Xocalı sakini: Qələbəmiz onlara da əyan olub

Xocalı sakini: Qələbəmiz onlara da əyan olub

Xocalı soyqırımından 30  il keçsə də, onun ağrı-acıları hələ də ürəkləri sızladır. Həmin müdhiş gecənin şahidlərindən biri də Mingəçevirdə məskunlaşan 80 yaşlı Xocalı sakini Baloğlan Allahyarovdur. Onun oğlu, həyat yoldaşı, gəlini Ağdam istiqamətində erməni quldurlarının gülləbaranı nəticəsində şəhid olublar. Özü isə təsadüf nəticəsində sağ qalıb. Bu günlərdə Baloğlan Allahyarovla həmsöhbət olduq.

Müsahibimiz həmin gecə ermənilərin keçmiş sovet imperiyasına məxsus  366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin köməyi ilə  Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində bütün ailə üzvlərini itirdiyini bildirdi: “Həmin gecə Xocalı dünyada misli-bərabəri olmayan faciə yaşadı. Şəhər od tutub yanırdı. Biz də hamı kimi, Kətik meşəsinə tərəf üz tutduq. Nə biləydik ki, orada faşist xislətli ermənilər bizi pusquya salacaq və dinc əhalini – körpə uşaqları, qadınları, qocaları amansızcasına qırıcaqlar. Elə orada erməni vəhşiləri yeni ailə həyatı qurmuş oğlumu, gözümün ağı-qarası Etibar balamı, həyat yoldaşımı, gəlinimi qətlə yetirdilər. Onların cəsədlərini də tapa bilmədim. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mən yalnız onları itirmədim. Onlarla bərabər 30-dan çox yaxın adamımı, qohumumu, dost-tanışımı da itirdim.”

Baş vermiş faciəni nəql etdikcə Baloğlan kişinin boğazı quruyurdu: “Ümumiyyətlə, həmin məşum gecənin dəhşətlərindən söz açanda günlərlə özümə gələ bilmirəm. Amma həmin faciəni yaşayan bir insan kimi, bütün bunları deməliyəm ki, qoy gələcək nəsillərimiz ermənilərin necə vəhşi, riyakar, qaniçən olduqlarını bilsinlər. Danışmalıyam ki, dünya Xocalı soyqırımına biganə qalmasın, ona beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilsin, baş verənlərə ikili standartlardan yanaşılmasın.”

Ayaqları donmuş vəziyyətdə özünü minbir əziyyətlə Ağdama çatdırdığını vurğulayan müsahibimiz həmin gecə yaşanan dəhşətlərin bir an belə gözünün önündən getmədiyini söylədi. Az sonra isə dedi: “İnandırım sizi, ötən ilədək demək olar ki, hər gecə Xocalı soyqırımında vəhşicəsinə öldürülən tanıdığım şəxslər, o cümlədən ailə üzvlərim yuxuma girirdilər. Amma müzəffər ordumuzun şanlı qələbəsindən sonra, əgər belə demək mümkünsə, onların ruhları məndən əl çəkdilər. Görünür, qələbəmiz onlara da əyan olub.”

Ağdamda bir müddət qaldıqdan sonra Mingəçevirin Yeni həyat qəsəbəsinə üz tutduğunu, burada mənzillə təmin olunduğunu, yenidən ailə həyatı qurduğunu, Arzu adlı bir qız uşağını övladlığa götürdüyünü vurğulayan Baloğlan kişi sonradan dünyaya gəlmiş iki oğul övladından birinə şəhid olmuş oğlunun adını verdiyini dilə gətirdi: “Artıq o, bu günlərdə hərbi xidmətini başa vurub.”

“Amma hələ də şəhərimizin yerlə-yeksan edilməsi, insanların amansızlıqla qətlə yetirilməsi gözlərim önündən getmir” sözləri ilə söhbətini davam etdirən müsahibimiz onlara göstərilən qayğıdan da söz açdı. Dedi ki, bir Xocalı sakini kimi, dövlətimizin qayğısından məmnunam: “Hətta 2004-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev və Mehirban xanım Əliyeva Mingəçevir şəhərinə səfər edərkən mənim yaşadığımız evdə də olublar. Həmin görüşdə cənab Prezidentimizə başıma gələn müsibətlərdən də söz açdım. İnandırım sizi, dövlətimizin başçısı məni dinləyəndə gözləri yaşardı. Şübhəsiz, nə qədər naz-nemət içərisində yaşasaq da, bizə nə qədər qayğı və diqqət göstərilsə də öz əvvəlki yurd-yuvamızın həsrətində olduğumuzu dövlətimizin başçısı gözlərimizdən oxudu. Prezidentimiz oğlumu qucağına alıb Xocalıda baş verən hadisələrə, o qanlı gecədə insanların düşdükləri əzab-əziyyətlərə toxunaraq bu hadisənin XX əsrin ən qanlı faciəsi olduğunu söylədi. Eyni zamanda bildirdi ki, Xocalı şəhidlərinin və ümumən şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan torpaqları tezliklə düşmən tapdağından azad ediləcək, sizin də  həsrətinizə son qoyulacaq. Bununla da hamımızı sevindərəcək.  Sevindirdi də… İnandırım sizi, Ali Baş Komandanımız İlham Əliyev ötən ilin noyabr ayında Zəfər xəbərini verəndə sevinc göz yaşlarıma hakim ola bilmədim. Elə bil mənə dünyaları bağışladılar. Qarabağı azad gördüyümə görə Yaradana və istəkli Ali Baş Komandanımıza hər gün dua oxuyuram. İndi ümid edirəm ki, bu yaxınlarda məndən asılı olmayan səbəblər üzündən uzun illər ayrı düşdüyüm Xocalıma, onun sakinlərinin, eləcə də ailə üzvlərimin şəhid olduqları həmin o meşəyə baş çəkəcəyəm. Həmin yerlər də bizi, yəni öz həqiqi sahiblərini səbirsizliklə gözləyir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”