Xalqımız tam əmin ola bilər ki…

386

“İyulun 10-da radikal dini yönümlü bir qrup şəxsin Gəncədə asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi və bunun qarşısını alarkən iki yüksək rütbəli polis zabitinin şəhid olması günün müzakirə mövzusu olaraq qalmaqdadır. Çünki bu dəhşətli hadisə ölkə vətəndaşlarının kəskin hiddət və qəzəbinə səbəb olub. Hər kəs yaxşı başa düşür ki, törədilən bu təxribat Azərbaycan dövləti və dövlətçiliyimiz əleyhinə yönəlib. Belə bir terrorun xaricdən idarə olunduğu, dövlətimizin prinsipial və dönməz siyasətinin sarsıdılması üçün həyata keçirilməsi də heç kimdə şübhə doğurmur. Xalqımız həmişə olduğu kimi, bu dəfə də dövlətciliyimizə sədaqət nümayiş etdirdi və cinayətkarların zərərsizləşdirilməsində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Artıq Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı 22 nəfər həbs olunub, bir nəfər – Rəşad Böyükkişiyev isə əməliyyat zamanı polisə  silahlı müqavimət göstərərkən məhv edilib”.

Bu fikirləri Quba rayon Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar jurnanlist, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov bildirib. O deyib ki, cənab Prezident respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda terrorun törədilməsi səbəbi və onun arxasında duran məkrli qüvvələr haqqında ciddi mesajlar verib. Cinayətkarlar və onların arxasında dayananların heç vaxt öz məkrli niyyətlərinə çata bilməyəcəklərini vurğulayıb: “Şübhəsiz, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da üzə çıxaracaq. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduqları cəzalarını alacaqlar. Mənim şəxsi qənaətimə görə, bu gün Azərbaycanda sabitliyin pozulması cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində  bir sıra beynəlxalq layihələrdən kənarda qalmış  Ermənistanın və onun havadarlarının daha çox marağındadır. Onlar bizim ölkəmizdə hərc-mərclik yaradılmasına nail olmaq istəyirlər.

Təəssüf ki, hələ də onların fellərinə uyaraq öz Vətənlərinə qənim kəsilən üzdəniraq “soydaşlarımız” tapılır. Dövlətimizə, dövlətçiliyimizə xor baxanlar, düşmənlərimizin əlində alətə çevrilən belə xəyanətkarların kökü kəsilməlidir. Onların dini adətlərə uyğun olaraq qəbiristanlıqlarımızda dəfn edilməsi belə yolverilməzdir. Çünki Vətən torpaqlarının belələrini ağuşuna alması günahdır”.

Q. Qasımov, həmçinin bildirib ki, bir neçə internet informasiya resursları və sosial şəbəkələr istisna olmaqla media ümumən baş verənlərə obyektiv prizmadan yanaşıb və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirib, bununla da son hadisələrin doğurduğu sınaqdan üzüağ çıxıb: “Onlar haqlı olaraq bu kimi olayların müstəqil dövlətimizə tuşlandığını bildirdilər. Elə bu aspektdən də çıxış edərək bu hadisələri işıqlandırarkən Azərbaycanın dövlətçilik prinsiplərini üstün tutdular. Unutmayaq ki, media peşəkarlığı dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiyadır. Onlar bu missiyanı yüksək səviyyədə yerinə yetirməklə mən deyərdim ki, hətta cəmiyyətə nümunə olublar. Mən bir mətbuat işçisi kimi, həmkarlarımın bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalarını təqdir edirəm”.

Tanınmış kamança ustası, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Şəfiqə Eyvazova da hadisə ilə bağlı öz fikirlərini “İki sahil”lə bölüşüb. O deyib ki, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayıb yaradır. Bu gün ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir: “Son 15 ildə iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə yoxdur. Görünür,  bütün bunlar həm daxili, həm də xarici düşmənlərimizi çox narahat edir. Ölkə başçısının siyasətinə, iradəsinə isə şər qüvvələr heç cür təsir edə bilmirlər. Cənab Prezidentin bildirdiyi kimi, onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Odur ki, belə qanlı olaylara əl atırlar.

Bəli, daim Azərbaycan dövlətçiliyinin, ictimai asayişin keşiyində ayıq-sayıq dayanmış hüquq mühafizə orqanlarının operativliyi və xalqımızın əzmi sayəsində ölkəmizdə sabitliyin pozulmasına hesablanmış bu təxribatın da qarşısı alındı. Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planları indiyədək olduğu kimi, bundan sonra da iflasa uğrayacaq”.

Şəfiqə Eyvazova qeyd edib ki, belə hadisələr təkcə ölkədə sabitliyin pozulmasına istiqamətlənmir, eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlir. Amma belə hadisələrin təşkilatçıları unudurlar ki, illərlə müharibə şəraitində yaşayan, multikultural dəyərlərə həmişə üstünlük verən  Azərbaycan heç vaxt  bugünkü qədər güclü olmayıb, bu mənada onu terrorla hədələmək, sarsıtmaq qeyri-mümkündür: “Prezident İlham Əliyevin bildirdiyi kimi, xalqımız tam əmin ola bilər ki, ölkəmiz bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Prezidentinə güvənən xalq-iqtidar birliyinin sarsılmazlığı nəticəsində bütün maneələr dəf ediləcək və xalqın xoşbəxt gələcəyi təmin olunacaq”.

Qvami Məhəbbətoğlu,

“İki sahil