“Xal”, “söyüş”, “azdırma” “qonaqlıqları”

Bir tanışım var: adı Xaliddir, xalis futbol azarkeşidir. Elə bu səbəbdən hamı ona “Xalis Xalid” deyə müraciət edir. Həmin bu Xalis Xalid Preymyer Liqanın hər turundan sonra mənə zəng edir, fikirlərini mənimlə bölüşür. Hər dəfə məndən yeni nəsə öyrənməyə çalışır. Mən də imkanım daxilində onun suallarına cavab verməyə çalışıram. Bu dəfə də belə oldu. O gün də XXIII turun oyunları ilə bağlı öz mülahizələrini nəql edən kimi başladı mənə əndərabadi suallar verməyə. Dedi ki, müəllim, məgər qış fasiləsində “qırmızı qaralar”ın “sükanı arxası”na keçən Roman Qriqorçukun rəhbərliyi altında “Qəbələ” öz meydançasında ardıcıl 2 dəfə uduzmadımı? Uduzdu. Bəs elə isə niyə bu dəfə öz ənənəsini pozaraq heyətində gəncləşdirmə siyasəti aparan cənub klubuna, yəni “Xəzər-Lənkəran”a dirsək göstərdi? Özü də 3 dəfə. Vallah, lənkəranlı gənclər buna layiq deyildilər. Dedim, ay Xalis Xalid, bunu bilməyə nə var ki? Əvvəla, deməzdim ki, cənab Qriqorçuk Qəbələdə 2 komandaya uduzdu. O sadəcə humanistlik edərək onlara Qəbələdə əməlli-başlı “xal qonaqlığı” verdi. Həmin “qonaqlıq”lardan sonra kişiyə Allahın heç quru “sağ ol”unu da demədilər. Üstəlik, öz evlərinə qayıdan kimi başladılar Qriqorçuk müəllimin dalınca ağızlarına gələni danışmağa. Təbii ki, bütün bunlar hansısa kanallarla onun qulağına çatdırıldı. Və Qriqorçuk onların “nankoluğundan” yaman əsəbləşdi. Elə bu səbəbdən bütün heyəti başına yığıb tapşırdı: “Cənablar, həvəsdir, bəsdir, bu adətimizə, yəni “xal qonaqlığı”na son qoymalıyıq. İndən belə hansı komanda bura gəlsə, ona “xalsız qonaqlıq” verək ki, qoy özlərindən beş deyəndə birini də bizdən desinlər”. Kişi dedi, dediyini də elədi…

Xalis Xalid bu “elmi” açıqlamamdan sonra dərindən köks ötürüb autdan topu oyuna daxil edirmiş kimi ikinci sualını mənə “atdı”: “Bax, eşitdiyimə görə AZAL-”İnter” oyununun sonunda ara qarışıb. Bu qarışıqlıqdan faydalanan “İnter”in baş məşqçisi Kaxaber Sxadadze ənənəsinə sadiq qalaraq yenə qeyri-etik hərəkət edib, hətta deyirlər ki, söyüş söyüb e… Sən bilən Kaxaber niyə həmişə belə edir? Bəs o nə vaxt bu ənənəsinə son qoyacaq? Yəni, sənin təbirincə desəm, söyüş qonaqlığından vaz keçəcək?”

Onun bu sualından sonra mən on bir metrliyi vurmağa hazırlaşan oyunçular kimi bir qədər geri çəkilib, topun, bağışlayın, sualın üstünə cumdum. Dedim, ay Xalis Xalid, izin ver, bu sualına bir ibrətamiz hekayətlə cavab verim. Deməli, belə: acgöz toyuğu taxıl anbarına salıb onun doyunca dən yeməsinə imkan yaratmaq istəyirlər. Toyuq taxılı eşələyib onun içərisindən nəyi isə axtarırmış kimi dənləməyə başlayır. Ondan bu qədər yemin içində niyə eşələnməsinin səbəbini soruşanda nə desə yaxşıdır? Deyir ki, məni qınamayın. Mən ayağımın altındakıların hamısının taxıl olduğunu bilirəm. Və onun içərisindən bir şey axtarmıram. Amma nə edim ki, bu sınmış ayaqlarım eşələməyə öyrəşib.

Mən bu hekayəti başa vuran kimi Xalis Xalid elə güldü ki, lap telefonum silkələndi. Az sonra dilləndi: “Ay rəhmətliyin nəvəsi, başa düşdüm. Dedim, ay Xalis Xalid, sən nə arif adamsan? Bəli, o, demək olar ki, hər oyundan sonra “söyüş qonaqlığı” verməsə sakitləşmir. Amma mənə elə gəlir ki, Kaxaber Qriqorçukdan fərqli olaraq, bu xasiyyətindən əl çəkənə oxşamır. Nədən ki, bizim Məşədi İbad demişkən, o buna arıq elə adət edib ki, heç deyiləsi deyil.

Bu dəfə Xalis Xalid: “İndi hər şey gün kimi aydın oldu” desə də, məndən əl çəkmək istəmədi. Odur ki, əlavə etdi: “Müəllim, “arif” dedin, “Neftçi”nin bəzi rəsmiləri yadıma düşdü. Bilirsən niyə? Ümumiyyətlə, onlar bəzi oyunlardan qabaq ajiotajlar yaratmaqla nə demək istəyirlər? Olmaya onlar da hansısa qonaqlıq verirlər, xəbərimiz yoxdur? Dedim, qoy bu sualına da bir hekayətlə cavab verim. Xalis Xalid sevincək: “Buyur, müəllim”, – dedi. Mən bu dəfə oyunçuya qırmızı kart göstərən hakim görkəmini alıb dedim. Bizim tərəflərdə bir nəfər pişiyini torbaya salıb azdırmağa apararkən tanışına rast gəlir. Tanışı hara getdiyini soruşduqda həmin adam deyir ki, bəs Qusara gedirəm. Tanışı təəccüblə soruşur:

– A kişi, sən ki Qubaya gedirsən…

Pişiyini azdırmaq istəyən kişi barmağını dodaqlarına apararaq tanışının susmağını xahiş edir və yavaşcadan deyir:

– Səs salma, belə deyirəm ki, pişik Qusara getdiyimi yəqin edib yolu itirsin və bir daha evə qayıda bilməsin.

Bu dəfə Xalis Xalid: “İndi hər şey gün kimi aydın oldu”, – dedi. Və əlavə etdi: “Görünür, onlar da “azdırmaq, daha dəqiq desəm, özlərini sığortalamaq qonaqlığı” verirlər də… Bu dəfə “Ay Xalis Xalid, sən nə arif adamsan?” deyəndə o yarızarafat, yarıgerçək dilləndi: “Müəllim, deyəsən sən də mənə yaman arifanə qonaqlıq verdin ha…”

QVAMİ MƏHƏBBƏTOĞLU