Xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur?

473

Mətbəximizə, süfrəmizə daxil edib sevərək yediyimiz broyler toyuğunun tərkibi son zamanlar ən çox müzakirə olunan mövzulardan biridir. Mətbuatda, internet səhifələrində broyler toyuqlarının insan orqanizmi üçün zərərli olduğu vurğulanır. Hətta bəzi ekspertlər məsləhət görürlər ki, vətəndaşlar broyler toyuqlarını, ümumiyyətlə, menyularından çıxarsınlar. İnternet mediada broyler toyuqlarının şişirdilməsi ilə bağlı gedən videoyazılar da sözügedən toyuqların keyfiyyəti ilə bağlı insanlarda şübhə yaradıb. Şübhə yaransa da, insanların çoxu bunun doğru ola biləcəyinə inanmaq istəmir. Çünki ucuz qiymətə satılan toyuq əti aztəminatlı ailələr üçün əlverişli qidadır; əsasən də toyuq budları. Son zamanlar nisbətən ucuz qiymətə satılan toyuq budları ən çox tələb olunan qidalardan biridir. Lakin əhali arasında bəzən belə fikirlər də səsləndirilir ki, toyuq budları insan orqanizmi üçün zərərlidir. Hətta bəzi iddialara görə, inkişaf etmiş ölkələrdə istifadə edilmədiyi üçün broyler toyuqlarının budları inkişaf etməkdə olan ölkələrə ixrac olunur və ucuz qiymətə satılır. Bəs, görəsən, kilo ilə satılan toyuq budlarının insan orqanizminə zərəri varmi? Varsa, nədir?

 “Mağazalarda ucuz qiymətə satılan toyuq budlarının bir hissəsi əsasən xaricdən idxal olunur”

Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevə müraciət etdik. A. Vəliyev “Zaman-Azərbaycan”a açıqlamasında dedi ki, hazırda mağazalarda ucuz qiymətə satılan toyuğun bud hissəsi xaricdən, əsasən Amerikadan idxal olunur: “Azərbaycanda toyuq budu ayrıca istehsal edilmir. Diqqət yetirmisinizsə, həmin o budlar böyük ölçüdə olur. Ancaq bizim yerli toyuqların budu barmaq boyda olur. Həmin o iri sort toyuqlar bizdə yoxdur və yetişdirilmir. Ancaq xaricdən gətirilir. Həmin o toyuq budlarını da əsasən kasıb təbəqənin insanları alırlar. Bundan əlavə, şəhərdə dönər hazırlayan yerlərdə də toyuq budundan istifadə edilir”.

“Nisbətən ucuz qiymətə satılan toyuq budlarının orqanizm üçün zərərli olduğu deyilir. Bu fikir doğrudurmu?” sualımıza A. Vəliyevin cavabı belə oldu: “Toyuq budlarının orqanizmə heç bir zərəri yoxdur. Gah deyirlər, toyuq əti zərərlidir, gah deyirlər, yumurta zərərlidir. Ancaq bunlar doğru deyil. Bunu bilməyən adamlar deyirlər. Çünki bu işə nəzarət edən mərkəzlər var. Ətlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında, baytarlıqda yoxlanılır, daha sonra satışına icazə verilir. Həmin o bud dünyanın hər yerində yeyilir. Onun heç bir ziyanı ola bilməz. 20 ildən çoxdur ki, ölkəmizə toyuq budu idxal edilir. Eşitmisinizmi, kimsə bud ətindən zəhərlənib, ya ölüb? Xarici mətbuatda belə xəbərlər çoxdur. Bunlara inanmaq lazım deyil. Çünki ərzaq məhsullarına dünyanın hər yerində ciddi nəzarət olunur. Onu göndərən ölkə də nəzarət edir, alan da. Onların adı da var, markası da var. Ətlər ciddi müayinədən keçirilir. Əgər elə bir şey olsa, onlar cərimələnər və idxal dayandırılar”.

 “Xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur” 

Yerli məhsulların orqanizmə zərərli olmadığını düşünən aqronom, yem satışı üzrə mütəxəssis Hafiz Hüseynov sualımıza cavabında dedi: “Ölkəmizdə istehsal olunan bu cür məhsullar mənim fikrimcə, zərərsizdir. Ancaq xaricdən idxal olunan məhsullarda zərərli maddələrin olduğu haqqında məlumatlar yayılıb. Eşitdiyim məlumatlara əsasən deyə bilərəm ki, xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur və bizim kimi inkişaf etməkdə olan və ya inkişafdan qalmış digər ölkələrə satılır. Zərərli olduğu üçün özləri yemirlər. Ancaq onu da əlavə edim ki, yerli məhsullarda belə problemlər olmur”.

 “Yoxlamadan keçməyən heç bir ət məhsulunun satışına icazə verilmir”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin “Zaman-Azərbaycan”a verdiyi məlumata görə, istər toyuğun budu olsun, istər qanadı, istərsə də, sinəsi – insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur: “Çünki xaricdən idxal edilən ətlər gömrükdə laboratoriya müayinəsindən keçirilir və qida üçün yararlı olub-olmaması araşdırılır. Yoxlamadan keçməyən heç bir ət məhsulunun satışına icazə verilmir. Bütün bu müayinələr Respublika Baytarlıq Laboratoriyasında ən yüksək səviyyədə aparılır. Müayinə aparılan məhsullarda heç bir şübhə ola bilməz. İndiyə qədər ölkəyə idxal edilən ət məhsullarının müayinəsi zamanı da şübhəli hallar müşahidə olunmayıb”.

 “Ət məhsulları mütəmadi olaraq yoxlanılır”

Y. Xanvəli onu da əlavə etdi ki, yerli istehsalat məhsullarında da belə hallara rast gəlinməyib: “Mütəmadi olaraq ayrı-ayrı quşçuluq təsərrüfatlarından, broylerlərdən nümunələr götürülür və həmin nümunələr üzərində müxtəlif müayinələr aparılır. Bu zaman ətlər bütün istiqamətlərdə, həm ağır metallarda, həm də genetik formada yoxlanılır”.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da fikirlərini bildirdi: “Neçə ildir ki, bu məsələ Azərbaycanda müzakirə olunur. Mən 2008-ci ildə xarici ölkədə təşkil olunan beynəlxalq yığıncaqların birində həmin məsələni qaldırdım. Yığıncaqda mövzu ilə əlaqədar bir neçə fikir söylənildi. Birinci fikir bu oldu ki, broylerlərdə toyuqları tez yetişdirmək üçün onlara xüsusi dərmanlar vurulur və tez yetişən toyuqların budu kəsilir. Bud hissəsi kəsilən toyuqların qalan hissələri, əsasən sümükləri üyüdülüb yenidən toyuqlara yemək üçün verilir. İkinci fikir bu oldu ki, toyuqları tez böyütmək üçün onlara lazımsız dərmanlar verilir. Lakin böyük biznes kontraktları imzalanan ölkələr əlavə olaraq şərt qoydular ki, bazarda bu mallar da satılsın. Üçüncü fikir isə bu oldu ki, əsasən laboratoriyaları olmayan ölkələrdə belə mallar satılır. Bütün bu fikirlərə əsasən deyə bilərəm ki, toyuğun budları, qanadları, ümumiyyətlə, broyler toyuqları arzuolunmaz qida hesab olunur. Lakin onun insan orqanizmi üçün zərərli olduğu haqda ekspert rəyi yoxdur”.

Nərmin Haqverdiyeva