Xarici ölkələrə təbii qazdan çox meyvə-tərəvəz satmışıq

628
Cari ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə 20,7 milyard dollar dəyərində məhsul satılıb. Ölkəyə gətirilən məhsulların dəyəri isə 8,1 milyard dollara bərabər olub. Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlar göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 11 ayı ərzində ixracın həcmi 5,8%, idxalın həcmi isə 16,6% aşağı düşüb. Nəticədə son bir il ərzində xarici ticarət dövriyyəsində 9,1% azalma qeydə alınıb.
Cari ilin ilk 11 ayı ərzində xarici ölkələrə 19,1 milyard dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 92,2%-ni təşkil edib. Qeyd edək ki, neft, qaz və neft məhsullarının ümumi ixracdakı payı ötən ilin analoji dövründə builkindən daha çox – 92,4% olub. Bir il əvvəllə müqayisədə dəyər ifadəsində xam neft və təbii qazın ümumi ixracdakı payı azaldığı halda neft məhsullarının ümumi ixracdakı payı artıb. Son bir ildə xam neftin ixracı 5,5%, təbii qazın ixracı isə daha çox – 2,5 dəfə azalıb. Neft məhsullarının ümumi ixracdakı payı isə 15,3% yüksəlib.

Bu ilin ilk 11 ayı ərzində xarici ölkələrə Gömrük Bəyannaması (GB) ilə rəsmişlədirilən 22,2 milyon ton xam neft, 1 milyon 884,4 min ton neft məhsulları, 1 milyard 530,8 milyon kubmetr təbii qaz ixrac olunub. Neft, qaz və neft məhsullarından başqa cari ilin 11 ayı ərzində xarici ölkələrə ən çox meyvə-tərəvəz (268,1 milyon dollar), həmçinin şəkər (206,3 milyon dollar), bitki və heyvan mənşəli yağlar (178,6 milyon dollar), plastmassa və onlardan hazırlanan məhsullar (143,9 milyon dollar) satılıb. Bunlardan başqa ixrac edilən məhsullar arasında alüminium və ondan hazırlanan məhsullar (76,8 milyon dollar), kimya sənayesi məhsulları (64,2 milyon dollar) və digər məhsullar üstünlük təşkil edib. Yuxarıda qeyd edilən rəqəmlərdən də görünür ki, bu ilin ilk 11 ayının nəticələrinə görə, dəyər ifadəsində xarici ölkələrə təbii qazdan çox meyvə-tərəvəz ixrac etmişik. Təbii qazın ümumi ixracdakı payı 1,24% olubsa, meyvə-tərəvəzdə bu göstərici 1,29% olub.

 

Ölkəyə gətirilən minik avtomobillərinin sayı 33 min 585 ədəd azalıb

Hər zaman olduğu kimi bu ilin ilk 11 ayı ərzində də xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 2 milyard 252,6 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 27,7%-nə bərabərdir. Eyni zamanda ilk 11 ay ərzində 748,1 milyon dollar (ümumi idxalın 9,2%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Ötən 11 ay ərzində xaricdən 56 min 804 ədəd avtomobil gətirilib. Bunlardan 310-ı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 51 min 589-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 min 580-i yük avtomobilləri, 325-i isə xüsusi təyinatlı avtomobillər olub. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 39,4% və ya 33 min 585 ədəd azalıb.

 

Tütün və tütün məmulatları da ən çox satın aldıüımız məhsullar sırasında 5-ci olub

Bundan başqa 2014-cü ilin yanvar-noyabr aylarında 941,7 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 265,1 milyon dolları buğdanın payına düşüb. Qara metallar və onlardan hazırlanan məhsullar (853,8 milyon dollar və ya ümumi idxalın 10,5%-i) idxal malları arasında dördüncü sırada yer alıb. Eyni zamanda tütün və tütün məmulatları da ən çox satın alınan məhsullar sırasında 5-ci olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 11 ayda 363,5 milyon dollar ödənilib.

Ən çox məhsul Rusiyadan  almışıq

Hesabat dövrü ərzində ən çox məhsul Rusiyadan alınıb. Şımal qonşumuzdan alınan məhsulların dəyər  i  1 milyard 166 milyon dollar təşkil edib və bu məhsulların ümumi idxaldakı payı 14,4%-ə bərabər olub. Rusiyada sonra ən çox Türkiyədən və Böyük Britaniyadan məhsul gətirilib. Bu ölkələrdən müvafiq olaraq 1 milyard 130,8 milyon (ümumi idxalın 13,9%-i) və 863,9 milyon dollarlıq (10,6%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Çin (629,9 milyon dollar), Almaniya (625,7 milyon dollar), ABŞ (506,6 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi cari ilin ilk 11 ayı ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Yanvar-noyabr ayları ərzində bu ölkəyə 4,62 milyard dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 22,3%-i İtaliyanın payına düşüb. Bundan başqa İndoneziyaya 2 milyard, Almaniyaya isə 1,8 milyard dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə İsrail (1,52 milyard dollar), Fransa (1,48 milyard dollar), İspaniya (783,3 milyon dollar), Hindistan (777,7 milyon dollar) və digər dövlətlər gəlir.

Allahverdi Cəfərov