Xaricdən gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb

503

Cari ilin yanvar-aprel aylarında 7 milyard 673 milyon 388 min dollar həcmində xarici ticarət əməliyyatı həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,4% azalıb. Ötən 4 ay ərzində xarici ölkələrdən Azərbaycana 3 milyard 403,1 milyon dollarlıq mal idxal edilib, ölkədən xaricə isə 4 milyard 270,3 milyon dollarlıq mal ixrac edilib. Keçən ilin yanvar-aprel aylarına nisbətən ötən 4 ay ərzində idxal 24,4% artıb, ixrac isə 40,3% azalıb. Məlumat üçün bildirək ki, son illərin yanvar-aprel ayları ərzində xarici ticarət dövriyyəsində bu səviyyədə azalma müşahidə olunmayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,4% azalıb. 2013-cü ilin yanvar-aprelində isə 2,1% artım olub. Bunlardan başqa 2012-ci ilin yanvar-aprel aylarında artım 5,7%, 2011-ci ilin yanvar-aprel aylarında isə 35,8% təşkil edib.

Xam neftin ixracı 46,7% aşağı düşüb

Əvvəlki aylarda olduğu kimi cari ilin yanvar-aprel aylarında da xarici ticarət sahəsində ən çox xam neft, neft məhsulları və təbii qaz ixrac olunub. 2015-ci ilin ilk 4 ayı ərzində xarici ölkələrə 3 milyard 667 milyon dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 85,8%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, ötən 4 ayda həm neft, həm təbii qaz, həm də neft məhsullarının ixracında azalma olub. Belə ki, 2014-cü ilin yanvar-aprel ayları ilə müqaysədə ötən 4 ayda xam neftin ixracı dəyər ifadəsində 46,7%, təbii qazın ixracı 39,1%, neft məhsullarının ixracı isə 13,3% aşağı düşüb. Neft, qaz və neft məhsullarından başqa cari ilin yanvar-aprel ayları ərzində xarici ölkələrə ən çox kimya sənayesi məhsulları (54,4 milyon dollar), şəkər (54,1 milyon dollar), bitki və heyvan mənşəli yağlar (48,3 milyon dollar), həmçinin meyvə-tərəvəz (43,5 milyon dollar) satılıb. Meyvə-tərəvəz və kimya sənayesi məhsulları istisna olmaqla digər məhsulların ixracında azalma olub.

4 ayı ərzində 105,6 milyon dollarlıq tütün və tütün məmulatları idxal etmişik

2015-cü ilin yanvar-aprel aylarında xarici dövlətlərdən ölkəmizə ən çox nəqliyyat vasitələri və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 802,1 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 23,6%-nə bərabərdir. Ötən ilin analoji dövrünə nisbətən bu məhsulların idxalı dəyər ifadəsində 3,2 dəfə artıb. Eyni zamanda ilin ilk 4 ayı ərzində 718,6 milyon dollar (ümumi idxalın 21,1%-i) dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edilib. Bu növ məhsulların idxalı 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 19,6% aşağı düşüb. Qara metallar və onlardan hazırlanan məhsullar da (554,3 milyon dollar və ya ümumi idxalın 16,3%-i) idxal malları arasında üstünlük təşkil edib. 2015-ci ilin yanvar-aprel aylarında ölkəyə 406,5 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 174,2 milyon dolları buğdanın payına düşüb. Ötən ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalı 64,3% artıb. Eyni zamanda tütün və tütün məmulatları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün ilin ilk 4 ayı ərzində 105,6 milyon dollar ödənilib.

Ölkəyə 4 ayda 11 min 740 minik avtomobili gətirilib

Ötən 4 ay ərzində xaricdən 12 min 890 avtomobil gətirilib. Bunlardan 393-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 11 min 740-ı əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 645-i yük avtomobilləri, 112-i xüsusi təyinatlı avtomobillər olub. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ötən 4 ayda xaricdən gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb. Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkəyə 26 min 732 avtomobil gətirilib və bunların 23 min 893-ü minik avtomobilləri olub.

Allahverdi Cəfərov