XX əsrin sonunda Malıbəyli və Quşçular faciəsi

0
204

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi – Malıbəyli və Quşçular faciəsi

Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. 1988-ci il fevralın 8-də ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov 28 il əvvəl Şuşanın Malıbəyli və Quşçular kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına münasibət bildirərkən deyib.

Elçin Əhmədov bildirib ki, SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ regionunda hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən 1991-ci ilin sonunadək Azərbaycanın Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 kütləvi artilleriya atəşi açmış, nəticədə 411 nəfər öldürülmüşdür. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində edilmişdi. Halbuki adıçəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu cinayətlər Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi.

1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avto¬buslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.

Bununla yanaşı, 1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 350 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq qovuldu. Ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirildi. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi.

Qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 1988-1991-ci illərdə, yəni, hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmadı. Əksinə, İttifaqın müəyyən dairələri tərəfindən himayə edilən ermənilər Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər həlak olmuş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Malıbəyli və Quşçular kəndlərinin işğalı Xocalı soyqırımına gedən yolun başlanğıcı idi

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı, Mİ-8 vertolyot şəhərə çatmamış, yəni, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladılmış, nəticədə vertolyotda olan 3 nəfər heyət üzvü və 41 sərnişin faciəli şəkildə həlak olmuşlar.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşa¬yan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1992-ci il yanvarın 10-da Xocavənd rayonunun Axullu kəndi də erməni silahlı birləşmələri tərəfindən zəbt olundu.

Qarabağın ən iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam-Şuşa avtomobil yolundan 2 kilometr aralıda yerləşirdi. Bu qədim kəndlər Qarabağın ən qədim ərazilərindən idi.

İşğal ərəfəsində kəndin 4 min nəfərə yaxın əhalisi var idi. Kənddə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, kinoqurğu, məişət evi, poçt-rabitə şöbəsi, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar var idi. XX əsrin əvvəllərində – 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırmış, kəndin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövrünün yadigarı olan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisi də var idi.

Quşçular kəndi isə Şuşa rayonundan 16 kilometr şimal-şərqdə, Qarabağ silsiləsində, dağətəyi ərazidə, Quşçular çayı sahilində yerləşir. Quşçular oykonimi Qarabağda yaşamış türkdilli quşçu tayfalarının adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Aşağı və Yuxarı Quşçular yaşayış məntəqələri Xocalıya gedən yolda ermənilər üçün keçilməz bir sədd idi. Odur ki, erməni terrorçuları Xocalını işğal etmək üçün, ilk növbədə, Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər.

1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Odur ki, Malıbəyli əhalisi Abdal və Gülablı kəndləri istiqamətində 16 kilometr yolu keçib Ağdama tərəf gəlməyə məcbur oldu.

Üç minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiə edirdi. Ancaq düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüş, Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutaraq əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdü. Bu səbəbdən, həmin gün Malıbəyli və Quşçular əhalisindən 8 nəfər şəhid oldu, 3 nəfər girov götürüldü, 20 nəfər ağır yaralanaraq bədən xəsarətləri aldı. 1992-ci il fevralın 11-də Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin əhalisi çox çətinliklə Ağdamın Abdal və Gülablı kəndlərinə çatdılar.

1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə zəbt olundu. Hücum zamanı 30-dək çox azərbaycanlı öldürülmüş, 100-dən çoxu yaralanmış və ya əsir götürülmüşdü. Bu qanlı hadisələr keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Xankəndinin yaxınlığında yerləşən və düşmənə sipər olan bu iki kəndin sakinləri 1988-1992-ci illərdə erməni təcavüzünə qarşı mərdliklə mübarizə aparmışlar. Qeyd etmək vacibdir ki, yaxın tariximizin Malıbəyli və Quşçular faciəsi Xocalı soyqırımına gedən yolun başlanğıcı idi.

Hazırda təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın deyil, eləcə də digər ərazilərimizin işğal altında olması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir.