X-37B-nin gizli missiyası (3)

564
Tektonik və iqlim silahlarına qarşı mübarizədə ən önəmli vasitə qarşı tərəfin də həmin silaha malik olması ola bilər. 
Bu baxımdan əslində iqlim və tektonik silahların hazırlanması üzərində iş hələ ötən əsrin 70-ci illərindən gedirdi. Bu baxımdan xüsusilə tektonik silahın hazırlanması sahəsində həm ABŞ, həm də Rusiyada müəyyən uğurların əldə edildiyi barədə mətbuatda çoxsaylı yazılar gedib. Ancaq bu günə kimi tektonik silahın varlığı ilə bağlı sübutedici fakt ortaya qoyulmayıb. ABŞ, eləcə də SSRİ dağılandan sonra onun varisi olan Rusiya məsələ ilə bağlı açıqlama verməyiblər və bütün bunlar gizli saxlanılmaqdadır. Konkret olaraq iqlim silahları haqqında da belə demək olar. Ötən əsrin 80-ci illərinin sonlarında ABŞ Prezidenti tərəfindən başladılan “ulduz müharibələri”ndə düşməni məhv etmək üçün əsas vasitələrdən biri kimi iqlim silahından istifadə edilməsi nəzərdə tutulmuşdu. Bu baxımdan X-37B kosmoletindən istifadə etməklə də iqlim dəyişikliklərinə nail olunması və bu yolla düşmənə “təbii fəlakətlər” adı altında zərbələr vurulmasının nəzərdə tutulduğu ehtimal edilir.

Rusiya alternativ hazırlayır?

ABŞ-ın yerətrafı orbitdə kosmoleti sınaqdan çıxarması Rusiyada da həyəcanla qarşılanıb. Rusiyada ehtiyat edirlər ki, ABŞ yeni kosmik aparatdan istifadə etməklə ölkənin təhlükəsizliyini şübhə altına alacaq tədbirlər həyata keçirə bilər. Ona görə də Rusiyanın kosmos üzrə tanınmış ekspertləri ABŞ tərəfindən kiçik “Speys Şatll”arın (Space Shuttle), kosmoletlərin yerətrafı orbitdə sınaqdan çıxarılmasından narahat olduqlarını gizlətmirlər. Təsadüfi deyil ki, ABŞ tərəfindən yeni kosmoletin sınaqdan çıxarılmasından dərhal sonra Rusiya rəsmiləri ölkənin Kosmik Tədqiqatlar Mərkəzində analoji kosmik aparatın hazırlanması üzərində iş getdiyini bəyan etdilər.

Guya rusiyalı mütəxəssislər tərəfindən hazırlanacaq yeni kosmik aparat ABŞ kosmoletindən nəinki geri qalmayacaq, hətta bir çox parametrlərinə görə onu üstələyəcək. 2011-ci ildə Rusiya kosmik güclərinin komandanı, hazırda Rusiya Federal Kosmik Agentliyinin  rəhbəri, general-leytenant Oleq Ostapenko bildirib ki, rusiyalı tədqiqatçılar ABŞ kosmoleti ilə müqayisədə daha ucuz başa gələcək və çoxdəfəli istifadə üçün nəzərdə tutulan superkosmik aparatın hazırlanmasını başa çatdırmaq üzrədirlər və yaxın günlərdə onun sınaqdan çıxarılması nəzərdə tutulub. Amma generalın bu açıqlamasının üstündən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi Rusiya kosmoletə oxşayan  kosmik aparatı sınaqdan çıxara bilməyib. Bununla bağlı məsələdən artıq Rusiya Federal Kosmik Agentliyində danışmamağa, susmağa üstünlük verirlər. Bu da onu göstərir ki, Rusiya adıçəkilən sahədə ABŞ-dan geridə qalmaqda davam edir və çətin ki, yaxın illərdə kosmoletə bənzər hansısa kosmik aparatı sınaqdan çıxara bilsin.

Əlbəttə, bu o demək deyil ki, Rusiyada analoji kosmik aparat üzərində iş getmir. Lakin bu işlərin gizli saxlanılması da mümkündür. Digər tərəfdən də, ABŞ-la müqayisədə Rusiyanın kosmosun fəthinə külli miqdarda maliyyə vəsaiti ayırmaq imkanlarının olmadığı da məlumdur. Ola bilsin ki, Rusiyanın yeni kosmik aparat üzərində işləri buna görə zəif  gedir.

Kosmos uğrunda mübarizə Rusiyanı çökdürə bilər

Son illərdə ABŞ, Çin və digər dövlətlər tərəfindən Ayın koloniyalaşdırılması, Marsa ilk kosmonavtın göndərilməsi, planetlərarası uçuşlara imkan verəcək yeni superkosmik aparatların hazırlanması üzərində iş getməsi Rusiyanı da bu məsələni daim diqqət mərkəzində saxlamağa məcbur edir. Amma Rusiya ABŞ  və ya Çin kimi SSRİ dövründə olduğu kimi, kosmik tədqiqatlar üçün  milyardlarla dollar ayıra bilmir. Çünki Reyqanın “ulduz müharibələri” yarışına qoşulması SSRİ-nin çökməsinə gətirib çıxardı. Rusiyada məhz bundan ehtiyat edirlər. Bütün bunlara baxmayaraq, Rusiya hələ də dünyanın aparıcı kosmos dövlətlərindən biri olaraq qalmaqda davam edir. Belə ki, hazırda Rusiyanın 1993-cü ildə yerətrafı orbitə çıxardığı “ və orada “taksi” rolunu oynadığı “Proton” raket daşıyıcısı fəaliyyət göstərir. Ondan yerətrafı orbitə müxtəlif təyinatlı yüklərin daşınması üçün istifadə edilir. Bundan əlavə, Rusiyanın yerətrafı orbitdə “Soyuz” beynəlxalq kosmik stansiyası da var. Lakin son illərdə “Proton” əvvəlki funksiyasını yerinə yetirə bilmir. Onun vasitəsilə yerətrafı orbitə yük daşınması get-gedə uğursuzluğa düçar olmaqdadır. Məsələn, 2014-cü ilin may ayının 14-də “Proton” vasitəsilə yerətrafı orbitə “Ekspress-AM4R” rabitə aparatını çıxarmaq mümkün olmadı. Aparat 160 kilometr yüksəklikdə yanaraq yerə düşdü. Xatırladaq ki, bu aparatın hazırlanması Rusiyaya 9,5 milyard rubla başa gəlmişdi.

