“Y” əməliyyatı, yaxud yeni macəra

653

İstəyirdim, bu barədə danışmayım. Çünki alim-filan deyiləm. İstəmirdim ki, kimlərsə məni savadsızlıqda ittiham etsin. Ancaq “qoy kim nə deyir desin”, deyərək bu mövzuya girişməkdən vaz keçmədim. Odur ki, məni az-çox tanıyanlardan iltimasım budur ki, alimlərlə kəllə-kəlləyə gəlməyimə, daha doğrusu, onların sözünün üstünə söz qoymağa cəsarət etdiyimə görə məni bağışlasınlar.

Bəli, indi bizim bəzi alimlər deyirlər ki, dilimiz tələffüz etibarı ilə daha da asanlaşmağa gedir, amma yazımız hələ də keçmiş qaydalara əsaslanır. Odur ki, bu sahədə islahatlara ciddi ehtiyac var. Bəs dilimizdəki sözlərdə işlənən qoşa “y” hərfinin ixtisarı vacibdir. Özləri də bu ixtisarı belə əsaslandırırlar: heç kim “mədəniyyət”, “ədəbiyyat”, “səhiyyə” sözlərini tələffüz edərkən “y” hərfini uzatmır. Tələffüzdə bu sözlər bir “y” ilə deyilir. Yəni məqsəd bu tıpli sözlərin yazılışını tələffüzlə eyniləşdirməkdir. Bir də, cənab alimlərimiz bu məsələdə ona görə israrlı görünürlər ki, dediklərinə görə, qoşa yazılan iki “y” səsindən birinin atılması sözün mənasını dəyişmir. Yəni hərf sözü sözdən fərqləndirməlidir. Fərqləndirmirsə, deməli, artıq şeydir.

Əla, elə isə, cənab alimlər, bəs dilimizdəki “qəyyum”, “səciyyə” sözləri necə olsun? Yaxud sabiq əməkdaşımız, Şəki sakini Murad Nəbibəylinin sözü olmasın, yaxşı, hayindi siz maa diyin görüm, biz daa “əyyam”ı “əyam”, “Xəyyam”ı “Xəyam” yazmaliyox? “Səyyar”ı da “səyar”, “təyyar”əni də “təyar”ə? Vallah, bunlar heç də yaxşı görünmür axı?

Cənab alimlər, deyirəm, madam ki, bu işə əl bulaşdırmaq fikrinə düşmüsünüz elə isə mən də sizə belə bir təklif verim. Həmin təklifim ondan ibarətdir ki, dilimizdəki qoşa “s” ilə yazılan sözlərdəki bir “s”dən vaz keçək. Məsələn “diskussiya”nı “diskusiya”, “dissertasiya”nı “disertasiya” kimi yazaq. Sizin yürütdüyünüz məntiqlə çıxış etsək, onlardan birini onsuz da tələffüz etmirik. Yeri gəlmişkən, digər qoşa saitli, yaxud samitli sözləri də nəzərdən keçirmək pis olmaz.

Şəxsən mənim fikrimcə, sabah da hansı alimimiz deyəcək ki, neçə illərdir müşahidələr aparmışam və belə qərara gəlmişəm ki, artıq heç yerdə “təmir” sözü işlədilmir, onun əvəzinə hamı “remont” kəlməsindən istifadə edir, odur ki, gəlin, orfoqrafiya lüğətimizdən həmin “təmir” sözünü çıxarıb, onun yerinə “remont” yazaq…

Mənim fikrimcə, belə addımlar dildə növbəti problem yaratmaqdan başqa bir şey deyil. Halbuki bu gün dilimizin həllini gözləyən elə vacib problemləri var ki, bəzi alimlərimiz onları, sadəcə, dilə gətirməklə işlərini bitmiş hesab edirlər. Lakin nədənsə ənənələri dağıtmaqda, daha doğrusu, oturuşmuş qaydalara əl gəzdirməkdə israrlı görünürlər. Görünür, bizim üçün dağıtmaq qurub-yaratmaqdan daha asandır. Bir də, belə şeylər, mənim fikrimcə, binalara penoplastdan üzlük çəkmək kimi bir şeydir. Yəni bu, kosmetik dəyişiklikdən başqa bir şey deyil. Onların da nə vaxtsa “alovlanacağı” qaçılmazdır.

Bu yerdə bir neçə il öncə yenidənqurmaya məruz qalmış apostrof yadıma düşdü. Vallah, o biçarənin günahını hələ də mən anlaya bilmirəm ki, bilmirəm. Axı bəyənmədiyiniz o apostrof ərəb dilindən dilimizə keçmiş sözlərin tələffüzündə mühüm rol oynayırdı. Axı həmin apostrof bu gün də ingilis dilində və digər dillərdə işlədilir. Biz isə onu didərgin saldıq. Nəticədə onun didərginliyi, təhsil üzrə ekspert Nazim Əkbərov demişkən, elə bir pozuq tələffüz qoydu ki, bu gün böyüməkdə olan nəsil bir zamanlar apostrofla tələffüz olunan sözləri yanlış tələffüz edir, belə hallarda isə sözün, cümlənin mənası anlaşılmır, bəzən ifadə etdiyi məna itir, bəzən də bambaşqa mənalar kəsb edir. Heç şübhəsiz ki, iki “y” da bu kimi problemlər yaradacaq. Elə isə belə bir addım atmağın bir əhəmiyyəti varmı?

Qvami Məhəbbətoğlu