“Xub”un “kub”u

1437
Belə bir deyim var: aşıq gördüyünü çağırar. Amma son günlər bəzi aşıqların heç də gördüklərini çağırmadıqlarının, ağır oturub batman gəlmədiklərinin, daha doğrusu, yüz qram gəldiklərinin şahidi olmuşam. Bununla işim yox, Allah canlarını saxlasın, görünür, indi gördüyünü çağırmaqla pul qazanmaq olmur. Gərək görmədiklərini çağırasan ki, nə isə əldə edə biləsən. 
Bu yöndəmsiz girişəbənzər “ustadnamə”dən sonra keçirəm əsil mətləbə… Hərçənd aşıqlar dastanların əvvəlində üç ustadnamə deyirlər. Mən isə birini deməklə kifayətlənmək istəyirəm. Buna görə xahiş edirəm, ustad aşıqlar məni bağışlasınlar. Çünki şahidi olduğum mənzərə mənə elə təsir edib ki, onu təcili oxucularıma çatdırmasam, ürəyim partlayar… İndiki zəmanədə də ürəyin partlaması, necə deyərlər, bir himə bənddir.Hə, bu günlərdə bir xudmani məclisdə idim. Həmin məclisdə bir aşıq, sözün həqiqi mənasında, meydan sulayırdı. Daha doğrusu, saz ilə elə oyunlardan çıxırdı ki… Hətta sazı paçasının arasından keçirirdi. Əvvəlcə, hamı kimi mən də bu aşığın hərəkətlərinə, söylədiklərinə diqqətlə fikir vermirdim. Lakin aşığın söhbətinin bir yerində, daha doğrusu, bir gəraylıdan bir bənd söyləyəndə sanki ayıldım. Bəli, aşıq bu dəfə sazı başının üstünə qaldırıb deyirdi:Kub yaraşır nazlı yara

Ağ üstündən geysə xara.

Əsli göyçək olanlara

Al da birdi, şal da birdi…

Bayaqdan bəri yeyib-içməyə başı qarışmış məclis əhli aşığın (elə aşıq da onlardan geri qalmırdı) bu sözlərinin fərqinə varmadan onu gur alqışlara qərq etdi. Hətta onlardan bir neçəsi sazın telləri arasına pul da qoydu. Aşıq daha da həvəsləndi… Mənə isə elə gəldi ki, yuxudayam. Odur ki, əvvəlcə gözlərimi ovuşdurub, sonra da qulaqlarımı əməlli-başlı təmizləyib aşıqdan həmin bəndi təkrar etməsini xahiş etdim. İnsafən, aşıq sözümü yerə salmadı. “Söz qananlara can qurbandır”, – deyib, mənim xətrimə həmin bəndi yenidən söylədi. Bu zaman ona yaxınlaşıb ilk misranın “Kub yaraşır nazlı yara” deyil, “Xub yaraşır nazlı yara” olduğunu onun qulağına pıçıldadım. Aşıq özündən çıxdı:

– Adə, mən bu sənətdə 10 ildir külüng vururam. İndi sən mənə bu sənət aləmindən dərs keçəcəksən? Yenə deyirəm, “xub yaraşır” yox, “kub yaraşır” olmalıdır. Hətta buna görə səninlə mərc gələrəm  ki, mənim dediyim doğrudur.

Dedim, ay aşıq qardaş, xub hara, kub hara? “Xub” bir fars sözü olub yaxşı, gözəl, xoş anlamındadır. “Kub” isə yunan sözü olub bütün üzləri kvadrat olan altıüzlü cisimdir. Sənin sözündən belə çıxır ki, nazlı yara altıüzlü cisim yaraşır? Bu “kub”un digər mənası da hər hansı bir kəmiyyətin özünə üç dəfə vurulmasından alınan hasil anlamındadır. Sən isə həmin misrada kub sözünü işlətməklə aləmi bir-birinə vurursan e… Odur ki həmin misradan heç nə hasil olunmur. Aşıq dediyindən dönmədi, üstəlik, məni savadsızlıqda günahlandıraraq dedi:

– Ustad yazıbsa, deməli belə, də olmalıdır. Onu yazan belə yazıb, mən də yazıldığı kimi oxuyuram da… Mən kiməm ki ustadlar yazanı təhrif edim?

Dedim, heç bilirsən, həmin gəraylı hansı aşığındır?

Aşıq nə qədər fikirləşdisə, misraların müəllifini xatırlaya bilmədi ki, bilmədi. Az sonra nə fikirləşdisə dedi:

– Səndə həmin bəndin birinci misrasındakı birinci sözün kubmu, yoxsa xubmu olmasını sübut edən bir dəlil varmı?

– Hə, məndə bir kitab var. Həmin şeir də orada var. İstəyirsən, gətirib göstərim,- dedim.

Aşığın təkidi ilə həmin kitabı gətirmək üçün məclisi tərk etdim. Heç yarım saat keçməmiş əlimdə kitabla məclisin tüğyan etdiyi məkana daxil oldum. Aşıq yenə meydan sulayırdı. Məni görən kimi yenə həmin gəraylıya müraciət etdi. Amma bu dəfə lap gül vurdu:

“Cip yaraşır nazlı yara…”

Az sonra o, məclis əhlinin sifarişi ilə yeni bir mahnıya müraciət etdi. Səhv etmirəmsə, Qulu Əskərovun çox məşhur olan “Dolanaram başına” mahnısına. Onu da bərbad şəkildə ifa etdi. (Aşığın sərxoş olduğu açıq-aydın hiss olunurdu). Hətta “Sev ki, sevən mərd olar” ifadəsini “Sevgi sevən mərd olar” kimi oxudu. Bu dəfə də aşığa yaxınlaşıb: “Xub əvəzinə kub dediyin azlıq edir, indi də deyirsən ki, “sevgi sevən mərd olar”, axı “sevgi sevmək” nə deməkdir?”- söyləmək istədim. Lakin ona yaxınlaşmadım. Çünki aşığın dili daha söz tutmurdu, daha doğrusu, topuq vururdu.

Bu yerdə bir hadisə yadıma düşdü. Deyilənlərə görə, Aşıq Kamandar bir toya gedəndə görür ki, bir dırnaqarası sazçalan məclisin yuxarı başına keçir. Az sonra həmin aşıq Aşıq Kamandara yaxınlaşıb deyir ki, ustad, bağışla, birdən inciyərsən, görmədim. Ustadımız da deyir ki, aşıq olsaydın, inciyərdim, incimirəm.

Yəni hər əlinə saz alana aşıq demək olmaz axı. İndi mən də oxucularımdan onu aşıq kimi təqdim etdiyim üçün üzr istəyirəm. Bilmirəm, məni bağışlayacaqlar, ya yox. Yəni buna görə mənə “xub” deyəcəklər, yoxsa “kub”? Amma onu aşıq bilib kitab dalınca evə gedib-gəlməyimi özümə heç cür bağışlaya bilmirəm ki bilmirəm… Buna görə də mənə nə desələr haqları var. q.mehebbetoglu@zaman.az