Xalqın sözü, haqqın səsi

570

Quba rayon “Şəfəq” qəzetinin ilk nömrəsi 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə çapdan çıxmışdır. 1922-ci ilin noyabrından “Yeni dirilik”, 1937-ci ildən “Kollektivləşmə yolu”, 1938-ci ildən 1962-ci ilin aprelinədək “Qızıl Quba”, 1991-ci ilədək “Şəfəq”, 1992-ci ilin yanvarından 1996-cı ilədək “Quba”, bundan sonra yenidən “Şəfəq” adı ilə nəşr edilir.
Qəzet ən çətin vaxtlarda belə nəşrini dayandırmamışdır. Rayonda aparılan quruculuq işlərinə öz səhifələrində geniş yer ayırmışdır. Yaradıcı kollektiv bu gün də ənənəyə sadiq qalmışdır. Aparıcı mövzular sırasında vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin qorunması xüsusi yer tutur.
Redaksiya kollektivinin həyatında unudulmaz, yaddaqalan anlar da çox olub. Bunlardan biri ümummilli lider Heydər Əliyevin 1996-cı il iyul ayının 27-də qəzetin 75 illik yubileyinə ünvanladığı təbrik məktubudur. Məktubda deyilir: “Şəfəq” qəzeti çox zəngin və şərəfli bir inkişaf yolu keçmişdir. Qəzet Azərbaycanın çoxşaxəli mədəniyyətə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümdə problemlərinin həllinə səfərbər etmişdir”.
Qəzetin şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əli Kərimov, Camal Balayev, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov, Elmira Aşurova haqqında da bu gün ancaq xoş söz söyləmək olar. Onların fədakar əməyi sayəsində qəzet zamanın sınağından həmişə alnıaçıq çıxmışdır. Vaxtilə redaksiyada əmək fəaliyyətinə başlayanların bir çoxu ali məktəb müəllimi, hüquqşünas və başqa peşə sahibi olub.
Oxucu sevdiyi qəzetdən həmişə düşündürən yazılar, səriştəli təhlil istəyir. 95 illik yubileyə hazırlaşan redaksiya kollektivi də öz işində bu amili əsas götürür. Bu, belə də olmalıdır. Çünki xalqın sözü haqqın səsidir.

Qəhrəman QASIMOV,
əməkdar jurnalist
Quba