Xaricdən niyə borc alırıq!?

485

Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 7,6 milyard dollara bərabər olub. “Yeniavaz.az” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2017-ci ilin dövlət büdcəsi layihəsində məlumat verilib. Mövcud məzənnə ilə (1 dollar – 1,67 manat) hesablasaq bu 12 milyard 692 milyon manat edir. Xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 22,3%-ə bərabərdir. Adambaşına düşən xarici borc isə təxminən 782 dollar olub. Xaricdən alınan borcların 39,2%-i sabit dərəcə ilə olan kreditlər, 60,8%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. İmzalanan müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 53,2%-i 10 ilə qədər olan müddətdə, 41,2%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Qeyd edək ki, xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17,7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilən qiymətli kağızlar vasitəsilə cəlb edilib.
Adambaşına düşən xarici borc son 22 il ərzində təxminən 98 dəfə artıb
Maliyyə Nazirliyinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, son 14 il ərzində, yəni 2003-cü illə müqayisədə xarici dövlət borcumuz 4,8 dəfə artıb. Belə ki, 2003-cü ildə xarici borcumuz 1,575 milyard dollar səviyyəsində olub. Həmin il xarici borcun ÜDM-yə nisbəti 20% təşkil edib. Sonrakı illərdə xarici borcun məbləği davamlı olaraq artsa da, bu artım ÜDM-nin artım tempindən aşağı olduğu üçün ÜDM-yə nisbəti də azalıb. 2008-ci ildə xarici borcun ÜDM-yə nsbəti ən aşağı səviyyəyə 6,4%-ə düşüb. Lakin 2008-ci ildən başlayaraq xarici borcun ÜDM-yə nisbəti yenidən artmağa başlayıb. Məlumat üçün bildirək ki, 1994-cü ilin ölkədə adambaşına düşən xarici borc 8 dollar olub və son 22 il ərzində bu göstərici təxminən 98 dəfə artıb.
Onu da qeyd edək ki, son il xarici borcların qaytarılması üçün büdcədən böyük məbləğdə vəsaitlər ayrılır. Bu ilin dövlət büdcəsindən xarici borclarımızı geri qaytarmaq üçün 1 milyard 249,7 milyon manat, gələn ilin dövlət büdcəsindən isə 1 milyard 768,8 milyon manat vəsait ayrılacaq.
Gələn il xarici borcun bir qədər də artması istisna olunmur
Xarici borcun ÜDM-də olan nisbətinin artmasını Maliyyə Nazirliyi ÜDM-nin dollar ifadəsində azalması ilə əlaqələndirir. Eyni zamanda bildirilir ki, gələn il xarici borcun bir qədər də artması istisna olunmur. Bu artımı bir sıra iri dövlət şirkətlərinin xaricdən götürdükləri borcları geri qaytara bilməməsi ilə əlaqələndirirlər. Həmçinin bildirilir ki, Beynəlxalq Bankın sağlamlaşdırılması ilə əlaqədar olaraq xarici borcun məbləği arta bilər. Bundan başqa iri transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində üçün xaricdən borc cəlb oluna bilər. Ancaq onu da qeyd edək ki, xarici borcun artım tempinə nəzarət etmək üçün xarici dövlət borcunun yuxarı həddi 500 milyon manat həddində müəyyən edilib. Yəni il ərzində xaricdən 500 milyon manatdan artıq borc cəlb etmək mümkün olmayacaq. Xatırladaq ki, ötən il bu hədd 1,5 milyard manat səviyyəsində olub.
Xarici borcları qaytarmaq üçün ödənilən vəsaitlər ildən-ilə artmaqdadır
İstər xarici borcla bağlı mövcud rəqəmlər, istərsə də Maliyyə nazirliyin açıqladığı məlumatlar onu deməyə əsas verir ki, həm xaricdən alınan borclar, həm onun ÜDM-yə nisbəti, həm də borcları qaytarmaq üçün ödənilən vəsaitlər ildən-ilə artmaqdadır. Əksər ekspertlər bu fikirdədir ki, ölkəmizdə xarici dövlət borcunun bu səviyyədə artmasını birmənalı qəbul etmək mümkün deyil. Xarici borcun ÜDM-yə nisbəti digər ölkələrlə, o cümlədən də region ölkələri ilə müqayisədə aşağı olsa da, valyuta ehtiyatlarımızın fonunda qəbuledilməzdir. Hazırda Neft Fondunun sərəncamında 35,8 milyard dollar valyuta ehtiyatları mövcuddur. Bu vəsaitlərin müəyyən bir hissəsi aşağı faizlərlə xarici investorların sərəncamına verilib. Belə bir vəziyyətdə isə xarici dövlətlərdən və beynəlxaq maliyyə təşkilatlardan borc almaq başadüşülən deyil.
Vergi öhdəliyini yerinə yetirə bilməyən bir şirkət xarici borclarını da geri qaytara bilməyəcək
Bir məsələni də qeyd edək ki, alınan kreditlər əksər hallarda eyni sahələrə yönəldilir. Kreditlərin böyük hissəsi su və kanalizasiya, elektrik enerjisi və yol-nəqliyyat sektorunda həyata keçiriləcək layihələrin maliyyələşməsinə yönəldilir. Bu günə qədər su və kanalizasiya, elektrik enerjisi və yol-nəqliyyat sektoruna xaricdən milyardlarla dollar vəsait cəlb edilib. Ancaq bu sahələrdən yaxın gələcəkdə milyardlarla dollar gəlir əldə olunacağı inandırıcı görsənmir. Hətta qeyd edildiyi kimi bəzi iri dövlət şirkətləri xaricdən götürdükləri borcları geri qaytarmaqda belə çətinlik çəkirlər. Məsələn, iri dövlət şirkətlərindən biri olan “Azərenerji” ASC-nin maliyyə vəziyyəti o qədər çətindir ki, vergi öhdəliklərini belə yerinə yetirə bilmir. Xatırlayırsınızsa, bir neçə ay əvvəl Hesablama Palatası bildirmişdir ki, “Azərenerji”nin dövlət büdcəsinə 799,8 milyon manat borcu var. Aydın məsələdir ki, vergi öhdəliyini yerinə yetirə bilməyən bir şirkət xarici borclarını da geri qaytara bilməyəcək.
Təkcə “Azərenerji”nin deyil, xarici kreditlərin cəlb olunduğu digər sahələrin gəlirlərinə nəzər saldığımız zaman açıq şəkildə görünür ki, xarici borcları bu sahələrdən əldə olunan gəlirlər hesabına geri qaytarmaq mümkünsüzdür. Alınan borcların gələcəkdə yatırıldıqları sahələrdən əldə olunan gəlirlər hesabına qaytarılması çətin olacaq. Böyük ehtimalla bu borclar digər sahələrdən, xüsusilə də neft sahəsindən büdcəyə daxil olan vəsaitlər hesabına qaytarılacaq. Belə olan halda elektrik enerjisi və yol-nəqliyyat sektoruna xaricdən kredit cəlb etmək yerinə neft gəlirlərindən vəsait ayırmaq daha doğru olmazmı? Əgər xaricdən borc almaq yerinə neft gəlirlərindən istifadə etsək o zaman borc üçün ödəyəcəyimiz faizlər özümüzə qalar.

Allahverdi Aydın