər açıldığını bilirəm, işdən -gücdən bir də baxanda görürəm ki, axşamdır. Heyvanların nazı ilə oynamaq bir az zor işdir. Çünki onlar çox zərifdilər. Qızdırmadan qoruyuruq. Elə gün olub ki, saatlarla tövlədə oturub onların keçiyini çəkmişəm ki, birdən qızdıralar. Heç uşaqlara bu qədər vaxt ayıra bilmirəm. Çünki çörəyimiz burdan çıxır. Allaha min şükür, nə ac qalmırıq, nə də Allahdan başqa heç kimə borcumuz yoxdur”.

 

Siz özünüzü burada xöşbəxt sayırsınızmı, yəni şəraitiniz o qədər də ürək açan deyil, isti su yox, qaz yox, televizor yox. “Əlbəttə, çox xöşbəxtəm, bəyəm bu kimi sadaladığınız şeylər xöşbəxtliyin açarıdır? Mən öz ailəmlə fəxr edirəm. Onları mən qorumasam bəs kim qoruyar? Düzdür, şəraitimiz yoxdur, amma bu çətinlik bizi qorxutmur. Hər şeyə çarə tapıram. Özümü çətinlikdən qorxutmuram. Axı mən çobanın həyat yoldaşıyam”.

Qeyd edək ki, çölün düzü, qışın soyuğu, yayın istisi bu insanlara heç təsir etmir. Onlara “halal olsun” deyib onlardan ayrıldıq.

Esmira Hidayətova, Mingəçevir