Yəmən ikinci İraq və Suriyaya çevrilir

751
Son günlər Yəmən ətrafında hadisələrin gərginləşməsi və bu müstəvidə də İran tərəfindən dəstəklənən silahlı husilərin ölkədəki rejimi devirmək üçün geniş miqyaslı əməliyyatlara başlaması regionda olduqca təhlükəli vəziyyət əmələ gətirib.
Husilər faktiki olaraq ölkəyə nəzarəti ələ almış durumdadırlar. Yəmən Prezidentinin ölkəni tərk edərək qaçması isə, öz növbəsində, bölgədə marağı olan ərəb dövlətlərini, o cümlədən Səudiyyə Ərəbistanını, Misiri, İordaniyanı və Türkiyəni hərəkətə gətirib.

Buna səbəb isə Yəməndə baş verənlərin arxasında İranın dayanması və Tehranın şiə kartını işə salaraq bölgəni tədricən öz təsiri altına almağa başlamasıdır. 2003-cü ildə ABŞ-ın İraqı işğal edərək Səddam Hüseyni devirərək hakimiyyətə iranmeyilli şiələri gətirməsindən sonra bu qədim mədəniyyət və sivilizasiya ölkəsi Qərbin əli ilə qan gölünə döndərildi. ABŞ və bəzi Qərb ölkələri tərəfindən İraqda körüklənən məzhəb savaşı isə bu gün də dayanmaq bilmir. Bu baxımdan İraqda baş verənlərin fərqli formada Yəmənə sıçraması, husilərin ölkədə hakimiyyətdə olan sünni rejimini devirmək üçün hərəkətə keçməsi və qısa müddətdə adı çəkilən ölkənin böyük hissəsində nəzarəti ələ alması qonşu ölkələri narahat etməyə bilməzdi. Yəməndə vəziyyətə nəzarət etmək üçün Səudiyyə Ərəbistanının başçılığı altında  Misir, Mərakeş, İordaniya, Sudan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən ibarət koalisiya yaradılıb. Koalisiyanın Türkiyə, o cümlədən ABŞ tərəfindən dəstəklənməsi də bölgədə vəziyyətin təhlükəli həddə çatdığını bir daha nümayiş etdirməkdədir. Hələlik, koalisiyaya daxil olan güclər Yəməndəki husilərin mövqelərinə yalnız hava zərbələri endirməkdədirlər. Buna paralel olaraq, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə 150 min nəfərlik qoşun yığıb. Necə deyərlər, koalisiya güclərinin hər an Yəmənə qarşı qurudan hərbi əməliyyatlara başlaya biləcəyi istisna edilmir. Bölgədə yaranan təhlükəli vəziyyətlə bağlı Ərəb Ölkələri Liqasının Qahirədə keçirilən son toplantısında  Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud  Yəməndə hərbi əməliyyatların son məqsədə nail olana kimi davam etdiriləcəyini  bəyan edib.

İran-Səudiyyə qarşıdurması

Səudiyyə Ərəbistanının Yəməndə baş verən son hadisələrlə bağlı bu ölkəyə qarşı koalisiya yaratması və husi mövqelərinə havadan bomba zərbələri endirməsi, öz növbəsində, İran tərəfindən etirazlarla qarşılanıb. İran rəsmi şəkildə Səudiyyə Ərəbistanını Yəmənə müdaxilədən vaz keçməyə çağırıb. Tehran Yəmənə xaricdən müdaxilə ediləcəyi təqdirdə, bunun bütün məsuliyyətinin qarşı tərəfin üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. İranın Yəmənin daxili işlərinə müdaxilə etməsi əslində hələ ABŞ İraqdan qoşunlarını çıxarandan dərhal sonra başladı. Həmin dövrdə İran Yəmən daxilindəki bəzi hökumət əleyhdarı güclərin müxtəlif yollarla hakimiyyətə qarşı çıxışlarını təşkil etməyə və onlara maliyyə və hərbi dəstək verməyə başladı. İranın Yəmənin daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə olduğunu və bu ölkəni öz təsiri altına salmaq üçün müxtəlif cəhdlərə əl atdığını Yaxın Şərqin məzhəb savaşı meydanına çevrilməsində xüsusi xidmətləri olan general Qasım Süleymaninin açıqlamaları da sübut edir. Hələ 2014-cü ilin fevral ayının 16-da “Sarallah diviziyası”nın qarşısında çıxış edən Qasım Süleymani bölgədə məzhəb savaşının körüklənməsində fəal iştirak etdiyini dolayısilə etiraf etmişdi. İranlı general : “Şiəlik indiki qədər öz siyasi iradəsini tam şəkildə ortaya qoymaq üçün əlverişli imkan əldə etməyib. Biz bu imkanlardan maksimum yararlanmalıyıq”,-deyib.

Daha sonra general qeyd edib ki, 3 ölkə – İran, İraq və Ərəbistan dünyanın ən zəngin neft ehtiyatlarına malikdirlər: “Ərəbistan birinci, İran ikinci, İraq isə dünyanın üçüncü böyük neft ölkəsidir. Dünyanın neft ehtiyatlarının təqribən 70 və ya 80 faizi şiə sakinli məntəqələrdədir. İraq nefti Bəsrə-Bağdad dəhlizində, Ərəbistan neftinin 80%-i şiə sakinli Dəmam, Qətif məntəqələrində yerləşir. İran isə aydındır”.

General Qasım Süleymani bununla da İranın bölgədəki şiələri dəstəkləyərək onların yaşadıqları ölkələrdə hakimiyyətə gəlməsi üçün ölkəsinin bütün addımları atacağını nümayiş etdirmiş oldu.

Yəməndə qanuni hökuməti devirmək üçün yaradılan silahlı dəstələrə rəhbərlik edənlərdən biri hesab edilən Dayfallah əl-Şami isə Yəmənə silahlı qoşun yeritmək istəyən Səudiyyə Ərəbistanını sərt hədələyib. Əl-Şami deyib ki, Səudiyyə Ərəbistanı quru əməliyyatlarına başlayarsa, onda Yəmən onlar üçün məzar olacaq.

Öz növbəsində, Yəmən Prezidenti Abd Rəbbu Mənsur Hadi İranı ölkəsinin  daxili işlərinə qarışmaqda,  husiləri silahlandıraraq onlara hakimiyyəti ələ keçirmələri üçün hərbi və maliyyə dəstəyi verməkdə ittiham edib.

Təbii ki, İranın məzhəb yaxınlığı amilindən istifadə edərək İraqı öz təsiri altına salmasından və Suriyada Əsədin hakimiyyətdə qalmasına nail olmasından sonra Yəmən və digər ölkələrdə də möhkəmlənməyə çalışacağı beynəlxalq aləmdə şübhə doğurmurdu. ABŞ-ın İraqı işğal etməsindən cəmisi bir il sonra, 2004-cü ildə İordaniya kralı Abdullah  xəbərdarlıq etmişdi ki, İran əhalisinin böyük əksəriyyəti sünnilərdən ibarət olan ərəb ölkələrini qövsvari şəkildə ( “Şiə hilal”ı) mühasirəyə almaq niyyətindədir və bununla bağlı Tehranda xüsusi plan hazırlanıb. Bu planı İranın müxtəlif yollarla həyata keçirməyə çalışacağını vurğulayan kral Abdullah ərəb dövlətlərini bu təhlükəyə qarşı birgə mübarizə aparmağa çağırmışdı. Lakin o vaxt kral Abdullahın bu sözləri ərəb ölkələri tərəfindən ciddi qəbul edilmədi. Yalnız 2006-cı ildə Misirin keçmiş Prezidenti Hüsnü Mübarək kral Abdullahın açıqlamasına dəstək verərək, İrandan gələn qövsvari təhlükəyə qarşı ərəb ölkələrini birləşməyə çağırdı. Hadisələrin gedişi göstərdi ki, kral Abdullah İrandan gələn təhlükə ilə bağlı həyəcan təbili çalmaqda haqlı olub.

İranın ərəb ölkələrini qövsvari şəkildə mühasirəyə almaq barədə planlara malik olduğunu ötən il general Qasım Süleymaninin açıqlaması da sübut etdi. Qasım Süleymani bununla bağlı: “Şiə hilalı”( ərəb ölkələrini qövsvari mühasirəyə almaq planı) siyasi deyil, iqtisadi platformadır. Çünki neft bizim əsas iqtisadi silahımızdır””,-demişdi.

Yenə  də burada bir məqam diqqəti cəlb edir. Belə ki, dünya neftinin 80 faizi şiələrin yaşadıqları ərazilərdə yerləşir.  Ona görə də general Qasım Süleymani neftin əsas iqtisadi silah olduğunu deyir. Amma o da aydındır ki, neft İran üçün yalnız iqtisadi deyil, həm də siyasi təsir dairəsi uğrunda bölgədə apardığı mübarizədə əsas silahlardan biridir.

