“Yəqin belə müqayisə aparmazdın”

455
Yenə qonşular başladılar oyuna.
 Dedim, düşüm baxım, bu gün zər kimin üzünü güldürəcək. Yeni qonşumuz Ələddin bəy Həsən kişi ilə oynayırdı. O biriləri isə dövrə vurub diqqətlə oyunu izləyirdilər. Ələddin bəyin oyunu ələ almasını məhəllə sakinləri nədənsə həzm edə bilmirdilər. Bu, onların baxışlarından, həm də atmacalarından açıq-aydın özünü büruzə verirdi. Kəramətin məhəllənin ən yaşlı sakininə – Qüdrət kişiyə: “Qoca kişisən, bu soyuqda nə var kəsdirmisən buranı, get evində dincəl”, – deməsi ilə atmacaların istiqaməti birdən-birə dəyişdi. Qüdrət kişi Kəraməti tərs-tərs süzərək dilləndi:- Ay Kəramət, vallah, həyət evdən istidir. İstəyirsən inan, istəmirsən inanma, evdə uşaqlar palto ilə oturub-dururlar. Yuxarılar da deyir ki, bəs binalara istilik noyabrın 15-dən tez verilməyəcək.

– Deyiblərsə, yəqin elə də olar… Bir-iki gün də döz…

– Vallah, mən inanmıram, bizimkilərin operativliyinə. Bir yandan da bir neçə gün öncə yağan yağış Bakının heç də qışa hazır olmadığını üzə çıxardı. Rəsmilər isə adətləri üzrə ya vəziyyətin əla olduğunu deyirlər, ya da üzə çıxan problemlərə görə vətəndaşların özlərini günahlandırırlar.

– Qonşu, mən gördüm belə şeylərlə üzləşirəm, “otopleniye”ləri göndərdim arxivə, kombi çəkdirdim.

Bu sözləri Nurəddin kişi dedi. Qüdrət kişi avtomat kimi açıldı.

– Axı hər adamın buna imkanı yoxdur, ay qonşu…

Bu dəfə qonşulardan kimsə dillənmədi. Sükutu Ələddin bəyin: “Hə, zər, bir də mən istəyəni ver, verim bu kişinin dərsini” sözləri pozdu. Lakin zər onu bu dəfə, özü demişkən, “podvodit” etdi. Məhz bundan sonra Həsən kişi oyunda üstünlüyə yiyələndi və oyun gözlənilmədən onun xeyrinə nəticələndi… Pərt halda yerindən qalxan Ələddin bəyin yerini Kəramət “mən yenə qayıtdım” mahnısını zümzümə edə-edə tutanda Qüdrət kişi dilləndi:

– Qonşu, bəlkə sən də ekranlara çıxasan? Yaxşı səsin var…

Kəramət bu sözlərə bənd imiş kimi dilləndi:

– Guya indikilər məndən yaxşı oxuyurlar? Vallah, bu milləti onlardan yaxşı təmsil eləməsəm, adımı dəyişərəm. Bir də bilmirəm fikir vermisiniz, ya yox, səsləri, sənətləri olmayan müğənniciklər bəzən televiziya kanallarından ağızlarına gələni danışırlar. Kimsə də onlara “gözün üstə qaşın var” demir. Üstəlik, belələri elə reklam olunurlar ki…

– Rəhmətliyin nəvəsi, indi kim reklam olunmur ki?.. Elə götürək tikinti şirkətlərini… Sən demə, onların “bəh-bəh”lərinin altında dələduzluq, fırıldaq gizlənibmiş. Yəni bu şirkətlər vətəndaşları aldadaraq onlardan qabaqcadan pul yığsa da, həmin şəxslər üçün mənzil tikmirlər. Bəzən də bir mənzilin 3-4 namizədi çıxır. Doğrudur, indi onlardan bəzilərinin sorağı məhkəmələrdən gəlir. Amma unutmayaq ki, nə olursa elə vətəndaşlara olur. Bu mənada həmin şirkətlər ev tikmək yox, vətəndaşların evini yıxmaqla məşğuldurlar.

Söhbətin uzandığını görən Həsən kişi: “Vallah, belə şeyləri görəndə, eşidəndə hansısa bir filmə baxdığımı zənn edirəm”, – deyib zərləri atdı. “Səbir” düşdü. Bu dəfə Həsən kişinin üzü gülmədi. Onu bu sıxıntıdan Qüdrət kişi öz “müdrikliyi” ilə çıxarmağa çalışdı:

– Həsən kişi, son illər bir babat filmimiz çəkilsəydi, yəqin belə müqayisə aparmazdın.

Sözdən söz düzəltməkdə ad çıxarmış Kəramət bu dəfə də adətinə xilaf çıxmadı:

– Mən deyərdim ki, babat futbolumuz olsaydı, Qüdrət kişini birtəhər ovutmaq olardı.

Qüdrət kişi onun bu sözlərinə:

– Amma nə yazıq ki, kinomuz dünya sənət aləmi ilə müqayisədə hansı vəziyyətdədirsə, futbolumuz da elə o vəziyyətdədir, – deyə reaksiya verdi.

Hamı bir ağızdan səsləndi:

– Allah özü köməyimizə çatsın.

Həsən kişi: “Onsuz da bizim hər işimiz Allaha qalıb”,- deyərək səsləndi:

– Kəramət, zərləri at da…

Bu dəfə Kəramət zərlərə deyil, üzünü göyə tutub dilləndi:

– Allahım, məni pərt eləmə…

“Şeş qoşa”ya sevinən Kəramət yenə bir mahnının bir misrasını zümzümə edərək Ələddin bəyə üzünü tutub dilləndi:

– Qonşu, bir də zərdən heç nə diləmə… Nə diləyin varsa, Allahdan dilə… Bax mənim kimi…

Qvami Məhəbbətoğlu