Ya qiyməti qaldırırlar, ya da…

745

Gündəlik tələbatlarımızı qarşılamaq məqsədi ilə hər gün az da olsa, bazarlıq edirik. Bəzilərimiz supermarketlərdən, bəzilərimiz də ənənəvi olaraq bazarlardan. Meyvə-tərəvəz almaq üçün əsasən yarmarkalara, bazarlara üz tuturuq. Bazara yollananlar arasında satıcılar tərəfindən aldadılanlar da az deyil. Məhz buna görə də bu gün bazarlara gedənlərin bəziləri özləri ilə əl tərəzisi aparırlar.

Son vaxtlar ölkəmizdə baş verən devalvasiyadan sonra qiyməti dəyişməyib tərəzidə aldadanlar, istehsal etdiyi məhsulun çəkisini azaldanlar yenidən aktivləşiblər.

Məsələn, eyni bazarda məhsulu digərlərindən daha ucuz qiymətə satan bir satıcıya rast gəlirik. Çoxları kimi, bizim də diqqətimizi çəkir. Ancaq məlum olur ki, tərəziyə müdaxilə edən “çoxbilmiş” satıcı çəkisi az olan məhsulu ucuz qiymətə sataraq, alıcıları aldadır. Qeyd etdiyimiz kimi, belə hallar daha çox bazarlarda baş verir. Görəsən, bazar rəhbərlərinin bütün bunlardan xəbərləri varmı? Varsa, onların bu məsələdə marağı və məsuliyyəti nədir? Bazar rəhbərləri satıcıların bu fırıldağına, istehlakçıların aldadılmasına niyə göz yumurlar?

Bəli, tərəzidə, ölçüdə ədalətli olmaq, çox qazanc məqsədilə insanları aldatmamaq lazımdır. Dinimizdə də ticarət halal buyurulub və bəyənilir, ancaq onun da şərtləri var. Gərək əliniz və nəfsiniz təmiz olsun. Bəs bazarlarımızda tərəzilərə hansı orqan nəzarət edir?

“Öz tərəzimlə çəkdiyim təqdirdə, qiymətin fərqli olacağını dedi”

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a müsahibə verən İlqar İsmayılov (ad, soyad şərtidir) başına gələn bir hadisəni danışdı: “Bir necə ay bundan əvvəl Bakının məşhur bazarlarından olan “8-ci kilometr”də bazarlıq edirdim. Bir yerdə pomidorun qiymətinin digərlərindən daha ucuz olduğunu gördum. Yaxınlaşdım satıcıya və 3 kiloqram pomidor çəkməsini xahiş etdim. Satıcıların tərəzidə aldatdıqlarını bildiyim üçün bazarlığa gedərkən çox vaxt özümlə əl tərəzisi aparıram. Pomidoru əlimə aldıqda çəkisinin az olmasından şübhələndim və öz tərəzimlə çəkmək istədim. Bu zaman satıcı öz tərəzimlə çəkəcəyim təqdirdə, pomidoru mənə fərqli qiymətə satacağını dedi. Bundan sonra satıcıların vətəndaşları aldatdığına bir daha əmin oldum”.

“Sahibkarlar öz ölçmə cihazlarını laboratoriyalara təqdim etməlidir”

Mövzu ilə bağlı suallarımıza cavab almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq. F. Talıblı: “Azərbaycanda sahibkarlar üçün münbit şərait yaradılıb. Sahibkarlara rahat, keyfiyyətli və düzgün işləmələri üçün yaradılan bu şəraitdən dövlət müsbət irəliləyiş gözləyir. Bu məqsədlə sahibkarlıq sahəsində yoxlamaların iki il müddətində dayandırılması ilə bağlı Azərbaycan Republikasının sənədi qüvvəyə minib. Belə bir şəraitdə hər hansı bir sahibkarın obyektində istehlakçıları aldatma faktı aşkar edilərsə, məsələn, tərəziləri dəqiqləşdirilmədən, yəni dəqiqliyini təsdiq edən sənəd olmadan fəaliyyət göstərərsə, bununla bağlı sahibkar məsuliyyət daşıyır və ona qarşı ciddi tədbirlər görülür. Bu cür süni, sui-istifadə hallarına yol vermək olmaz. Bu sahibkarlıq subyekti tərəfindən də vicdansızlıq kimi qəbul edilə bilər. Qeyd etdiyim kimi, qanunauyğun olaraq, yaxın 2 il ərzində yoxlamalar aparılmayacaq. Yoxlamalar yalnız şikayətlər əsasında aparılır. Ancaq hər bir sahibkarın borcudur ki, qanunun tələbinə uyğun olaraq, öz tərəzisini ildə iki dəfə müvafiq akkreditasiya olunmuş laboratoriyalarda yoxlatsın. Şəhərin bir çox yerində komitəmizin akkreditasiya etdiyi labaratoriyalar var. Burada ölçmə vasitələrinin yoxlanılması həyata keçirilir. Hər bir sahibkar Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında “ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanun”a əsasən, öz ölçmə cihazlarını, tərəzilərini vaxtlı-vaxtında həmin o akkreditasiya edilmiş laboratoriyalara təqdim etməlidir. Hər bir sahibkar öz tərəzisini laboratoriyalarda yoxlatmağa məcburdur. Daha sonra onun dəqiqliyini təmin edən şəhadətnamə almalıdır ki, sabah istehlakçı da hər hansı qeyri-dəqiq fikir bildirəndə şəhadətnaməni ona göstərə bilsin. İstehlakçı tərəzinin düzgün işləmədiyindən şübhələnərsə, sahibkardan tərəzinin şəhadətnaməsini tələb etməlidir. Sahibkar şəhadatnəməni göstərirsə, deməli, hər şey qaydasındadır. Əgər şəhadətnamə verə bilmirsə, deməli, ya tərəzi yoxlamadan keçməyib, ya tərəzinin nasazlığı var, ya da satıcı özü tərəziyə əl qatıb”.

Şəraitdən sui-istifadə edənlər…

“Yoxlamaların dayandırılması o demək deyil ki, hər bir sahibkar öz istədiyi, öz qanunları ilə hərəkət edəcək” deyən F. Talıblı əlavə etdi ki, bu işlərə dövlət nəzarət edir, müəyyən monitorinqlər aparılır. Əgər istehlakçı supermarketdə və ya bazarda tərəzidə aldatma faktının olduğundan şübhələnirsə, komitəmizin 963 nömrəli “qaynar xətti”nə zəng edib, şikayət edə bilər. Muraciət oldunduğu halda, həmin sahibkar haqqında araşdırma aparılacaq, şikayət təsdiqini taparsa, sahibkara müvafiq sanksiyalar tətbiq ediləcək və cəza tədbirləri görüləcək. Bu, qanunun tələbidir. Məsuliyyətdən qaçmaq olmaz. Sahibkar heç bir halda istehlakçı hüquqlarını poza bilməz. Ancaq təəssüflər olsun ki, son vaxtlar bu kimi hallarla bağlı “qaynar xətt”imizə şikayətlərin sayı artıb. Bu da onu göstərir ki, bu gün sahibkarlar ölkə rəhbərliyinin onlar üçün yaratdığı münbit şəraitdən sui-istifadə edirlər”.

Nərmin Haqverdiyeva