Xocalı soyqırımının canlı şahidləri

419

Xocalı sakini Milli Qəhrəman Araz Səlimovun həyat yoldaşı Aida Ələkbərova:  “Fevralın 25-dən 26-sına keçən gecə biz də bütün Xocalı sakinləri kimi evdə idik. Həmin gün şəhər texnika ilə mühasirəyə alınmışdı. Hamı qorxu içərisində idi. Biz də məcbur olduq şəhəri tərk etməyə. Mənim həyat yoldaşım milli orduda xidmət edirdi, pulemyotçu idi. Qayınlarım, qaynatam hamısı döyüşürdülər, müqavimət göstərirdilər. Qadınlarla, qocalarla birlikdə mən və üç övladım meşəyə doğru qaçmağa başladıq. Ermənilər bizi meşədə mühasirəyə aldılar. Çoxlu sayda insanı, eləcə də mənim bacımı gözümün önündə vurdulər. Biz onu orada yarlı vəziyyətdə qoyub gəlməyə məcbur oldu

Qardaşımı və onun 12 yaşındakı oğlunu da güllələdilər. Həmin faciədə qaynım Fəxrəddini də əsir götürərək ağılasığmaz işgəncələrlə qətlə yetirdilər. Yoldaşım çoxlu sayda insanın xilas olmasına köməklik göstərdi. Xeyli erməni əsgərini öldürdü. Axırda güllələri qurtardı və özü də ermənilər tərəfindən vəhşicəsinə öldürüldü. Həmin gün təkcə yoldaşım deyil, qayınlarım, qaynatam, qaynatamım qardaşları, oğulları da həlak oludular.Yoldaşımın nəslindəki bütün kişilər həmin gün öldürüldülər. Onun soyadını daşıyan yeganə oğlum qalıb. Faciədən sonra yoldaşım Səlimov Araz Bahadur oğluna “Milli Qəhrəman”adı, kiçik qaynım Səlimov Mikayıla isə “Qırmızı Bayraq” ordeni verildi.

 Yanımda saysız körpəni, qocanı, cavanı öldürdülər. Oğlumun həmin vaxtı üç yaşı var idi. Mən onu kürəyimə bağlayıb aparırdım. Kiçik qızımı girov götürdülər. 3 gündən sonra azad oldu. Dəhşətli gün idi. Qana susayan ermənilər hətta ölənlərin meyitlərinə də işgəncə verirdilər. Biz həmin meyitləri görəndə dəhşətə gəlirdik”.

Xocalıda üç övladını itirən ana

Xocalı sakini Sədaqət Hüseynova:  “Xocalıda dünyaya gəlmişəm və Xocalıda ailə qurmuşam. Həmin vaxt 3 övladım var idi. Böyük övladım 3-cü sinifə, ikinci övladın hələ təzə məktəbə gedirdi. Ən balaca balam isə 5 yaşında idi. Fevralın 25-də gecə  atışma başladı. Həmin gün rayonumuzda işıqlar yanmırdı, hava şaxtalı idi, parça- parça qar yağırdı. Gecə yarısı uşaqları da götürüb meşəyə tərəf qaçmağa başladıq. Qarqar çayını keçdikdən sonra 10 gün ac, susuz, çılpaq qarın içində meşədə qaldıq.  İnsanların ah-naləsi meşəni götürmüşdü. Fevralın 26-sı səhərə yaxın Xankəndinə gedib çıxdıq. Oradan da Ağdama üz tutduq. Bacım və 3 balası gözlərimin qarşısında yolda donub öldülər. 8 nəfərdən iki nəfər xilas ola bildik. Körpələrimin hamısı aclıqdan, susuzluqdan donub öldülər. Əynimdəki paltomu çıxarıb onların üstünə sarıdım ancaq, yenə də xeyri olmadı. Gözümü xəstəxanada açdım. Don vurmuş ayaq barmaqlarımı kəsmişdilər. Övladlarımın heç məzarı da yox idi. Qaynatam, qaynanam vəfat edəndə onların baş daşılarına övladlarımın adlarını qeyd elətdirmişəm. 22 ildir ki, gözüm yollardadı. Gözləyirəm ki, nə vaxtsa övladlarım bəlkə çıxıb gələcək”.

“Ermənilər mənə ömürlük doğum günü “hədiyyə”si verdilər”

Xocalı sakini Məlahət Əliyeva: “O günüm getsin gəlməsin. Həmin gecəni heç vaxt unuda bilmərəm. Fevralın 25-i gecə yarısı iməkliyə-iməkliyə meşə ilə qaçmağa çalışırdıq. Tərpənəni vururdular. Böyük övladlarım özləri gedirdilər. Ancaq balaca qızımı özüm aparırdım. Gördüm artıq getmək mümkün deyil uzandım qızımın üstünə ki, ona güllə dəyməsin. Ancaq birdən inlədiyini eşitdim. Gördüm ki, tərpənmir. Yandan güllə dəyib və yerindəcə keçinib. Həmin vaxt mən də qolumdan yaralandım. Sonra isə yoldaşımı vurdular. Ayaq üstə dayananı vururdular. Yoldaşımın axırıncı sözü o oldu ki, “yaxın gəlmə səni də vuracaqlar”. Həmin gün sanki bir gecənin içində insanlar dəyişmişdi. Hamının üzündə qəribə qorxunc bir ifadə var idi. Yoldaşım, qızım ölmüşdü. Mən də ölmək istəyirdim. O dəhşətləri görən insan necə yaşaya bilər axı? Fevralın 28-i mənim doğum günüm idi. Ancaq məm həmin gün iki meyit basdırmışam. Ermənilər mənə ömürlük doğum günü “hədiyyə”si verdilər”.

Nərmin Haqverdiyeva