Əsassız iddialar

Bununla belə, rusiyalı bəzi ekspertlər belə hesab edirlər ki, guya ABŞ  yerətrafı orbitdə yerdəki adi təyyarələrin funksiyasını həyata keçirəcək pilotsuz orbital təyyarənin( kosmolet) hazırlanmasında ötən əsrin 70-ci illərində SSRİ-dəki analoji layihələrdən istifadə edib. Bundan əlavə, rusiyalı mütəxəssislərin iddialarına görə, hazırda ABŞ-da üzərində qızğın iş gedən və X-37B ilə müqayisədə orbitin daha aşağı qatlarında uçmağı bacaracaq yeni orbital təyyarə də ötən əsrin 70-ci illərində SSRİ layihəsi olan “MiQ-105” in əsasında hazırlanır. Bundan əlavə ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-dəki “NPO Molniya” orbital “Maks” təyyarəsi layihəsi üzərində işləyirdi. Amma bu orbital təyyarənin hazırlanması üçün milyonlarla dollar xərclənsə də işlər başa çatdırılmadı. Buna da səbəb SSRİ-nin dağılması oldu. Amma bu iddiaların da əsasının olacağına inanmaq çətindir. Çünki vaxtilə SSRİ atom bombasını ABŞ-dan oğurladığı gizli layihələr əsasında hazırladı. Eyni zamanda SSRİ-nin kosmik sənayəsinin sürətlə inkişaf etdirilməsində  ABŞ-ın gizli layihələrini ələ keçirərək istifadə etdiyi layihələrin önəmli rol oynadığı barədə Rusiya və Qərb mətbuatında çoxlu sayda yazılar gedib. Digər tərəfdən də, Rusiya tarix boyu elmi-texniki tərəqqi məsələsində Qərbdən geridə qalıb və indi də bu ənənə davam edir.

“Spiral” və “Buran” müəmması

Yerətrafı orbitdə uça biləcək orbital təyyarənin hazırlanması məqsədilə hələ 1966-cı ildə SSRİ Layihə Büro Birliyində mühəndis Qleb Lozinskinin rəhbərliyi altında “Spiral” adı verilən layihə üzərində iş başlanmışdı. Bir pilot tərəfindən idarə ediləcək orbital təyyarə yerətrafı orbitə yükdaşımaları, həmçinin kəşfiyyat, kosmik hədəflərin məhv edilməsi və digər funksiyaları həyata keçirməli idi. Orbital təyyarənin çəkisi 8800 kiloqram olmalı idi. Buna paralel olaraq, həmin dövrdə “Buran” orbital təyyarəsinin hazırlanması üzərində də iş gedirdi. Hazırda rusiyalı mütəxəssislər “Spiral”ı  “X-37B” nin müəllimi hesab edirlər. Ancaq maliyyə çatışmazlığı və buna paeralel olaraq, “Buran”a üstünlük verilməsi “Spiral” orbital təyyarəsi üzərində işin yarımçıq saxlanılmasına gətirib çıxardı. Belə ki, 1978-ci ilin sonunda SSRİ müdafiə naziri Dmitri Ustinov bildirdi ki, həm “Buran”, həm də “Spiral” üzərində işlərin aparılması üçün maliyyə vəsaiti çatışmır. Ona görə də qərara alındı ki,  “Spiral” üzərində tədqiqatlar dayandırılsın. Amma yeni orbital təyyarə funksiyasını həyata keçirəcək “Buran” da böyük maliyyə vəsaiti tələb edirdi. “Buran”ın hazırlanmasına o dövrdə SSRİ-nin kosmosa ayırdığı bütün vəsait xərcləndi. Amma onu cəmisi iki dəfə sınaqdan çıxarmaq mümkün oldu. “Buran” orbital təyyarə funksiyasını həyata keçirsə də, məlum oldu ki, onun  daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu isə əlavə maliyyə xərcləri demək idi. Ona görə də 1993-cü ildə “Buran” üzərində iş dayandırıldı. “Buran”ın özünü isə hazırda Moskva çayının sahilindəki Qorki adına Mərkəzi İstirahət Parkında qoyublar. Rusiyalı mütəxəssislərdən birinin də dediyi kimi, “Buran” parkda Rusiya üçün gözdağına çevrilib. Hazırda isə ABŞ kimi yeni orbital təyyarənin hazırlanması üçün Rusiyanın pulu yoxdur. Bu da əsassız deyil. Belə ki, ilkin məlumatlara görə, ABŞ X-37B-nin hazırlanması üçün  50 milyard dollar xərcləyib. Rusiyanın isə maliyyə baxımdan  ABŞ-la yenidən  “ulduz müharibələri” yarışına girməyə imkanı yoxdur və bununla bağlı Kremldə risk etməyə cəsarət etmirlər. Çünki ötən əsrin 80-ci illərində ABŞ-la aparılan “ulduz müharibələri” yarışı SSRİ-nin iqtisadi əsaslarını məhv edərək onun dağılmasına gətirib çıxardı…

Əziz Mustafa