Xalqını sevən şəxs baş verən hadisələrə laqeyd qala bilməz

0
422

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri – Sahibə Allahverdiyevanın və iki yaşlı Zəhra Quliyevanın həlak olması, Səlminaz Quliyevanın qəlpə yarası alması mingəçevirliləri də olduqca kədərləndirib. Tibb bacısı Məlahət Əliyevanın sözlərinə görə, atəşkəs dövründə dinc əhalinin, xüsusən də qadınların və uşaqların öldürülməsi heç bir qanuna və ya əxlaqa sığmır: “Mən bunu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, dünya birliyi iyulun 4-də cəbhə xəttində baş vermiş hadisələrə kəskin münasibət bildirməlidir”. O həmçinin bildirib ki, erməni xisləti hiyləgərlik, fitnəkarlıqla yoğrulub.

 

Bir zamanlar Mingəçevirdə uzun illər onunla bir yerdə tibb bacısı kimi kimi fəaliyyət göstərmiş Sveta adlı bir erməni qadından söz açan Məlahət xanım bildirdi ki, 1989-cu ildə Mingəçevirdən gedəndən sonra bu erməni bizim ünvanımıza məktub yazaraq bildirmişdir ki, “mən indi çox təəssüflənirəm ki, niyə azərbaycanlılarla bir yerdə işləyən zaman onlardan bir neçəsini zəhərləyib öldürməmişəm, bu hərəkətimə görə özümü bağışlaya bilmirəm. Odur ki deyirəm: onlar ancaq pislik, vəhşilik, oğurluq etmək üçün yaranıblar”.

 

Mingəçevirdə məskunlaşmış Kəlbəcər sakini, tarix müəllimi Vahid Qafarlının sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini nəinki yerinə yetirmir, əksinə, öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndirməyə çalışır. Yeri gəlmişkən, onu da deyim ki, erməni vandalizminin zülmlərini hələ bizim dədə-bablarımız da görüblər: “Bu zülm bu gün də davam edir. Artıq neçə əsrlər keçsə də yenə ermənilər bizə qarşı öz çirkin əməllərini davam etdirirlər. 1993-cü ildən Mingəçevirdə məskunlaşmışıq. Zəhranın başına gətirdikləri bu zülm bizi çox hiddətləndirib. Neçə gündür özümüzə gələ bilmirik. Axı nə qədər dözməliyik?! Torpaqlarımızı aldılar, evlərimizə od vurdular. Bəs günahsız bu körpələrdən nə istəyirlər? Mən buna bir insan kimi, bir müəllim kimi öz etirazımı bildirirəm. Müharibənin müharibə qanunları var. Dinc əhali qorunmalıdır. Ermənilər bu hərəkətləri ilə bir daha öz murdar siyasətlərini göstərdilər. Artıq islanmışın yağşdan qorxusu yoxdur. Onların murdar əməllərindən biz 25 ildir qaçqın vəziyyətdə yaşayırıq. Oğru-quldurlar gəlib səfalı yerlərimizə soxulublar. Tülkü kimi gizlənərək insanlarımıza güllə atırlar”.

Mamedov Namiq də bu vəziyyətlə barışa bilmədiyini bildirdi: “Məlum hadisə ilə bağlı mən də  kəskin fikirlərimi bildirirək deyirəm ki, biz hamımız bir nəfər kimi onlardan qisas almağa hazırıq: “Ermənilər öz havadarlarının köməkliyi ilə azğınlaşıblar. Biz buna göz yuma bilmərik. Biz, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik və torpaqlarımızın azadlığı, ana-bacılarımızın ölümündə əli olanların layiqli cəzalarını almaları üçün mübarizəyə hazırıq”.

Digər sakinlər də bildirdilər ki, Vətənini, xalqını sevən şəxs baş verən hadisələrə laqeyd qala bilməz.

Esmira Hidayətova, Mingəçevir