 

Türkiyədən  koalisiya

güclərinə dəstək

İranın regionda məzhəb savaşını önə çıxarması ərəb ölkələri ilə bərabər, Türkiyəni də ciddi şəkildə narahat etməkdədir. Bunu Yəməndə baş verən son hadisələrə Türkiyənin sərt reaksiya verməsi də sübut etməkdədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gözlənilən səfəri ərəfəsində Tehranı qıcıqlandıran sərt açıqlama verib. O, İranı Yəmənin daxili işlərinə kobud şəkildə qarışmaqda ittiham edib. İranın  bölgədə yaranan vəziyyətdən istifadə etdiyini və regionu öz təsiri altına salmaq planlarını həyata keçirdiyini vurğulayan Türkiyə Prezidenti: “İran bölgədə hegemonluq siyasətini fəal şəkildə həyata keçirməkdədir. İran bir tərəfdən İraqa İŞİD-ə qarşı mübarizəyə dəstək verir, digər tərəfdən də, onun daxilindəki özünəmeyilli gücləri müxtəlif yollarla ələ alır”,-deyib.

Ərdoğanın Yəməndə baş verənlərə görə İranı ittiham etməsi Tehranda xoşagəlməz qarşılandı. İranın ali dairələrindəki bəzi güclər son açıqlamasına görə Ərdoğanın Tehrana səfərinin ləğv edilməsini tələb edirlər. Məsələn, İran Ali Məclisinin Beynəlxalq Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mənsur Həqiqatpur: “Ərdoğanın İrana qarşı söylədiyi  fikirlərin ardınca Tehrana səfər etməsi heç bir əhəmiyyət kəsb edə bilməz. Ona görə də bu səfər təxirə salınmalıdır”,-deyib.

Bununla belə, Ərdoğanın İrana səfərinin baş tuta bilib-bilməyəcəyini söyləmək çətindir. Ərdoğanın İrana səfəri baş tutsa belə, səfər çərçivəsində iki ölkə arasında hansısa razılıq əldə ediləcəyinə inanmaq çətindir.

Ərdoğanın bölgədə əmələ gələn vəziyyətlə əlaqədar İran əleyhinə sərt ifadələr işlətməsini də təsadüfi hesab etmək olmaz. Belə ki, Yəməndəki hadisələrin təhlükəli istiqamətdə inkişaf etməsi Türkiyəni Səudiyyə Ərəbistanı və koalisiya güclərinə dəstək verməyə məcbur edir. Çünki İranın Yəməndən sonra digər ölkələrdəki məzhəb tərəfdarlarını yerli hakimiyyətə qarşı ayağa qalxması üçün dəstəkləyəcəyi ehtimal edilir.

Yaxın Şərqdə bu gün körüklənən məzhəb savaşı əslində ingilislər tərəfindən qoyulub. Osmanlı dağılandan sonra İraq, Suriya, İordaniya və digər ərəb ölkələrini öz təsiri altına alan İngiltərə şiələrin çoxluq təşkil etdiyi ölkələrdə azlıqda olan sünniləri, sünnilərin çoxluqda olduğu  ərazilərdə isə azlıqda olan şiələri hakimiyyətə gətirməklə məzhəb savaşının əsasını qoydu. 2003-cü ildə ABŞ İraqı işğal edəndən sonra iranmeyilli məzhəb tərəfdarlarını hakimiyyətə gətirməklə bölgədə məzhəb savaşının yenidən körüklənməsinə zəmin hazırladı.  Yəməndəki son hadisələr də ingilislərin İranın və Səudiyyə Ərəbistanının əli ilə məzhəb savaşını körükləmə planının tərkib hissələrindən biri olduğu ehtimal edilir.

Husilərin hücumları davam edir

Koalisiya güclərinin Yəməndəki husi güclərinə havadan zərbələr endirməsinə baxmayaraq, onlar  uğurlu hücum əməliyyatlarını davam etdirməkdədirlər. Son məlumatlara görə, husi silahlı dəstələri ölkənin Ədən şəhəri üzərində nəzarəti, demək olar ələ alıblar. Eyni zamanda husi silahlı dəstələri Bab-əl Məndab körfəzindəki hərbi bazanı ələ keçiriblər. Bu da gələcəkdə husilərə ərəb ölkələrinin xaricə neft ixracını  təhlükə altına ala bilər. Bütün bunlar isə koalisiya güclərinin qurudan hərbi əməliyyata başlamasını zərurətə çevirib. Lakin koalisiya güclərinin quru əməliyyatlarına nə vaxt başlayacağı, hələlik, məlum deyil…

Əziz Mustafa