Xüsusi qayğıya ehtiyacı olan uşaqlara xoş anlar yaşatdılar

587

Avrasiya Əməkdaşlıq  Fondunun (AƏT) İnkişaf və idarəetmədə stratejli əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyələşdirilən və BMT İnkişaf proqramı tərəfindən  həyata keçirilən “Qəhrəmanlar unudulmur” İB, “Ailələrə Sosial Dayaq” İB, “Dayanıqlı inkişaf təşəbbüsləri” İB tərəfindən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkluziv təhsilinin inkişafı-gələcəyin yoludur” layihəsinin icrası başa çatıb. Bu münasibətlə Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzi musiqili-əyləncəli tədbir keçirib.

 

Tədbirdə əvvəlcə sağlamlığı məhdud olan uşaqların əl işlərindən ibarət olan sərgiyə baxılıb. Daha sonra layihənin rəhbəri Dilşad İlyasova bildirib  ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, bu uşaqlara sosial xidmətin  göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların və bu sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən, sosial işlə bağlı fəaliyyət göstərən region qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarətdir.

Dilşad xanım onu da vurğulayıb ki, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması məqsədi ilə mərkəzimizdə rəsm, şeir, mahnı müsabiqələri keçirilib. Eyni zamanda bu kateqoriyadan olan uşaqların əl işlərindən ibarət sərgi də təşkil olunub. Könüllülərin və valideyinlərin maarifləndirilməsi məqsədi ilə dəyirmi masalar, müzakirələr, müxtəlif mövzularda təlimlər təşkil olunub. Bu layihədən Mingəçevir şəhərində yaşayan 18 yaşınadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların valideyinləri, müxtəlif ali və orta ixtisas məktəblərinin könüllü qismində cəlb edilən tələbələr, sosial xidmət üzrə təcrübəsi olan QHT-lər və ərazidə çalışan mütəxəssislər faydalanıblar.

 

Tədbirdə sağlamlığı məhdud və aztəminatlı ailələrin övladları şən musiqilər, seirlər, rəqslər, səhnəciklər nümayiş etdiriblər. Daha sonra “Mingəçevir qrupu”nun ifasında gözəl nəğmələr səsləndirilib.

Tədbirin sonunda fəal uşaqlara diplom və hədiyyələr təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir