“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu”

114

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videoseminar keçirilib.

Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir şəhərinin rəsmi din xadimləri, Mingəçevir Gənclər Evinin könüllüləri, eləcə də ictimaiyyəti fəal nümayəndələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildirib ki, zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınan xalqımız tarixin ən çətin dövrlərində belə öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.

Tədbirdə mövzu üzrə çıxış edən Mingəçevir Bələdiyyəsinin şöbə müdiri, Mingəçevir ŞİHB yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı qeyd edib ki, hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini də milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi təşkil edir. Milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Zahid Qasımlı İkinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi. Xalqın ölkənin liderinə dərin inamı, cəmiyyətimizdəki siyasi, milli və dini həmrəylik qələbəmizin təminatında çox mühüm rol oynadı.

“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Humay Baxışova, Mingəçevir şəhəri “Zəhra” məscidinin imamı Əkbər Əliyev çıxış edərək bildiriblər ki, milli-mənəvi dəyərlər xalqı ayaqda tutan, onu formalaşdıran ayrı-ayrı etnosların və millətlərin həmrəylik içərisində yaşamasını və onların tarix səhnəsində vahid kimliklə təmsil olunmasını təmin edir. Onlar Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin, dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda istər ön cəbhədə olsun, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəməməsini dövlətin apardığı bu uğurlu siyasətin nəticəsi kimi dəyərləndiriblər.

Esmira  Hidayətova, Mingəçevir