Xalqımızın birliyinin və əzmkarlığının yeni ünvanı

0
22

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazandı, 30 il davam edən erməni işğalına son qoydu. Ali Baş Koman­danımız İlham Əliyev qalib sərkərdə, ordumuz ən güclü ordu, xalqımız isə məğrur, yenilməz xalq kimi tarixə həkk olundu. Hazırda qarşımızda duran əsas məsələ erməni vəhşilərinin xarabalıqlara çevirdikləri şəhər, qəsəbə və kəndlərimizi bərpa etməkdir. İşğaldan azad olunmuş Qarabağ ərazilərinin bərpa və yenidənqurma mərhələsinə başlanıb. Şübhəsiz, bu prosesdə hər bir vətəndaşımızın harada yaşamasından asılı olmayaraq göstərmək istədiyi dəstək də mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alan dövlətimizin başçısı yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Mütəxəssislərin fikrincə, bu addım Qarabağımızda yeni həyatın dirçəldilməsində olduqca əhəmiyyətli rol oynayacaq. Belə ki, bu, bütün potensialın səfərbər edilməsinə, ölkəmizin inkişafında birgə uğur salnaməsi yazmağa imkan verəcək. Daha doğrusu, 44 gün davam edən Vətən müharibəsində yumruq kimi birləşərək bir araya gələn xalqımız Qarabağın  dirçəldilməsi və dinc quruculuq işlərində də yeni bir qəhrəmanlıq nümayiş etdirəcək. Nəticədə işğaldan azad edilən ərazilərimiz tamamilə yenidən qurulacaq, müasir infrastruktur yaradılacaq, şəhər, qəsəbə və kəndlər tikiləcəkdir. Burada bir müqayisə aparmaq da yerinə düşərdi. Məlum olduğu kimi, torpaqlarımızın erməni daşnaklarından azad edilməsi üçün  xalqımız təqribən 30 il mübarizə aparıb və istəyinə nail olub. Amma erməni barbarlarının törətdikləri dağıntıların, vurduqları  ziyanın miqyasının genişliyinə baxmayaraq, Qarabağın abadlaşdırılmasında bu qədər zamana əsla ehtiyac olmayacaq.  Hər şeydən əvvəl ona görə ki, xalqımız qurub-yaradan xalqdır. Bununla bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində Ağdam məscidinin qarşısında çıxış edərkən  demişdir: “Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik.”

Bəli, Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz öz sözünü deyib. İndi söz hər bir vətəndaşımızındır. Bu aspektdən çıxış etsək, deyə bilərik ki, dövlət başçımızın rəhbərliyi altında hər birimizin dəstəyi, daha doğrusu, fərqli mənbələrdən sərmayənin, vəsaitin cəlb edilməsi ilə Qarabağın dirçəldilməsini çox qısa zaman kəsiyində başa çatdıra bilərik. Elə xalqımızın da hazırda ən böyük istəyi budur. Bu mənada sözügedən sənəd arzulanan, həm də sosial sifarişdir desək, yanılmarıq. Çünki demək olar ki, hər kəs erməni faşizmindən təmizlənmiş ərazilərimizdə aparılan abadlıq, bərpa işlərinə bu və ya digər şəkildə yardımçı olmaq niyyətindədir. Həmin ali sənədi həm də indiyədək bu istiqamətdə atılan addımların məntiqi nəticəsi kimi də dəyərləndirmək olar.

Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, işğaldan azad edilmiş yaşayış məskənlərimizin abadlaşdırılması qüdrətli dövlətimiz, eləcə də xalqımız üçün heç bir problem yaratmayacaq və qısa zaman kəsiyində Qarabağ regionun müasir diyarına çevriləcək.  Erməni vandallarını torpaqlarımızdan 44 günə təmizlədiyimiz kimi, oradakı şəhər, kənd və qəsəbələrimizi də az bir zaman ərzində dirçəldə biləcək, əvvəlkindən də yaxşı görkəmə salacağıq. Bir sözlə, 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlıda olduğu kimi, erməni tapdağından xilas edilən digər yaşayış məskənlərimizin  hər biri də qısa zamanda öz normal həyatına qovuşacaq. Bu tarixi prosesə “Qarabağ Dirçəliş Fondu”nun  da mühüm töhfə verəcəyi danılmazdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”