Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin irqçilikdən danışmağa heç bir haqqı yoxdur

306

Ermənistanın baş naziri N.Paşinyan “Arsenal” futbol klubunun oyunçusu H.Mxitaryanla telefon söhbəti edərək onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini deyib.AAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın açıqlamasında bildirilir ki, Ermənistan baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi, görünür, onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir. Ermənistan kimi monoetnik dövlətin və qonşu Azərbaycanın ərazilərini güc tətbiq etməklə işğal edərək bu ərazilərdə zorakı etnik təmizləmə həyata keçirən, Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin irqçilikdən danışmağa heç bir haqqı yoxdur. Bu, hər hansı əxlaqa sığmır. Ermənistan baş nazirinə xatırladırıq ki, torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, Azərbaycanda bu gün on minlərlə erməni yaşayır və ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri hər zaman sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar və yaşayırlar. Onu da qeyd edim ki, Ermənistanın böyük qısqanclıqla izlədiyi və hər vəchlə əsassız şəkildə gündəmə gətirdiyi Avropa Liqasının Bakıdakı final oyunu zamanı Azərbaycana səfər edən çoxsaylı əcnəbi pərəstişkarlar ölkədəki vəziyyətlə öz gözləri ilə tanış oldular. Necə deyərlər, yalan ayaq tutar, ancaq yeriməz.