Xalq artisti, yoxsa toy manısı?

600

Son günlərin gündəmi məşğul edən ən mühüm məsələlərindən biri xalq artistləri arasında baş alıb gedən dava-dalaş oldu. Əgər bu münaqişəyə qoşulan ikinci tərəfin, yəni Aygün Kazımovanın bir bildiyi varsa və özü dediyi kimi, vicdanının səsinə qulaq asaraq, bir insanın haqsız yerə zindanda çürüməsinə etiraz məqsədiylə bu davaya başlayıbsa, bunu, sadəcə, alqışlamaq lazımdır. Amma orası da var ki, səslənən ittihamlarda kifayət qədər dərin, həm ağır kriminal elementlər diqqəti çəkməkdədir. Əgər səslənən ittihamlar doğrudursa, mənim üçün işin ən ağır tərəfi odur ki, kimsə kiminsə sifarişi ilə həbsə atılır. Söhbət insan taleyindən gedir, anlayırsınızmı? Bu zamana qədər sifarişli killerlərin olduğunu çox eşitmişdik. Bu eşitdiyimiz isə daha dəhşətlidir, dövlətin ədalət sistemi, yəni namusu kimlərinsə hikkəsinə, kaprizinə xidmət edir. Ölkənin məşhur vəkillərindən birinin açıqlaması bu qənaətə gəlməyə əsas verir. Günlər uzunu gündəmdən düşməyən bu dava haqqında danışanların əksəriyyəti belə bir məsələni xüsusi vurğuladılar ki, “xalq artisti” kimi xüsusi ünvanı daşıyan sənətkar gərək nümunə olsun. Dünən yayılan xəbərlərdə tanınmış toy müğənnilərindən biri də belə deyir ki, bütün bu rəsmi adlar, yəni “əməkdar artist”, “xalq artisti” pulla, daydayla əldə edilir. Əgər həqiqətən də bu adamlar qara yollarla bu adlara can atırlarsa, onlardan hansı nümunəvi davranışı gözləyirlər? Bunların ağzından çıxardıqları söyüşü adam küçədə eşidəndə qulağını tutur. Siz onlardan nə gözləyirsiniz?
Qardaş Türkiyədə “Dövlət sənətçisi” adında bir ünvan var və səhv eləmirəmsə, bu ünvan da tez-tez yenilənir. Ola bilsin ki, bizdə hansısa müğənni dövlət tədbirlərində can-başla iştirak etdiyi üçün ona “Xalq artisti” adı verilir, amma elə düşünürük ki, belə sənətçiyə “Dövlət sənətçisi” ünvanı vermək daha məqsədəuyğun olardı. “Xalq artisti”, “Xalq şairi” kimi ünvanlar sovetdən qalma müraslardır və məncə, bunlardan nə qədər tez qurtarsaq, daha yaxşı olar. Əmin olun ki, o ünvanları atmağımız əlifbamızdan apastrofu atmağımızdan daha gərəkli məsələdir. Görünür, o adların saxlanılmasında maraqlı olanlar var, hansısa qara bazarın bağlanmasını istəmirlər. Əgər nizamnamədə yazıldığı kimi, bu adlar sənətkarlığa görə verilirsə, onda istər-istəməz düşünürsən ki, niyə Almaz Orucovanın, Eldəniz Məmmədovun, Sahib İbrahimovun, Abgül Mirzəliyevin, Güllü Muradovanın heç bir adı yoxdur, amma sənətə heç bir aidiyyəti olmayan filankəslər xalq artisti, əməkdar artist adı daşıyırlar? Ədalət dediyin budurmu?
Görəsən o təqdimatı yazan nazirlik əməkdaşı heç vicdanına hesabat verirmi? Verirsə, utanırmı? Xəyanətin min bir variantı var, bu da həmin variantlardan biri. Xalqın mədəniyyətinə xəyanət, ədalət hissinə xəyanət. Uşaq da kimin kimdən yaxşı oxuduğunu bilir, amma kimlərinsə qap-qaç yoluyla qabağa keçməsini, layiq olmadığını asanlıqla əldə etdiyini görür və ədalət hissini itirir. Anlayır ki, bu cəmiyyətdə heç bir şey zahirən göründüyü kimi deyil. Anlayır ki, söz başqa, iş başqadır. Bundan sonra “bacarana baş qurban” məntiqi ortaya çıxır.
Son dövrlərdə meydana çıxan bu “xalq artistləri”, “əməkdar artistlər” bircə şeyə xidmət elədilər: musiqimizi duyğusuz hala gətirdilər, ürəkdən çıxarıb ayaqlara endirdilər. Son onillikdə meydana çıxan mahnıların əksəriyyəti toyda oynamaq üçündür və o ritmdə yetişən manıslar rəsmi adlar daşıyırlar. Bəli, bu ünvanı-titullu manıslar musiqimizi toy havası halına gətirdilər.
Dəvəyə dedilər: “Boynun niyə əyridir?” Dedi: “Haram düzdür ki, boynum da əyri olmasın. Vəssalam”.
Əli Çərkəzoğlu