XX əsrin ən yaxşı bombardiri – Ferents Puşkaş

0
655

Onun adı bir vaxtlar dünya futbolunun gündəmindən düşmürdü. Haqqında dünyanın məşhur idman nəşrlərində demək olar hər gün yazılar verilirdi. Bu da təsadüfi deyildi. Ötən əsrin 50-ci illərində Puşkaşın meydanda nümayiş etdirdyi olduqca yüksək oyun nəticəsində futbol ölkəsi kimi tanınmayan Macarıstan dünyanın ən güclü futbol komandalarından birinə çevrilmişdi. Məhz Puşkaşın sayəsində həmin dövrdə Macarıstan özünə belə demək mümkünsə rəqib tanımır, qarşılaşdığı komandaları məğlubiyyətə uğradırdı. Təsadüfi deyil ki, hələ sağığında ikən Ferents Puşkaş Macarıstanın bütün dövrləri üçün ən yaxşı futbolçusu elan edilmişdi. FİFA isə bu məşhur futbolçunun adına “Ən gözəl qol” mükafatı təsis edib. Puşkaşın dünya futbolu tarixində ən məşhur futbolçulardan biri olduğunu onun FİFA tərəfindən XX əsrin ən yaxşı bombardiri elan edilməsi də sübut etməkdədir. Macarıstanın və İspaniyanın 5 qat çempionu, Avropa Çempionlar kubokunun isə 3 at qalibi olan Ferents Puşkaş həm də Macarıstan yığması ilə birgə Olimpiya çempionu fəxri titulunu qazanıb, 1954-cü ildə keçirilən dünya çempionatının gümüş mükafatını alıb. O bu günə kimi qapılara vurulan ən gözəl qolun sahibidir.

Amma bu məşhur futbolçu özünəməxsus ziddiyyətli bir tale yaşayıb və ömrünün 25 ilinə yaxınını xaricdə doğma vətəndən uzaqlarda yaşamağa, futbol üzrə İspaniya yığmasının şərəfini qorumağa məcbur olub. Macarıstan və İspaniya yığmalarının heyətində 89 oyunda meydana çıxan Ferents Puşkaş rəqib qapılarından 84 top keçirib. Macarıstan və İspaniya çempionatlarında 534 oyunda meydana çıxan XX əsrin futbol əfsanələrindən biri olan Puşkaş 512 dəfə rəqib torunu silkələyib. Belə bir məhsuldarlığa nail olmaq isə hər futbolçuya nəsib olan səadət deyil.

Zirvəyə yolu “Kişpeşt”dən başladı

Ferents Puşkaş 1927-ci ildə Budapeştin Kişpeşt rayonunda anadan olub. Atası oğlunu Ferents adlandırdı. O vaxt bu ailə yaxınları arasında Purçeld soy adı ilə tanınırdı. Ferentsin 11 yaşı olanda atası ailənin soyadını dəyişdirərək Purçeld əvəzinə Puşkaşı seçdi. Həmin dövrdə Puşkaşın atası “Kişpeşt” komandasında oynayırdı və oğlunda da futbola böyük məhəbbət oyada bilmişdi. Ferentsin atası “Kişpeşt”in ortabab oyunçularından hesab edilirdi. O oğlunu “Kişpeşt”in uşaq futbol məktəbinə düzəltdi. Sonra isə Ferentsin atası “Kişpeşt”in baş məşqçisi təyin edildi. Atası ilə müqayisədə qısa müddətdə futbol meydanında olduqca gözəl oyunu ilə diqqəti cəlb edən Ferents 16 yaşında ikən ona doğma olan bu komandanın əsas heyətində çıxış etməyə başladı. Sol ayağı ilə qapıya güclü zərbələr endirən Ferents həmin dövrdə çoxlu sayda qollar vuraraq ölkə yığmasının məşqçilərinin diqqətini özünə cəlb edə bilmişdi. 1945-ci ildə Puşkaş 18 yaşında ikən Macarıstan yığmasının heyətində Avstriya ilə keçirilən yoldaşlıq oyununda meydana çıxdı. Puşkaşın gözəl oyunu o dövrdə “Yuventus” klubu rəhbərliyinin də diqqətini özünə cəlb etmişdi. Turin komandası Puşkaşın transferi üçün Macarıstanın müvafiq qurumlarına müraciət etsə də sosializm qurmağa başlayan ölkə tərəfindən onların bu təklifi rədd edildi. 1948-ci ildə “Kişpeşt” komandasının əsasında bu macarların əcdadları olan hunların şərəfinə ”Honved” ( Hunved-huna məxsus) futbol klubu yaradıldı. Ordu klubu olan bu klubda Puşkaş yenə də vurduğu biri-birindən gözəl qollarla dünya futbolunun ulduğu kimi məşhurlaşmağa başladı. 1952-ci ildə Puşkaş Macarıstanın Olimpiya yığması ilə birlikdə Olimpiya çempionu oldu.

Məğlubedilməz Macarıstan

Ötən əsrin 50-ci illərində Puşkaşın gözəl oyunu sahəsində Macarıstan yığma komandası dünyanın məğlubedilməz komandalarından birinə çevrilmişdi. Həmin dövrdə Macarıstan yığması beynəlxalq səviyyədə istənilən komandanı məğlub edirdi. Macarıstan yığması xüsusi ilə futbolun vətəni olan ingilislərin qapısına qolu yağış kimi yağdırmışdı. Belə ki, 1953-cü ildə İngiltərənin məşhur “Uembli” stadionunda keçirilən yoldaşlıq oyununda Macarıstan İngiltərə yığma komandası üzərində 6:3 hesabı ilə qələbə çalmışdı. Bu oyunda Puşkaş İngiltərə və dünya qəzetlərinin yazdığı kimi fantastik oyun nümayiş etdirərək komandasının qalib gəlməsində önəmli rol oynamışdı. 1954-cü ildə Budapeştdə keçirilən təkrar oyunda isə Macarıstan yığma komandası 7:1 hesabı ilə İngiltərə yığma komandasını darmadağın etdi. O vaxt Puşkaşla bərabər Macarıstan yığmasında məşhur qapıçı Dyula Qroşiç, hücumçulaar Şandor Koçiş, Nandor Xiderkuti də oynayırdılar. 1954-cü ildə İsveçrədə keçirilən dünya çempionatında Macarıstanın dünya çempionu titulu qazanacağı gözlənilirdi. İsveçrədə Macarıstan Almaniya Federativ Respublikası ilə bir qrupa düşmüşdü. Almaniya ilə oyunda Macarıstan rəqibləri üzərində 8:3 hesabı ilə qalib gələrək növbəti sensasiyaya əl atdı. Növbəti oyunda isə Macarıstan Koreyanın qapısından 9 top keçirdi. İki oyunda rəqib qapılarından 17 top keçirməklə Macarıstan yığması indiyə kimi rekord hesab edilən bir nəticə əldə etmişdi. Ancaq Almaniya ilə ilk oynda zədə alan Puşkaş finala kimi oynaya bilmədi. Braziliya ilə keçirilən dörddəbir final oyununda isə Macarıstan 4:2 hesabı ilə adlı-sanlı rəqibinə qalib gəldi. Amma məğlubiyyəti həzm edə bilməyən brazliliyalı oyunçular əvvəlcə meydanda, sonra da soyunub-geyinmə otağında macarların üzərinə yeriyərək onları döydülər. Nəticədə polis işə qarışmalı oldu. İkidəbir final oyununda isə Macarıstan sonuncu dünya çempionu Uruqvay üzərində 4:2 hesabı ilə qələbə qazandı. Almaniya ilə final oyununda hamı Macarıstanın qalib gələcəyini gözləyirdi. Macarıstan yığmasının heyətində zədəsini tam sağaltmamış Puşkaş da meydana çıxmışdı. O Almaniyanın qapısına vurulan ilk qolun müəllifi oldu. Oyunun 9-cu dəqiqəsində hesab artıq 2:0 Macarıstanın xeyrinə idi. Ancaq vurduğu iki qoldan arxayınlaşan Macarıstan yığması nəticədə rəqibinə 2:3 hesabı ilə məğlub oldu. Bu oyunda zədəli Puşkaş axsayırdı və o birinci hissənin ortalarından sonra demək olar oynaya bilmirdi. Lakin o vaxtkı futbol qanun-qaydalarına görə onu əvəz etməyə icazə verilmirdi. Beləliklə almanlarla final oyununda məğlub olan macarlar uzun fasilədən sonra ilk dəfə meydanı başıaşağı tərk etdilər. Bununla belə Macarıstan sonrakı illərdə də güclü heyətini qoruyub saxlaya bildi. Bu çərçivədə də macarlar 1958-ci ildə keçiriləcək dünya çempionatında qələbəyə əsas komandlardan biri hesab edilirdilər..

