“Xalqın dövlətə münasibəti məmur fəaliyyətindən asılıdır”

455

Prezident İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq”, -deyib.Dövlət başçısı qeyd edib ki, məmurlar xalqla bir yerdə olmalıdırlar: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılırlar. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.

Millət vəkili Fəzail İbrahimli Prezidentin bu çıxışının bir ismarış olduğunu bildirdi. Millət vəkilinin sözlərinə görə dövlət başçısının məmurlardan istəyi onların insanları qəbul etmələri, problemlərinə diqqətlə yanaşmaları, qulaqardına vurmamaları, laqeyd münasibətdən kənar olmaları, qanuni bir dövlət məmuru olmaları, bir məmur əxlaqı sahibi olmarıdır.

Millət vəkili Nizami Cəfərov isə Prezidentin sözügedən çıxışını bir dövlət idarəçilik mexanizmi adlandırdı: “Bizim dövlətçilik ənənəmiz elə də böyük deyil. Ona görə də, məmur sinifinin formalaşması 10-15 ilə mümkün deyil. Amma demokratiyanın sürətlə inkişafı bu prosesi sürətləndirir”.  N. Cəfərovun fikrincə hər bir məmur üç əsas keyfiyyətə sahib olmalıdır: “Birincisi məmurların yüksək peşəkarlığı olmalıdır. İdarəçilikdə peşəkarlıq olmadan hətta ən səmimi, yaxşı işlər görmək istəyən məmur da problemlərlə üzləşə bilər. Ona görə də birinci növbədə o peşəkar olmalıdır. İkinci tərəfdən məmurların ideoloji hazırlığı, dövlətçilik təfəkkürü yüksək səviyyədə olmalıdır. Onların fəaliyyətindən xalqın dövlətə münasibəti xeyli dərəcə asılıdır. Çünki, onlar yerli idarəçidirlər. Bir də hər bir məmur şəxsi, mənəvi keyfiyyət sahibi olmalıdır ki, korrupsiyaya, rüşvətə qurşanmasın. Özü də bu gün məmurlar kifayət qədər yüksək məbləğdə maaşla, maliyyə ilə təmin olunurlar. Bu üç istiqamət mənim fikrimcə, əsasdır”.

Millət vəkili Zahid Oruc Prezident məmurlar qarşısında öz nümunəsini qoymaqla kifayətlənmədiyini, həm də cəzalandırdığını bildirdi: “Nə yaxşı olardı ki, bütün bunlar qılıncsız baş versin. Axı harınlamamaq, yekəxanalıq etməmək üçün öz imkanlarını dəbdəbə formasında vətəndaşa nümayiş etdirməmək üçün, qarşıdakı adamı qul yerinə qoymamaq üçün o qədər yüksək nümunələr var ki. Bunları etmək mümkündür. Sadə vətəndaşa qayğı ilə yanaşmaq, onların problemlərinin həlli kimi məsələlərdə Heydər Əliyev bir nümunədir”. Z. Orucun fikrincə dövlət başçısı məmurlardan bir “ASAN xidmət” modeli gözlədiyini qeyd etdi: “Mənə elə gəlir ki, hökumət “ASAN xidmət” modelində işləməlidir. Bu xidmətin cəmiyyətə verdiyi mesaj vətəndaşlara bərabərhüquqlu münasibətdir. Mənim fikrimcə Prezident öz komandasını məhz bu şəkildə görmək istəyir.

Bəylər Məcidov