Xoşbəxtliyin sirri

0
453
Xoşbəxtliyin sirrini öyrənmək istəyirdi. Bunu ancaq uzaq kəndlərdən birindəki müdrik qoca deyə bilərdi. Qırx gün-qırx gecə yol getdi. Nəhayət, gözəl bir saraya çatdı.
 Bir tərəfdə adamlar söhbət edir, bir tərəfdə də həzin musiqi çalırdı. Qocanın yanına girmək üçün xeyli gözləməli oldu. Nəhayət, növbə ona da çatdı. Qoca onun niyə gəldiyini soruşdu. Səbəbini öyrənəndən sonra ona zeytun yağı ilə dolu bır qaşıq verdi və “Mən sənin sualına cavab verəcəyəm, ancaq əvvəlcə bir xahişim var. Get sarayı gəz, iki saatdan sonra yanıma gəl. Ancaq elə et ki, qaşıqdakı yağ tökülməsin”, – dedi. Sarayı gəzməyə başladı. Bir tərəfdən otaqları gəzir, bir tərəfdən də gözlərini qaşıqdan çəkmirdi. İki saat tamam oldu. İki saatdan sonra yenidən qocanın yanına qayıtdı. Onu görən qoca təbəssümlə: “Çox gözəl! İndi de görüm, yemək otağındakı gözəl xalçaları gördünmü? Sarayın bağçasındakı güllər xoşuna gəldimi?” – deyə soruşdu. O utanaraq başını aşağı əydi və əlindəki yağı tökməsin deyə, heç bir yerə baxa bilmədiyini dedi. “Elə isə get sarayı bir də gəz. Ancaq dediklərimi unutma”, – deyə qoca dilləndi. Qaşığı götürüb yenidən sarayı gəzməyə başladı. Bu dəfə hər yerə diqqətlə baxır, sarayın gözəlliyinə heyran olurdu. İki saat tamam olan kimi qocanın yanına qayıtdı və gördüklərini böyük bir həyəcanla ona danışmağa başladı. “Bəs sənə əmanət etdiyim yağ hanı?” – deyə qoca soruşdu. Qaşığa baxanda qaşıqdakı yağın töküldüyünü gördü. Nəhayət, qoca üzünü ona tutub dedi: “Unutma, xoşbəxtlik dünyanın bütün gözəlliklərini görməkdir. Ancaq gərək qaşıqdakı yağı da unutmayasan”.

Qeybət

Bir qadın qonşusu haqqında çox qeybət edirdi. Çox keçmədi ki, bu qeybət bütün kəndə yayıldı. Artıq qonşusunun da hər şeydən xəbəri var idi. Bir gün qadın peşman oldu. Səhvini düzəltmək üçün bir alimin yanına getdi. Alim ona diqqətlə qulaq asdı. Sonra da: “Bazara get, bir toyuq al, kəs, tüklərini yol və qayıdanda yerə səp”,-dedi. Qadın bu məsləhətə təəccüblənsə də, alimin dediyini etdi. Ertəsi gün qadın yenə alimin yanına qayıtdı. Bu dəfə alim ona: “İndi də get, dünən yerə səpdiyin bütün tükləri yığ gətir”, – dedi. Qadın eyni yolla getdi, ancaq külək bütün tükləri aparmışdı. Saatlarla axtardı, axırda əlində bir neçə tüklə geri qayıtdı. “Görürsən?-dedi yaşlı alim,-onları yerə səpmək asandır, ancaq yığmaq çətindir. Qeybət də belədir. Qeybət etmək nə qədər asandırsa, qeybətlə etdiyin səhvi düzəltmək o qədər çətindir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here