XXI əsrin “Məşədi İbad”ı

Rüstəm bəyin evi. Qonaqlar Məşədi İbadın şərəfinə məclisə yığışıblar. Qonaqlar bir-bir qalxıb Məşədi İbadın şərəfinə tost deyirlər. Növbə Həsənqulu bəyə çatır.
Həsənqulu bəy: Həzərat! Hamınıza yaxşı məlumdur ki, dünya günbəgün xarablaşır. Hamının qəlbi pozulub. Təkcə qəlbi olsa, cəhənnəm, dili də pozulub. Birinə beş-on dollar borc verirsən, görürsən getdi e!.. Zəng vurursan, telefonunu açmır, mesaj göndərirsən, cavab vermir. “Mail” atırsan, elə bir quyuya daş atırsan. Gedib evində yaxalayırsan, söz verir, and-aman eləyir, üstəlik, bir “Sən öl!” də vurur ki, səhər gətirirəm, baxırsan yenə atdı. Demə, adam atanşik imiş! Bir də bu atanşiklərə inananlar var…

Məşədi İbad (kənara): Ələlxüsus mənim kimi axmağı ki, dolların qiymətinin qalxdığı bir zamanda sənə iki yüz dollar vermişəm, iki ildir ala bilmirəm. Adam lazımdır, qoysun məni qabağına, ağı desin, ağlasın.

Həsənqulu bəy: Yəni mən onu demək istəyirəm ki, bu qədər qarışıq dövrdə, bu qədər atanşiklər içərisində bir nəfər safdil adam görmək çox böyük xoşbəxtlikdir. Mən Rüstəm bəyi təbrik edirəm ki, bu qədər atanşik adamların arasında Məşədi kimi bir hərif… bağışlayın, dilim sürüşdü, “arif” demək istədim, Rüstəm bəyə afərin ki, Məşədi kimi arif adamı tapıb, qızını ona vermişdir.

Qonaqlardan biri o birinin qulağına: Məşədi İbada yox, onun puluna!

Həsənqulu bəy: Odur ki, Məşədinin sağlığına!..

Məşədi İbad (hirslə yerində qurcalanır): Heyvan oğlunun danışığına bax ha! Bir dəli şeytan deyir, yıx bunu yerə, başmaq tayıynan vur ağzına-ağzına!

Qoçu Əsgər ayağa qalxır.

Qoçu Əsgər: Alə, qaqaşlar! Günlərin bir günü, axşam saat 8-də bazardan evə gəlib oturmuşam “Face”də, gəzirəm özümçün. Bir də gördüm birisi məni “tag” eləyir. Alə, srazu keçdim “Twitter”ə. Gördüm burada da qarabaqara dalımca gəzir, “Like” eləyir, “Tag” eləyir. Dedim, mənim belə “friend”im yoxdur, yəqin “xaker”lərdəndir. Keçdim “İnstagram”a!… Gördüm alə, hərif burada da məndən əl çəkmir. Barmağımı basdım klaviyə, part, bir “Share!,” al, gəldi, ikinci “Share!” Alə durmadım e! Eləmədim tənbəllik, keçdim yenə “Face”yə, buna bir “like,” o birinə bir “tag!” Gördüm hərif “Tık!” düşdü.

Dedim baxım, görüm kimdir bu? Girdim bunun “profile”inə. Bir də baxam, görəm kim? Alə kim? Haman bizim bu Məşədi İbad. Dedim alə, yəqin kişini “delate” eləmişəm. Yaxşı ki, barmağım tuşdan yan keçib, “delate” eləyənməmişəm… Alə Məşədi, sənin saytına!

Hamı: Yaşasın Məşədi İbad!

Məşədi İbad: Heç görün dəxli var?

Həsən bəy (ayağa qalxır): Bəylər! Vot!.. Mən demax istiyerm ki… kak qovoryat, u nas v Azerbayjane deyirler: Su axar, hamı ona baxar.

Rza bəy (təəccüblə): Bu nə danışır, efəndilər? Ay intiligent, isminizi de bimiyorum, elə deyil e! “Su axar, çuxurun tapar.” Anlata bildimmi?

Üzünü məclisə tutur.

Qoçu Əsgər: Alə, Rüstəm bəy, bu bisavadı haradan tapıb gətirmisiz alə? Alə, sənin adın nədir?

Həsən bəy (qorxaraq): Asker bəy, znaete, manim adı Qasan. Qasan.

Qoçu Əsgər: Yox bir Qazan! Alə, ay bədbəxt, sənin adından başqa, müsəlmanca heç nəyin yoxdur ki! Onu da düz tələffüz edə bilmirsən . Qasan yox e, Həsən, Həsən! Sənə azərbaycanlı deyənin kül başına! Alə bular milləti nə günə saldılar alə!.. Alə, nə yedin bu günə düşdün? Sən öl, bizim qonşu alkaş Timofey, sənnən yaxşı danışır, mən ölüm!

Məşədi İbad (Əlindəki armudu stəkanın dibində qalan çayı başına şəkib yerinə qoyur): Ay Əsgər, ay Əsgər bəy! Əşi nə düşmüsən o yazığın üstünə? Neynəsin o külbaş? Get anasından-atasından soruş, nə eləyibsə, onlar eləyib…

Həsən bəy (qorxaraq): Da, da, toçno! No mən siza söz verirəm, galan dafa man çosto azerbaydjanski qovorit budu. Vot, uvidite!

Məşədi İbad: Burada deyiblər e… “Kül başuva, Hitler! Gör üstünə kimlər gəlir – Həsən bəy, Həsənqulu bəy, Qoçu Əsgər! Üçü birinə dəyməz, biri də heç nəyə!

Qoçu Əsgər (ayağa qalxır): Alə, daha bəsdir, gecdir, yoxsa indicə bir şuluq salacağam, qalxın, gedək!

Qonaqlar qalxır, bir-bir gəlib Məşədi ilə, Rüstəm bəylə görüşürlər.

Həsənqulu bəy: Məşədi İbad, xudahafiz!

Məşədi İbad: Rədd ol, atanşik! Mənə “hərif” dediyin bəs deyil, bir də gəlib əl uzadırsan? Hərif sənsən, sənin atondur!

Həsənqulu bəy: Necə, necə? Məni təhqir edirsən? Mənə, atama hərif deyirsən?Burada ara qarışır, dəftər itir.

Sonrası sizə məlumdur. Nazim  Əkbərov