XXXII tur nələr vəd edir?

636

Topaz Premyer Liqasının mayın 1-də və 2-də keçiriləcək XXXII turu Azərbaycan çempionunun adına aydınlıq gətirə bilər. “Qarabağ” ardıcıl ikinci, tarixində üçüncü dəfə qızıl medalları sona 4 tur qalmış təmin etməyə yaxındır. Amma Ağdam təmsilçisi üçün bu uğuru belə tez rəsmiləşdirmək o qədər də asan olmayacaq. Qızıl medalların sahibinin müəyyənləşməsi üçün “Qarabağ” qalib gəlməli, ən yaxın izləyicisi “İnter” məğlub olmalıdır. Hər iki nəticənin qeydə alınması nəzəri cəhətdən mümkün olsa da, real görünmür.

“Qarabağ” ardıcıl 8 qələbə qazanan və 2 dəfə lideri məğlub edən “Qəbələ”nin qonağı olacaq. Ağdamlılar bu çətin səfərdən 3 xalla ayrılsa belə, “İnter”in uğursuzluq zolağında qalan “Simurq”a yenilməsinə zaqatalalıların özləri də çətin ki, inansın. “Qarabağ” qalib gəlsə, digər oyun “sülh”lə başa çatsa, ağdamlılar ən pis halda, “Qızıl oyun”a vəsiqəni təmin edəcəklər.

Amma Georgi Çixradzenin yetirmələri qələbə qazanmağa məcburdur. Çünki istənilən xal itkisi onların avrokubok xəyalının üstündən xətt çəkəcək. Belə olan halda, əyalət klubu 4-cü olmaq şansını rəsmən itirib, Avropa Liqası arzusuna “əlvida” deyəcək.

“Simurq” qalib gəlsə də, eyni taleyi yaşaya bilər. “Qəbələ” qalib gəlsə, “Neftçi” xal qazansa, zaqatalalıları qələbə də xilas etməyəcək. Bürünc mükafat uğrunda mübarizə aparan iki komandanın da heç-heçə etməsi Çixradzenin komandasını “ofsayd”da qoyacaq. Bu isə o deməkdir ki, “Neftçi”yə “dördlüy”ə düşmək üçün 1 xal qazanmaq və ya “Simurq”un 1 xal itirməsi kifayətdir. “Qəbələ” isə ya zaqatalalıların xal itirməsini gözləməli, ya qalib gəlməli, ya da özü kimi “Neftçi”nin də 1 xal əldə etməsindən yararlanmalıdır.

Çempionluq və avrokuboklardakl təmsilçilərimizin tam siyahısı ilə yanaşı, ilk 2 pillənin sahibləri də dəqiqləşə bilər. Belə ki, “Qarabağ”ın ardından “İnter” də digər komandalar üçün əlçatmaz ola bilər. Ən azı gümüş mükafatı təmin etməsi üçün “bankirlər” qalib gəlməli, “Neftçi” xal itirməli və “Qəbələ” məğlub olmalıdır. “Ağ-qaralar” qalib gələ bilməsə, əyalət klubu isə xal qazanmasa vitse-çempionluq xəyalı ilə vidalaşacaq.

Mükafatlar və avrokuboklara vəsiqələrin sahiblərinin adları ilə yanaşı, Premyer Liqanı tərk edən yeganə komanda da artıq mayın ilk iki gününə təsadüf edəcək turda müəyyənləşə bilər. AFFA-nın İcraiyyə Komitəsinin son iclasının qərarına əsasən, I diviziona yalnız sonuncu pillənin sahibi yuvarlanacaq. Bu komandanın “Bakı” olması isə XXXII turda rəsmiləşə bilər. Bunun üçün paytaxtın eyniadlı təmsilçisi qalib gəlməməlidir. “Sumqayıt” “Neftçi” üzərində qələbə qazansa, bakılılar “Xəzər Lənkəran”la matçda xal itirsə, onda İbrahim Uzuncanın yetirmələri aşağı dəstəyə yuvarlanacaq. Sumqayıtlılar heç-heçə ilə də yerini elitada təmin edə bilər. Bunun üçün autsayder yenə uduzmalıdı.

Qeyd edək ki, qarşıdakı tur mövsümün finişini bütövlüklə formallığa çevirə bilməyəcək. Çünki çempionluğun taleyinin həll olunması ilə avrokuboklardakı bütün iştirakçıların tam siyahısının eyni vaxtda rəsmiləşməsi mümkünsüzdür. Çünki hər ikisinin rəsmiləşməsi üçün məğlubiyyəti zəruri olan komandalar (”İnter”lə “Simurq”) bir-biri, qələbəsi vacib olanlar (”Qarabağ” və “Qəbələ”) da öz aralarında görüşəcək.

Qeyd edək ki, Topaz Premyer Liqasının XXXII turunun iki oyunu (”Simurq” – “İnter” və “Neftçi” – “Sumqayıt”) mayın 1-də, digərləri isə (”Bakı” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ”) mayın 2-də keçiriləcək.