Xalça Muzeyində “Keçə sənətinin tarixi”ndən danışılacaq

0
360

Yanvar ayının 7-də Azərbaycan Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu “Keçə sənətinin tarixi” mövzusunda tədbir keçirəcək. Bu barədə saytımıza Azərbaycan Xalça Muzeyinin əməkdaşı İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və keçələrin məişətdəki əhəmiyyətindən bəhs ediləcək.
İlahə xanım həmçinin bildirdi ki, keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Amma mənbələrə əsasən deyə bilərik ki, qədim dövrlərdə soyuq havalarda insanlar isti olsun deyə, adi yun və ya yunlu dəridən istifadə ediblər: “Bir müddət sonra yunun bir-birinə yapışdığını görüb keçə əldə etməyi öyrəniblər. Azərbaycan xalqının məişətində keçədən istifadə geniş yer tutub (Yeri gəlmişkən, bu, toxuculuğa aid edilir, lakin toxuculuğun başqa qoludur. Keçə toxunmur, döyülür). Keçə məmulatlarından müxtəlif məqsədlər üçün istifadə edilib. Əhali keçədən döşənəcək, at, ulaq üçün tərlik, baş geyimi, yapıncı hazırlayıb, daha çox alaçıqların üstünü örtmək üçün istifadə edib. AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin təbirincə desək, lazım gələndə keçə türk döyüşçüsünün döyüş geyimi də olub”. Onun sözlərinə görə, müasir dövrdə, turizmin inkişaf etdiyi bir vaxtda keçədən düzəldilmiş bəzəkli məişət əşyaları, baş geyimləri, gödəkçələr xarici qonaqların diqqətini daha çox cəlb etdiyindən keçəçiliyi gəlirli işə çevirmək mümkündür.
Daha sonra o, keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu barədə məlumat verib. Dedi ki, keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan Rauf İsmayılov “Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” və s. əsərlərin müəllifidir. 2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005-2006-ı illərdə İran İslam Respublikasının, 2006-ı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində “Həyatın bir anı”, 2009-cu uldə “Ulu sənət”, 2010-cu ildə “Ulu xalq-ulu sənət”adlı fərdi səgiləri təşkil olunub. Onun işlərinin çoxu Xalça Muzeyində, İncəsənət Muzeyində, Heydər Əliyev Fondunda, Tarix Muzeyində saxlanılır. Onun əl işləri xarici muzeylərdə də (Haaqa Muzeyində, Pribaltikada, MDB ölkələrində, İran, Türkiyə muzeylərində və s.) saxlanılır. Qarışıq rənglərdən hazırladığım keçə hazırda BMT-nin Daimi sərgi salonundan asılıb. Rəssam bu sənəti tələbələri ilə yanaşı, övladlarına da öyrədib”.
Qvami Məhəbbətoğlu