“Xarici dili bilmək, kitab tərcümə etmək deyil”

1184

Qasım bəy Zakir deyirdi: “Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır”. Smayls isə “Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdir” deyib. Lakin bu gün kitaba olan maraq başqa sahələrdən geri qalır. Təkcə oxunulmamaqlıq problemi yox, kitabın çapı, tərcüməsi və digər kriteriyalar da mövcud problemlər içərisindədir. Çalışdıq ki, işi işbiləndən soruşaq. Müsahibimiz dörd illiyini qeyd edən “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariqdır.

– Nəşriyyatınızda vəziyyət necədir?

– Nəşriyyatda da məlum səbəblərdən digər sahələrdə olduğu kimi, ümumi zəiflik var. Çətinliklər olan vaxtı nəşriyyat daha çox gözdən uzaq qalır. Kitab istəyi, kitab ehtiyacı insanlarda başqa istəklərdən çox zəifdir, ehtiyac sırasında öndə yer almır. Bu baxımdan maddi çətinlik kitaba birbaşa təsir edir. Doğrusu, şikayət etməyi xoşlamıram, nəşriyyat olaraq prinsipimiz çətinliklər olsa da, bunu oxuculara hiss etdirməmək, daha çox çalışıb yeniliklər etməkdir.

– Artıq oxucular arasında nəşriyyatınızın adı tez-tez hallanır. Həmçinin bu günlərdə nəşriyyatınızın fəaliyyətə başlamasının dörd illiyidir. Bu günə qədərki fəaliyyətinizi necə qiymətləndirirsiz? Gələcəkdə hansı yeniliklər gözlənilir?

– Nəşriyyat yarandığı gündən prinsipimiz hər baxımdan keyfiyyətli iş ərsəyə gətirmək olub, bu günə qədər bu prinsipə sadiqik və sevindiricidir ki, oxucular bunu hiss edir və qiymətləndirirlər. Ölkənin öz kitablarına zəmanət verən yeganə nəşriyyatıyıq; kitabı oxudun bəyənmədinsə, qaytar, bu qədər! Hər kitabın nəşri bizim üçün bir sevinc mənbəyi və yenilikdir. Gələcək üçün isə müxtəlif planlarımız var, qismət olsa, həyata keçirəcəyik.

“Yerli müəlliflər uduzur”

– Xaricdə naşirlər müəlliflə müqavilə bağlayır, onun kitabını nəşr edib satır. Bizdə isə müəllif həm yazır, həm satış edir. Naşirlər yerli müəlliflərə qarşı bu işdə niyə maraqlı deyillər?

– Bunun bir çox səbəbi var. Nəşriyyatın müəyyən bir büdcəsi var. Nəşriyyat fikirləşir ki, hansı kitabı nəşr etsə, ona uğur gətirər. Buna əsasən də seçim aparır – xarici əsərlər, yoxsa yerli müəlliflər… Bax bu seçim olanda yerli müəllif uduzur. Düzdür, biz çalışmalıyıq ki, yerli müəllifləri də çap edək. Xarici müəlliflər kimi yaxşı satılmasa belə, çap olunmalıdır. Çünki heç bir xarici müəllif, bizim mühitdə yetişən yazıçı kimi bizim insana xitab edə bilməz… Ümumiyyətlə isə, bu problemin tək səbəbi nəşriyyatlarda deyil, əsas məsuliyyət müəlliflərə düşür. Müəllif çalışmalıdır ki, özünü yetişdirsin, yazdığı əsər ideya daşısın, hər bir oxucunun gündəlik qarşılaşdığı ailə-məişət mövzusu olmasın. Bu gün oxucunu təəccübləndirmək asan deyil. Yazıçı düşünməlidir ki, bir oxucu tanınmış klassik və müasir yazıçıları, misal üçün Tolstoyu qoyub niyə onu oxumalıdır? Bu sualı özünə verən yazıçı daha çox yaxşı yazmaq haqqında düşünər, tez-tez kitab nəşr etdirmək haqqında yox. Əgər müəllif yaxşı yazmağa çalışsa və yazsa, əvvəl-axır o öz qiymətini alacaq. Bilirsiniz, tez-tez çap olunan zəif kitablar yerli yazıçıların ümumi dəyərini aşağı salır. Bu səbəbdən oxucuların yerli yazıçılara etimadı azdır.

– Kitab çap edendə başlıca kriteriyalarınız nələr olur?

– Bizim prinsipimiz faydalı kitab nəşr etməkdir. Kitab seçərkən düşünürük ki, bu kitab oxucuya nə fayda verə bilər, sonra onun nəşri haqqında plan qururuq. Biz düşünürük ki, kitab insanı məişətdən ayırmalıdır, düşündürməldir, onu bir pillə yuxarı qaldırmaldır.

– “Zamanın daha qısa tarixi”ni çap etdiniz, insanların diqqətini çəkdi. Bu seçimi nəşriyyat edir?

– Bu kitab Azərbaycanda nəşr olunan ilk elmi-populyar kitabdır. Bu günə qədər bu janrda kitab nəşr olunmayıb. Elmi kitablar az da olsa olub, amma kütləyə hesablanmış elmi kitab olmayıb. Ona görə də “Zamanın daha qısa tarixi” diqqət çəkdi. Kitabların seçimi nəşriyyatın daxili qərarı ilə olur. Biz hər hansı kitabı oxuyuruq, xoşumuz gəlirsə, müzakirə edib nəşri haqqında plan qururuq.

“Azərbaycan oxucusunun zövqü tam formalaşmayıb”

– Azərbaycanda hansı kitablar oxucuların diqqətini çəkir?

– Azərbaycan oxucusunun konkret nə oxuduğunu bilmək çox çətindir. Bizdə bununla bağlı statistika aparmaq qeyri-mümkündür. Bilmək olmur oxucular nəyi oxuyur. Ancaq bilinən budur ki, dedektiv əsərlər daha çox oxunur. Azərbaycan oxucusunun zövqü tam formalaşmayıb. Bəzən elə kitab məşhurlaşır ki, adam təəccüblənir.

– Uşaqlar üçün xarici və yerli müəlliflərdən kitab çap edirsinizmi?

– Bizdə “Parlaq ulduzlar” seriyası var. Bu seriyada üç kitab nəşr olunub. Bu kitablar zahirən uşaqlar üçün yazılsa da, mesajları daha çox böyüklər üçündür. Hələ ki, bu üslubda olan uşaq ədəbiyyatı nəşr edirik. Gələcək planımızda olsa da, konkret uşaqlar üçün nağıl və hekayələr nəşr etməmişik.

– Klassik əsərlər var ki, kiril əlifbasındadır. Yeni nəsil oxumaqda çətinlik çəkir. Həmin əsərləri latın əlifbası ilə yenidən nəşr etmək barədə düşünürsünüzmü?

– Biz Lev Tolstoyun “Dirilmə” əsərini çap etmişik. Düzdür, əsərə yenidən baxış keçirmişik, redaktə olunub. Bəzi çatışmazlıqlar var idi, mətnə əlavə olunub. Ümumi olaraq isə belə bir xüsusi planımız yoxdur ki, mütləq bu tipli kitabların üzərində işləyək, çap edək.

“Xarici dili bilmək, kitab tərcümə etmək deyil”

– Bir naşir kimi indiki kitab çapı, tərcüməsi, redaktəsi sizi qane edirmi?

– Qeyd etmək lazımdır ki, əvvələ nisbətən bu məsələlərdə fərq var. Amma ümumi götürəndə yaxşı vəziyyətdə deyil. Ən başlıcası odur ki, xarici əsərlərin çoxunun müəllif hüquqları alınmır. Bu, keyfiyyətsiz kitabın çıxmasında atılan ilkin addımdır. Müəllif hüququna əziyyət çəkməyən nəşriyyat o kitaba biganə yanaşır. Çalışır ki, tez-bazar ortaya çıxartsın. Elə kitab var ki, biz onu nəşr etmək üçün bir il gözləməli, xarici nəşriyyatla danışıqlar aparmalı oluruq. Misal üçün bu yaxınlarda işıq üzü görəcək “Məlalə mənəm” kitabı ilə bağlı, bəlkə də, bir ilə yaxın nəşriyyatla yazışdıq və nəhayət, müəllif hüququnu əldə edə bildik. Təbii ki, belə çətinlikdən sonra biz o kitabın tərcüməsindən tutmuş digər parametrlərinə qədər olan mərhələdə məsuliyyətsizlik etmərik. Bir çox hallarda tərcümələrin bərbad olduğunun şahidi oluruq. Tərcümə sahəsində boşluqlar çoxdur. Bir gənc gedir ingilis dilini öyrənir, başlayır tərcümə etməyə. Ancaq bu elə olmamalıdır. Tərcümə bir sahədir. Öz prinsipləri, öz qayda-qanunları var. Təkcə xarici dili bilmək, kitab tərcümə etməyə əsas vermir. Dediyim ki, ümumi götürəndə nisbi fərq var, ancaq bu qane etmir. Savadlı oxucular etiraz edir – kitablarda hərf səhvləri, redaktə səhvləri çox olur. Xarici dilin ruhunda qalan mətnlər çox olur. Fikirləşirəm ki, əlli ildən sonra bu gün nəşr olunan kitabların 70 %-i yenidən tərcümə edilməli olacaq.

– Bölgələrdə kitab tapmaqda problem var. Kitab oxumaq istəyən kitab tapa bilmir. Bu problem haqqında bir naşir olaraq düşünürsünüzmü?

– Mən bölgələrdə kitabçılığın olmamasına çox təəssüf edirəm. Oxucuların kitab tapa bilməməsi və ya əllərinə çatan kitabların öz qiymətindən baha olması heç yaxşı hal deyil. Belə olmamalıdır. Bölgələrdə olan potensial oxucuların sayı paytaxtdan daha çoxdur. Onların daha çox kitab oxumağa imkanları var. Biz 2 ildir ki, ilk dəfə olaraq “Ölkənin hər yeri paytaxtdır” devizi ilə bölgələrə kitablarımızı pulsuz çatdırırıq. Hələ ki, bizim əlimizdən bu gəlir. Daha geniş mənada əlimizdə bir şey gəlmir. Bu iş dəstək tələb edən bir işdir. Bu məsələ dövlət səviyyəsində həll edilməlidir.

“İnsanlar pulları bahalı telefonlara, çayxanalara, müxtəlif əyləncələrə xərcləyirlər”

– Bəs kitabların qiyməti necə, sizə görə əlçatandırmı? Çox adam baha olduğunu düşünür.

– Ölkədə bildiyimiz kimi, iki dəfə kəskin devalvasiya olub. Kitabın da xammalı xaricdən gəlir, hamısı da dollarla bağlıdır. Buna görə kitabın qiyməti bahalaşıb. Yəni əvvvəlki qiymətdən 2-3 manat daha bahadır kitablar. Ümumiyyətlə isə, oxumamağın səbəbi bahalaşma ola bilməz. Doğrusu, mən bunu daha çox bəhanə kimi qiymətləndirirəm. Biz görürük ki, insanlar pulları bahalı telefonlara, çayxanalara, müxtəlif əyləncələrə rahat xərcləyirlər. Bu gün orta hesabla kitabın qiyməti on manatdır. Hər insan ayda ən azı bir kitab ala bilər, bu mümkündür. Bu, ilə 12 kitab edir. Bir insan ilə 12 kitab oxusa, nə dərdimiz olardı.

– Düşünürsünüzmü kitab mövzusunda əskiklikləri aradan qaldırmaq üçün gələcəkdə nəşriyyatlarla müzakirələr təşkil edəsiniz?

– Çox gözəl, düşünülmüş bir təklifdir. Bunu etmək çox yaxşı olar. Bilmirəm həmkar nəşriyyatlar buna necə reaksiya verərlər, amma olsaydı, çox yaxşı olardı. Azərbaycan naşirləri bir yerə yığılıb müzakirələr aparsa, çox şeyə nail olmaq olar. Yəni zəif tərəflərimizi tapıb aradan qaldırmaq olar.

Ruzbeh Məmməd