Xorvatlar ehtiyatlı danışdılar

467

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bolqarıstanı səfərdə 1:0 hesabı ilə məğlub edən və qrupda ardıcıl 2-ci qələbəsini qazanan Xorvatiya millisi bu gün Azərbaycan yığmasını qəbul edəcək. Bu qarşılaşma öncəsi isə xorvatların baş məşqçisi və futbolçuları yerli mətbuata fikirlərini bildiriblər. Baxaq, görək, xorvatlar qarşılaşma öncəsi Azərbaycan millisi haqda nə düşünürlər…

Niko Kovaç (baş məşqçi): “Azərbaycan kimi tanınmamış komandalara qarşı oynamaq çətindir. Bizim də növbəti oyunumuz məhz bu komandaya qarşıdır. Ümumiyyətlə, İtaliyanın Azərbaycanı 2:1 hesabı ilə məğlub etməsi çox təəccüblü oldu. Hamı qrupun favoriti sayılan 4 qat dünya çempionlarının rahat qalib gələcəyini düşünürdü. İndi mən də fikirləşirəm ki, tanınmış komandalara qarşı oynamaq daha asandır. Biz Azərbaycanı doğma meydançamızda qəbul edəcəyik. Amma düşünürəm ki, heç də asan oyun olmayacaq”.

Deyan Lovren (müdafiəçi): “Bolqarıstan üzərində qələbədən sonra komandamızda yaxşı əhvali-ruhiyə var. Heç bir yorğunluğumuz yoxdur. Növbəti matça tam hazırıq. Komandaları müqayisə edəndə favorit olduğumuz görünür. Üstəlik, biz doğma meydanda oynayacağıq. Qələbələrimizi sıralayacağımıza inanıram. Son illərin ən yaxşı heyətinə malikik. Bu futbolçularla istənilən uğura layiqik. Azərbaycan millisini kifayət qədər analiz edə bilməmişik. Bu sarıdan çətinlik çəkəcəyimizi düşünmürəm. Ancaq ümumilikdə Avropa komandalarının heç biri ilə asan oyun olmur. Rəqib bizə çətinlik yarada bilər”.

İvan Perişiç (yarımmüdafiəçi): “Bolqarıstana qarşı çox çətin matç keçirdik. Gərgin oyundan sonra qələbə qazandığımız üçün sevinirik. Biz səfərdə oynadıq. Sofiyada möhtəşəm ab-hava var idi. Çətin oldu. 3 xal qazanmaq isə sevindiricidir. Ümumiyyətlə, çox çətin qrupdayıq. Qarşıda Azərbaycan millisi ilə oyunumuz var. Burada bir üstün cəhətimiz var ki, matçı doğma meydanımızda oynayacağıq. Düşünürəm ki, evdə oynayacağımız üçün daha asan olacaq. Azarkeşlərimiz bizə dəstək olsalar, Azərbaycanla matçda daha rahat qələbə qazana bilərik”.

Luka Modriç (yarımmüdafiəçi): “Həqiqətən çox yorulmuşam. Ancaq bu qələbənin əhəmiyyəti böyük idi. Səfərdən qələbə ilə qayıtmaqla Avro-2016-nın final mərhələsinə getmək yolunda önəmli addım atdıq. Qarşıda hələ çox oyun var. Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmağa çalışacağıq. Çünki bizdən gözləntilər çoxdur. Biz Xorvatiya üçün mübarizə aparırıq. Lakin Azərbaycanla oyunda da qələbə qazanmalıyıq. Əks təqdirdə Sofiyada sanki heç nə etməmiş olacağıq. Özümüzü də aldatmayaq, Azərbaycanla görüş asan keçməyəcək”.

İvan Rakitiç (yarımmüdafiəçi): Bolqarıstan üzərində qələbə bizim üçün çox önəmli idi. Səfərdən yaxşı nəticə ilə qayıtdıq. Oyun çətin keçdi. Ancaq biz daha yaxşı komanda olduğumuzu nümayiş etdirdik. Əgər Azərbaycanla görüşdə də qələbə qazansaq, bu, fantastik nəticə olacaq. Onlara qarşı yaxşı hazırlaşmalıyıq. Komandaya inanıram”.

Mario Mandzukiç (hücumçu): “Bolqarıstan üzərində qələbə Azərbaycana qarşı keçirəcəyimiz növbəti oyun öncəsi bizim üçün vacib idi. Artıq növbəti rəqibimizi də məğlub etməliyik. Çünki sonra İtaliya ilə çətin görüşümüz olacaq”.