X-37B-nin gizli missiyası (1)

0
554
Soyuq müharibə dövrünün başa çatmasından sonra kosmosda ağalıq uğrunda gedən mübarizə zəifləsə də, ABŞ  SSRİ adlı imperiyanın varisi olan Rusiya ilə müqayisədə kosmik sahədə tədqiqatları davam etdirdi. Düzdür, soyuq müharibə dövrünün ən qızğın silahlarından biri olan və SSRİ-nin iqtisadi, siyasi və psixoloji baxımdan köçürülməsinə xidmət edən ABŞ-ın “ulduz müharibələri” planı ilə müqayisədə həmin dövrdə kosmosun hərbiləşdirilməsinə yönələn xərclər demək olar iki dəfə azaldılmışdı. 
Lakin 2000-ci ildə Rusiyada Vladimr Putinin hakimiyyətə gəlməsindən sonra Kremlin yenidən imperiyanı bərpa planlarını hər vasitə ilə həyata keçirməyə cəhd etməsi ABŞ-ı yenidən kosmosda ağalıq uğrunda mübarizəni bərpa etməyə məcbur etdi. Bu müstəvidə də 2006-cı ildə ABŞ-da “ABŞ-ın milli kosmik siyasəti” adlı sənəd qəbul edildi. Bu sənədin qəbulu ilə ABŞ-da, belə demək mümkünsə, hələ ötən əsrin 80-cı illərinin sonlarında prezident Reyqan tərəfindən əsası qoyulan “ulduz müharibələri” strategiyasının yenidən dirçəldilməsi başladıldı. Belə ki, sənədə əsasən ABŞ milli maraqlarının müdafiəsi naminə kosmosun fəthi ilə bağlı geniş tədqiqat işləri aparacaq. Bunun üçün lazım olan qədər maliyyə vəsaiti ayrılacaq. Bu müstəvidə  ABŞ-da son illərdə kosmosun fəthi və orada yeni kosmik aparatların sınaqdan çıxarılması, uzaq planetlərə planetlərarası uçuşların həyata keçirilməsinə imkan verən yeni kosmoletlərin – super təyyarələrin sınaqdan çıxarılmasına on milyardlarla dollar xərclənib. Müqayisə üçün deyək ki, ABŞ-ın son 8 ildə kosmosun fəthinə xərclədiyi milyardlarla dollarla  700-800 milyon əhalini iki il ərzində ərzaqla təmin etmək olar. Bu isə heç də az vəsait deyil. Əlbəttə, ABŞ-ın bu qədər vəsaiti havaya, boş-boşuna xərclədiyini düşünmək də sadəlövhlük olardı. Bu xərclər ABŞ-a yeni texnologiyalara sahib olmaq, texniki cəhətdən durmadan inkişaf etmək imkanı verəcək. Buna paralel olaraq gələcəkdə yeni hərbi texnologiyalardan mülki məqsədlərlə istifadə etməklə ABŞ bu xərcləri artıqlaması ilə çıxara biləcək. Bu isə ABŞ üçün dünya ağalığının təmin edilməsində, yeni planetlərin məskunlaşdırılması məsələsində önəmli əhəmiyyət daşıya bilər.

 

Yeni gizli aparat: X-37B kosmoleti

Kosmosda ağalıq uğrunda gedən mübarizə yeni texnologiyaların yaradılmasını tələb edir. Çünki elm və texnikanın sürətli inkişafı kosmik aparatların təkmilləşdirilməsini və yeni, daha rahat, orbitdə illərlə uçmağa qadir və planetlərarası səyahətə imkan verən super təyyarələrin yaradılmasını zəruri edib. Bunu nəzərə əlaraq ABŞ-da 1999-cu ildə olduqca gizli şəkildə yeni eksperimental kosmik uçuş aparatının – X37B kosmoletinin hazırlanması üzərində iş başladı. Bu super kosmik aparatdan, ilk növbədə, hərbi məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulurdu. Uzaq məsafədən idarə olunacaq bu kosmik aparatın yaradılması kosmosun fəthində yeni mərhələ açmalı idi. Bu layihənin həyata keçirilməsinə ABŞ-ın bütün elmi mərkəzləri cəlb edilmişdi və onlar NASA-dan aldıqları sifariş əsasında kosmoletin müxtəlif hissələrinin hazırlnmasında və sınaqdan çıxarılmasında iştirak edirdilər. Nəticədə ABŞ Kosmik Agentliyi (NASA) əməkdaşlarının gecə-gündüz axtarışları nəticəsində kosmosun fəthi sahəsində fantastik uçuş aparatı hesab edilən və yüksək manevretmə qabiliyətinə, kosmosda bir anda ildırım sürətli yerdəyişməsi ilə uçan naməlum aparatları xatırladan yeni kosmik uçuş aparatı hesab edilən “X-37B” kosmoleti yaradıldı.

