“Xortdanın cəhənnəm məktubları” mövsümün son premyerası oldu…

616

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün son premyerası təqdim edilib.
Görkəmli Azərbaycan yazıçı-dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırlanmış eyniadlı tamaşa Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin yozumunda təqdim edilib.
Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada rolları Əməkdar Artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa ediblər.
Uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac və Fərmanın bir-birinə olan saf və təmənnasız sevgisi, valideynlərin bu hisslərə laqeyd münasibəti, var-dövləti daha üstün bilmələri, İblisin öz adına layiq hərəkətləri, cəhənnəmə gedən yolda baş verən hadisələr bir hissəli ibrətamiz rəvayətdə öz əksini tapıb.
Məlumat üçün bildirək ki, sözügedən tamaşanın teatrın yeni – 88-ci mövsümündə RF-in bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulub.