“Xalça kolleksiyamı zənginləşdirməkdə israrlıyam”

0
500

Mingəçevirdən olan Əbdülhəsən Mirzəyev qədim xalçaların sahibidir. Onun evində müxtəlif xalçalar var. İllər uzunu topladığı xalçaların dəyəri ölçüyə gəlməzdir.

Bəli, Mingəçevirdən olan 55 yaşlı Əbdülhəsən Mirzəyev maraqlı xobbisi ilə seçilir. Belə ki, o, müxtəlif dövrlərdə toxunan əl xalçalarını toplayır. O, əvvəlcə nənə-babasından qalmış yadigar xalçaları öz kolleksiyasına daxil edib. Daha sonra isə o, bəzi şəxslər tərəfindən lazımsız bilinənləri alıb. Bununla da öz kolleksiyasını daha da zənginləşdirib.

Dediyinə görə, yaşadığı mənzilin eyvanına salınan qədim xalçalar onun yorğunluğunu alır, ona xoş əhval-ruhiyyə bəxş edir. Ədbülhəsən kişi qədim əşyaların tarixini müəyyən etmək üçün müxtəlif kitablar da əldə edib. “Xalçalar müxtəlif ölçüdə, fərqli naxışlarla toxunub”, – deyən müsahibimiz bildirdi ki, yaşı bir əsrdən artıq olan əşyalara marağı böyükdür. Onun topladığı xalçalar həm də diqqət mərkəzindədir. Hətta ona xalçalar görə avtomobil təkilf edənlər də olub: “Yeri gəlmişkən, onu da deyim ki, mən onların heç birini satmaq fikrində deyiləm. Əksinə, onların sayını artırmaqda israrlıyam”.

Əbdülhəsən kişi bir məsələni də xüsusi vurğuladı: “Evə gələn dost-tanış bu xalçaları bizim ayağımızın altında görəndə məni qınıyırlar. Mən isə onlara deyirəm ki, bunlar ayağımın altında mənə rahatlıq verir. Nəvələrim onların üstündə gəzişəndə alayı zövq alırlar. Məncə, bu da bir cür xoşbəxtlikdir. Hə, yadıma düşmüşkən, bir zamanlar uşaq anadan olanda nənələrimiz onları xalça üzərində iməklədərdi. Bununla elə, obaya, vətənə, ailəyə bağlılığını uşağın şüuruna və genetik koduna hopdurardılar”.

Esmira Hidayətova, Mingəçevir