25 il vətəndən uzaqlarda…

1956-cı ildə macarların azadlıqları uğrunda ayağa qalxmalarına cavab olaraq SSRİ buraya əlavə hərbi qüvvələr yeridərək xalq hərəkatını qan içində boğdu. O vaxt Puşkaş “Honved” klubu ilə birlikdə xaricdə idilər. Xalq hərəkatının yatırılması və xalqa divan tuytulmasını eşidən “Honved” klubunun oyunçuları başda Puşkaş olmaqla vətənə qayıtmamaq barədə qərar qəbul etdilər. “Honved”in oyunçularının demək olar böyük hissəsi Macarıstan yığmasının əsasını təşkil edirdilər. Onların vətənə qayıtmaması isə Macarıstan yığmasının uğurlu çıxışlarının sonu demək oldu. Puşkaş bir müddət Avstriyada yaşadı. 1957-ci ildə “Honved” komandasının keçmiş məqşçilərindən biri olan və həmin dövrdə İspaniyada yaşayan Emil Osterrayxerin təklifi ilə Puşkaşı Madridin “Real” komandasınada oynamağa dəvət etdilər. Amma Macarıstan Futbol Federasiyasının FİFA-dan Puşkaşın ömürlük futbol oynamasını qadağan etməyi tələb edirdi. Bununla belə FİFA Puşkaşı yalnız 2 illiyə oynamaqdan məhrum etdi. 1958-ci ildə Puşkaş “Real” Madriddə məşqlərə başladı. Həmin illərdə “Real” Madriddə Alfredo di Stefano kimi məşhur futbolçu oynayırdı. Lakin Puşkaş tezliklə “Real”a adaptasiya oldu və ilk ildəcə rəqib qapılarından 24 top keçirdi. 1959-1960-cı illər mövsümündə isə Puşkaş İspaniya çempionatının bombardiri oldu. 1960-cı ildə Çempionlar kubokunun finalında “Real” Madrid “Ayntraxt” Frankfurta 7:3 hesabı ilə qalib gələrək kuboku qazandı. Bu oyunda Puşkaş rəqib qapısındana 2 top keçirdi. Həmin ildə “Real” Qitələrarası kubok uğrunda mübarizədə Uruqvayın “Penyarol” komandasına 5:1 hesabı ilə qalib gəldi. Toplardan 2-ni rəqib qapısından Puşkaş keçirdi. 1961-ci ildə Puşkaş İspaniya vətəndaşlığı aldı və həmin ildən adı çəkilən ölkənin yığma komandasında oynamağa başladı.

Puşkaş İspaniya çempionatında “Real” Madridlə birgə 5 dəfə ölkə çempionu oldu. O, 4 dəfə İspaniya çempionatının bombardiri oldu. 1966-cı ildə karyerasını başa vuran Puşkaş ABŞ və Kanada klublarını çalışdırdı. Lakin uğur qazana bilmədi. 1971-ci ildə Yunanıstanın “Panatinaikos” komandasını çalışdırmağa başlayan Puşkaş bu komanda ilə iki dəfə Yunanıstan çempionu oldu. 1971-ci ildə “Panatinaikos” Çempionlar kubokunun finalına çıxsa da “Ayaks”a məğlub oldu. 1981-ci ildə Puşkaşı Macarıstana çağırdılar. Onu yenidən Macarıstan vətəndaşlığına qəbul etdilər. 1993-cü ildə Macarıstan yığmasının baş məşqçi təyin edilən Puşkaş uğur qazana bilmədi. 1994-cü ildən başlayaraq Puşkaş keçmiş klubu “Honved”də yardımçı məşqçi kimi çalışmağa başladı. Dünya futbolu tarixinə adını qızlı hərflərlə yazdıran Puşkaş 2006-cı il noyabr ayının 19-da dünyasını dəyişdi. Macarıstandakı stadionlardan biri bu məşhur futbolçunun adını daşıyır.

Əziz Mustafa