Xalçaçılıq: qeyri-neft sektorunda aparıcı sahə

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri sayılan xalçaçılığa diqqət artıb. Belə ki, 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialları yaradılıb. Filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” adı altında 287 ədəd xalça satılıb.

Xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılması da diqqət mərkəzindədir. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabriki inşa olunur. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin böyük miqyaslı iqtisadi layihələrindən biri hesab olunur. Bu müəssisədə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Mütəxəssislərin fikrincə, fabrik “Azərxalça”nın filiallarının, eləcə də özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatını ödəməyə, həmçinin  idxaldan asılılığı tamamilə aradan qaldırmağa imkan verəcək.

Həmin müəssisənin xammalla təminatı da diqqət mərkəzindədir. Belə ki, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təşkil olunur. 2019-cu ildə isə Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı toplanılacaq.

Xalçanı mənəvi dünyamızın atributlarından biri kimi dəyərləndirən və xalçaçılıq sənətimizin UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi nümunələri siyahısına daxil edildiyini vurğulayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, xalçaçılığa bu qədər diqqət yetirilməsi onun respublikamıza yalnız valyuta gətirəcəyi, yaxud yeni iş yerlərinin açılacağı ilə əlaqədar deyil: “Unutmayaq ki, hazırda dünyanın bir çox xarici muzeylərində Azərbaycan xalçaçılıq məktəblərinin dəyərli nümunələri qorunur. Bunlardan ən məşhuru Böyük Britaniyanın Viktoriya və Albert muzeylərindəki Səvəfi hökmdarı Şah Təhmasibin tapşırığı ilə toxunmuş XVI əsrə aid “Şeyx Səfi” xalçasıdır. Onların hər birində bizim dünyamız, mədəniyyətimiz, dünyaya baxışımız, həyatımız, dünənimiz nağılvari  ilmələrin dili ilə bəşəriyyətə çatdırılır. Odur ki, xalçalarımızın dünyada bərabəri yoxdur. Bu mənada onlar adi muzey eksponatları  deyil. Yeri gəlmişkən, dövlətimizin başçısı çıxışlarının birində xalçaçılıqla bağlı görülən işlərin əhəmiyyətini qiymətləndirməklə yanaşı, bu sahənin inkişaf etdirilməsinin daha vacib bir özəlliyini xüsusi vurğulayaraq belə deyib:  “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır… Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk”. Sənətşünas daha sonra bildirdi ki, elə dövlət başçısının bu fikirlərinə istinad edən Vidadi Muradovun rəhbərlik etdiyi “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti  xalçalarımızın kütləvi şəkildə ixracına nail olmaq üçün beynəlxalq əlaqələrini daha genişləndirir: “Avropanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın böyük xalça şirkətləri ilə danışıqlar aparılır, əməkdaşlıq haqqında müqavilələr hazırlanır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”