XXVIII turdan bəzi qeydlər, yaxud yadıma düşənlər

559

Aprelin 3-də keçirilmiş Topaz Premyer Liqasının XXVIII turunun oyunlarının sizin yaddaşınızda necə qalacağını deyə bilmərəm. Amma mənim yaddaşımda tam alayı cür qalacaq. Əvvəla ondan başlayaq ki, bu turun bütün oyunları aprelin 2-də cəbhə bölgəsində şəhid olmuş 12 hərbçimizin xatirəsini bir dəqiqəlik sükutla başlayıb. Təbii ki, futbol klublarımızın şəhidlərimizə belə diqqəti təqdirəlayiqdir. Həmin gün “Qarabağ”la öz meydançasında qarşılaşan “Xəzər Lənkəran”ın bu ehtiramı daha çox diqqətçəkən olub. Belə ki, bu komandanın oyunçuları meydana hərbi geyimdə çıxıblar və rəqiblə salamlaşandan sonra formaları əyinlərindən çıxarıblar. Həmin oyunda Tural Qürbətov (”Xəzər Lənkəran”) vurduğu qolu əsgər salamı, Mahir Mədətov (”Qarabağ”) isə komanda yoldaşlarını qucaqlamaqla qeyd edib. Bu kimi məqamlarla “Xəzər Lənkəran” “Qarabağ”a, bir vətənpərvərlik dərsi keçib desəm, yanılmaram. Halbuki Ağdamı təmsil edən “Qarabağ” həmin gün şəhidlərimizi daha yaddaqalan formada anmalı idi. Yeri gəlmişkən, AZAL-”Kəpəz” (3:0) oyunundan əvvəl “Kəpəz”in futbolçuları və məşqçi korpusu sükut zamanı əsgər salamı verməklə şəhidlərimizə olan ehtiramlarını daha fərqli şəkildə bəyan ediblər. Doğrudur, bu turda həm “Xəzər Lənkəran”, həm də “Kəpəz” uduzub. Lakin həmin matçlarda hər iki komanda mənim yaddaşıma qalib ki həkk olunub. Bəli, onlar vətənpərvərlik imtahanından üzüağ çıxmağı bacarıblar.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk “İnter”lə (0:0 )oyundan sonra təşkil olunan mətbuat konfransında matçla bağlı danışmaq istəməyib. O, son günlər cəbhə xəttində baş verənlərə toxunub və döyüşlərdə həlak olan şəhidlərimizə görə başsağlığı verib. Ukraynalı çalışdırıcı son olaraq: “İndi futboldan daha vacib məsələlər var. Belə bir vaxtda futboldan danışmaq çətindir”, – deməklə kifayətlənib. Və mənə elə gəlir ki, çox düz də edib. Zənnimcə, bu, şəhidlərimizə bir hörmət əlaməti kimi qiymətləndirilə bilər. Roman Qriqorçukun bu açıqlaması həm də Kərim Diniyevin və Ceyhun Cavadovun sükut anında gülümsəməsindən daha çox yadda qalan olub.

İndi də keçək “Rəvan”-”Neftçi” (1:0) matçına. Bəli, bu matçda “Rəvan” Vəli Qasımovun rəhbərlik etdiyi “Neftçi”dən daha 3 xal alıb (Və bununla da bu mövsümdə “flaqman”dan aldığı xalların sayını 7-yə çatdırıb). “Neftçi”nin “Rəvan” kimi zəif bir komanda ilə bacarmaması isə onun azarkeşlərinin səbir kasasını daşırıb və onlar “istefa” şüarları səsləndirməyə başlayıblar. Qəribə bu ki, matçdan sonra keçirilən mətbuat konfransında Vəli Qasımov: “İstefa şüarları səsləndi. Bu sizə idi, yoxsa klub rəhbərliyinə?” sualına cavablandırarkən nə desə yaxşıdır? Deyib ki, bilmirəm, mənim istefamı istəyiblər, yoxsa rəhbərliyin”. Onun bu ifadəsi “Altı qızdan biri Pəri” tamaşındakı Cəhrə arvadın bu sözlərini yadıma saldı: “Bilmirəm, cin məni vurdu, yoxsa mən cini vurdum”. Görünür, Vəli müəllim sualdan peşəkarcasına yayınmaqla öz ətrafını bada vermək istəməyib.

Bəli, fakt bu ki, “Neftçi”də Müşahidə Şurası yaranan gündən komandanın üzü gülmür. Sankı şura flaqmanın qəniminə çevrilib. Deyəsən, mən bu komanda haqqımda çox danışdım. Odur ki, yolu böyüklərə vermək istəyirəm. Böyüklər dedikdə isə mənim ağlıma ilk gələn Böyükağa Hacıyev olur. Bəli, bu kişi bəyan edib ki, sabiq komandası autsayder “Rəvan”a uduzmaqla mövsümün başa çatmasına 8 tur qalmış çempionluq şansını tamamilə itirib. “Sizin vaxtınızda belə bir hal qeydə alınsaydı, necə olardı?” sualına isə Böyükağa Hacıyev: “Özümü asardım”, – cavabını verib. Yox, mən “Neftçi”nin hazırkı rəhbərliyinin heç birindən belə kəskin cavab, yaxud addım gözləmirəm. Çünki onlar mənim aləmimdə “Neftçi”ni “asmaq”la işlərini bitmiş hesab etməklə yanaşı, sükut anında gülümsəyən Kərim Diniyev və Ceyhun Cavadov kimi gülümsəməkdədirlər.

QVAMİ MƏHƏBBƏTOĞLU