Xaricə gedən turistlər ölkəmizə gələnlərdən 1,6 dəfə çoxdur

880

“Ötən il Azərbaycana təxminən 2 milyon 500 min turist gəlib və ölkəyə gələn hər bir turist orta hesabla 700 dollar xərcləyir”. Bu sözləri dünən Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Əbülfəz Qarayev bildirib ki, cəmiyyətdə bu rəqəmin qeyri-real olduğu barədə fikirlər dolaşır:

‘‘Çox vaxt deyirlər ki, Azərbaycana 2,5 milyon nəfər turist gələ bilməz. Qeyd edim ki, dünyada bir turizm statistikası mövcuddur: Sərhədi keçən əcnəbi vətəndaş turist statistikasına daxil edilir. Biznes, müalicə və qohumlarını görmək daxil bir çox məqsədlər üçün ölkəmizə daxil olan əcnəbilər turist sayılır. Burada işləyən əcnəbi ildə 4 dəfə xaricə evinə gedib-gəlsə də, o, hər dəfə turist kimi qeydiyyata düşür”. Nazir həmçinin vurğulayıb ki, Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını ciddi azaldıb. Onun sözlərinə görə, əvəzində ölkəyə Avropa ölkələrindən, hətta Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı artıb. Bununla belə, rus turistlərin yerini tam doldurmaq mümkün olmayıb: “Rusiya bizimlə qonşu ölkədir, bu ölkədən gələn turistlərə viza rejimi də tətbiq olunmur. Ona görə də, istər-istəməz Qərb ölkələrindən gələn turistlər Rusiya istiqamətində yaranmış kəsiri kompensasiya edə bilmir”. Nazir onu da deyib ki, yaxın 5 ildə Azərbaycana gələn turislərin sayını 4,5-5 milyon nəfərə çatdırmağa qarşıya hədəf qoymuşuq.

 Turizm məqsədilə ölkəmizə səfər edən əcnəbilərin 1/3-i istirahət və əyləncə üçün gəlib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən il ökəyə gələn turistlərin sayının azaldığını bildirsə də Dövlət Statistika Komitəsinin 2013-cü illə bağlı açıqladığı rəqəmlər bu azalmanın kəskin olmadığını göstərir. Belə ki, Statistika Komitəsi 2013-cü ildə ölkəyə 2 milyon 508 min xarici ölkə vətəndaşının gəldiyini və onların da 2 milyon 129,5 min nəfərinin turizm məqsədilə gəldiyini bildirir. Bunların da 705,2 min nəfəri istirahət və əyləncə üçün ölkəmizə təşrif gətirib. Bu isə turizm məqsədilə ölkəyə gələn əcnəbilərin 1/3-ni təşkil edir. Bundan başqa turistlərin 30,4%-i və ya 648 min nəfəri işgüzar məqsədlər, 2,1%-i və ya 46,2 min nəfəri müalicə, 0,6%-i və 13,7 min nəfəri isə dini ziyarətlər üçün ölkəmizə gəlib. Əvvəlki illə müqayisədə xarici ölkələrdən Azərbaycana istirahət və əyləncə üçün gələnlərin sayı 2,5%, işgüzar məqsədlər üçün gələnlərin sayı 9%, müalicə üçün gələnlərin sayı 7,4%, dini ziyarətlər üçün gələnlərin sayı isə 3,8% artıb.

Onu da qeyd edək ki, Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda bildirilir ki, turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin ümumi gəlirləri il ərzində cəmi 29,6 milyon manat təşkil edib və bu gəlirləri 91 min 961 turistə göstərdiyi xidmətdən əldə edib. Açıqlanan statistik göstəricilərə istinadən hesablama aparsaq görərik ki, turizm müəssisələrinin gəlirlərində hər bir turistin payı orta hesabla 322 manat təşkil edib.

 Xarici ölkələrə istirahət və əyləncə üçün gedən Azərbaycan vətəndaşlarının sayı 17,4% artıb

Xaricilərin ölkəmizə səfər etdikləri kimi, Azərbaycan vətəndaşları da xarici ölkələrə səfər ediblər. Ölkəyə 2 milyon 508 min əcnəbinin gəldiyi 2013-cü ildə, xarici ölkələrə 4 milyon 284,7 min Azərbaycan vətəndaşı yollanıb. Bunların da 3 milyon 306,7 min nəfəri turizm məqsədilə səfər edib. Yəni ölkəmizə turizm məqsədilə gələn əcnəbilərdən 1,6 dəfə çox Azərbaycan vətəndaşı xarici ölkəyə gedib. Onların da 1 milyon 53,9 min nəfəri istirahət və əyləncə, 1 milyon 290,9 min nəfəri işgüzar turizm, 169 min nəfəri müalicə məqsədilə, 82,5 min nəfəri isə dini ziyarətlər üçün ölkə xaricinə çıxıblar.

Əvvəlki illə müqayisədə xarici ölkələrə istirahət və əyləncə üçün gedən Azərbaycan vətəndaşlarının sayı 17,4%, işgüzar məqsədlər üçün gedənlərin sayı 10,1%, müalicə üçün gedənlərin sayı 45,1%, dini ziyarətlər üçün gedənlərin sayı isə 24,6% artıb.

 Rusiya və Gürcüstandan gələn insanlar ölkəyə gələn ümumi əcnəbilərin yarısını təşkil edib

Nazir Əbülfəz Qarayevin də qeyd etdiyi kimi, ölkəmizə ən çox Rusiya vətəndaşları səfər ediblər. Şimal qonşumuzdan Azərbaycanı il ərzində 903 min insan ziyarət edib. 810 min insan da Gürcüstandan ölkəmiz təşrif gətirib. Rusiya və Gürcüstandan gələn insanlar ölkəyə gələn ümumi əcnəbilərin yarısını təşkil edib ki, bunların da böyük əksəriyyəti Rusiyada və Gürcüstanda yaşayan həmvətənlərimiz olub.  Bundan başqa il ərzində ölkəmizə 361 min nəfər Türkiyə, 143 min nəfər İran, 52 min Ukrayna,  33 min Böyük Britaniya vətəndaşı səfər edib. Öləmizi ən az ziyarət edənlər Koreya Xalq Demokratik Respublikası (3 nəfər), Həbəşistan (29 nəfər), Boliviya (55 nəfər) və Fələstin (69 nəfər) vətəndaşları olub.

Allahverdi Cəfərov