Xalsız Azərbaycan

Futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçki məmləkətimizə ayaq basan gündən futbolçu axtarışındadır. Bu isə o deməkdir ki, onun fikri-zikri bir babat milli komanda formalaşdırmaqdır. Bu şəxs hərdən futbolumuzla bağlı düşüncələrini də paylaşır. İnsafən, fikirləri həqiqətən də obyektiv olur. Obyektiv dedim, nədənsə obyekt yadıma düşdü. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizim tərəflərdə obyekt sahibi olandan sonra çoxu nədənsə obyektiv ola bilmir. Mənə elə gəlir ki, elə bunun da obyektiv səbəbləri var. Odur ki, mən cənab Prosineçkiyə heç bir obyekt arzulamıram. Nə isə… Hərdən şeytan məni yolumdan elə çıxarır ki, bir də görürəm ofsayddayam. Buna görə redaktorumuz mənə sarı kart göstərməsə yaxşıdır. Yenə nə isə…

Bəli, bu günlərdə bu cənab Xorvatiyanın “Jutarnji List” nəşrinə müsahibə verib. Bu müsahibəsində o, millimizin sabiq baş məşqçisi Berti Foqts kimi millimizi yıxıb-sürüməyib. Üstəlik, millimizlə bağlı çox nikbin proqnozlar verib. Mən onun həmin proqnozları üzərində dayanıb vaxtınızı almaq istəmirəm. Bir də axı mən kiməm ki, elə bir məşqçinin bostanına top atım. Lakin onun bir fikri ilə bağlı mülahizələrimi sizinlə bölüşmək niyyətindəyəm. O deyib: “Onların problemləri Avropada oynayan çoxlu futbolçularının olmamasıdır. Lakin gördüklərimə əsaslanaraq, yaxşı potensiala malik güclü çempionatlarının olduğunu deyə bilərəm. Onları hansısa ölkə yığması ilə müqayisə etmək istəməzdim. Amma seçmə mərhələdəki 0 xal Azərbaycan futbolunun əsl görkəmi deyil”. Bəri başdan deyim ki, şəxsən mən də onun bu fikirlərinə qatılıram. Sözüm bunda yox.

Bəli, həqiqətən də, Avropa futbol çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən 4 oyunda heç bir xal toplamamağımız, daha doğrusu, 0 xal Azərbaycan futbolunun görkəminə əsla yaraşmır. Komandamız bu məsələdə hətta ermənilərdən geridə qalıb e… Yəni acından günortüstü yuxudan duran Ermənistan millisi bir xal əldə edə bilib. Ən acınacaqlısı odur ki, 53 komanda arasında Azərbaycan bu göstəriciyə görə “cırtdan” dövlətlərlə (Andorra, Cəbəllütariq) bir sıradadır. Digər “cırtdan”lar — Lixtenşteyn 4, Farer adaları 3, San-Marino, Lüksemburq isə hərəyə bir xal toplayıb. Bu mənada tanınmış şoumen və futbol azarkeşi Bəhram Bağırzadənin dediyi kimi, Azərbaycan futbolu şou-biznesimizdən də gülməli vəziyyətdədir desək, yanılmarıq. (Bu biabırçılığa sadəcə komandanın baş məşqçisi Berti Foqts baş götürüb getməklə cavab verdi). Halbuki son illər adlarını çəkdiyim ölkələrlə müqayisədə Azərbaycan futboluna kifayət qədər maya qoyulub: stadionlar, məşq meydanları inşa olunub. Lakin qoyulan sərmayə ilə göstərilən nəticələr arasında göründüyü kimi kəskin təzad var. Yəni Azərbaycan futbolunun əsl görkəmi tam başqa olmalı idi. Bu yerdə Cəlaləddini Rumınin bir kəlamı yadıma düşdü: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Bu məşhur kəlam barədə düşünəndə məndə belə bir nəticə hasil oldu ki, sən demə, bu ifadəni yalnız insanlara deyil, komandalara, ölkələrə də şamil etmək mümkündür. Odur ki, sual olunur, belə bir şəraitə rəğmən, Azərbayan niyə olduğu kimi görünmür, yaxud göründüyü kimi olmur? Azərbaycanı başqa bir görkəmdə dünyaya təqdim etmək istəyənlər heç bu barədə düşünürlərmi? Heç xəcalət çəkirlərmi? Bu vəziyyət mənə məşhur dramaturqumuz Cəfər Cabbarlının “Sevil” pyesindəki Balaşı da yadıma saldı. O Balaş ki, atası Balakişini ölü paltarında məclisə çıxarır…

Bəli, bizim millimiz son günlər olduğu kimi görünmək üçün dəridən-qabıqdan çıxır. Bu “çıxma”ların nə qədər effektli olacağını isə zaman göstərəcək. Hazırda həmin məsələ komandanın baş məşqçisi Robert Prosineçkinin bir saylı vəzifəsinə çevrilib. Bu sahədə onun uğur qazanacağına şübhə ilə yanaşmaq istəmirdim ki, bir məlumat diqqətimi cəlb etdi. Onu sizin də diqqətinizə çatdırmaq istəyirəm. Sən demə, Robert Prosineçki da alman imiş. O, Almaniyada xorvat əsilli ailədə doğulub, uşaqkən tarixi vətəninə qayıdıbmış. Bu isə o deməkdir ki, Berti Foqts getsə də yerinə başqa bir alman gəlib. Deyirəm, kaş Prosineçkinin aqibəti Foqtsun aqibəti kimi olmaya.

QVAMİ MƏHƏBBƏTOĞLU