2010-cu il aprel ayının 22-də kosmosda sınaqdan çıxarılan X-37B kosmoleti bu kosmik uçuş aparatı üzərində işləyən NASA alimlərini belə heyrətə salmışdı. Çünki yeni kosmik aparat bir vaxtlar fantastik sürətə malik olan və ildırım sürəti ilə  bir nöqtədən digərinə uçmağı bacaran və sürətli yerdəyişməsi ilə hamını heyrətləndirən naməlum uçan obyektləri xatırladırdı. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrinin səmasında yeni aparatın peyda olması naməlum uçan obyekt hesab edilmiş və bununla bağlı həyəcan təbili çalınmışdı. Əslində isə insanları heyrətə salan heç də bu obyekt deyil, NASA tərəfindən sınaqdan çıxarılan X-37B kosmoleti idi.  NASA-nın idarəetmə mərkəzindən kosmoleti asanlıqla idarə edir, onu istənilən hədəfə yönlədə bilirdilər. Kosmolet bu baxımdan sanki sözəbaxan ağıllı uşağı və ya müəlliminin tapşırıqlarına asanlıqla əməl edən istedadlı şagirdi xatırladırdı.

X-37B 7 ay 19 gün orbitdə sınaqdan çıxarılandan sonra  ABŞ-ın Vandenburq hərbi hava limanında yerə endi. NASA-nın elmi mərkəzində  obyekti bir daha yoxlayandan sonra ona bəzi dəyişikliklər etdilər. Nəticədə 2011-ci il mart ayının 5-də X-37B-nin daha təkimilləşdirilmiş yeni kosmoleti orbitə çıxarıldı. Yeni kosmoletlə, ilk növbədə, hərbi-strateji məqsədlərə xidmət edən plan sınaqdan çıxarıldı. Çünki kosmoletin yüksək manevretmə qabiliyyəti dünyanın istənilən nöqtəsindəki hədəfi 50-55 saniyə ərzində məhv etməyə imkan verməli idi. Sınaq zamanı məlum oldu ki, bu baxımdan kosmoletlə saniyələr ərzində düşmənə gözlənilməz zərbə endirərək məhv etmək mümkündür. Bu isə ABŞ üçün olduqca böyük önəm daşıyır. Çünki Çin və Yaponiya sürətli elmi-texniki inkişaf mərhələsinə qədəm qoymuş, Rusiya isə yenidən kosmosun fəthi uğrunda mübarizəni bərpa etmiş və bu məqsədlə milyardlarla dollar xərcləmişdi. Bu da ABŞ gələcəkdə adı çəkilən ölkələrdən  gələ biləcək təhlükəyə qarşı özünü yüksək səviyyədə sığortalamasını və lazım gələndə onlara kosmosdan ölümcül zərbələr vurmağa imkan verən kosmik aparatlar hazırlamasını zəruri edirdi. X-37B kosmoletinin hərbi məqsədlə uğurla sınaqdan çıxarılması ABŞ-a bu sahədə özünün əsas rəqiblərini ən azından 20-25 il qabaqlamağa imkan verir. X-37B-nin orbitdə sınağı 2012-ci il iyun ayının 16-na kimi davam etdi. Bu müddət ərzində aparatın bütün texniki imkanları, maksimum şəkildə yoxlanılmış, ondan həm hərbi, həm mülki həm də planetlərarası uçuş məqsədi ilə istifadə edilməsi imkanları sınaqdan çıxarılmışdı.  Sınaqdan çıxarılandan sonra  yerə qaytarılan X-37B-nin üzərində yenidən təkmilləşdirilmə işləri aparıldı. Bu da, öz növbəsində, X-37B-nin yeni daha təkmilləşdirilmiş formasını hazırlamağa imkan verdi. Hazırda ABŞ-da yeni X-37B yerətrafı orbitdə sınaqdan çıxarılmaqdadır. NASA-dan sızan bəzi məlumatlara görə, bu dəfə kosmoletdə tektonik və klimatik silah sınaqdan çıxarılır.

 

X-37B kosmik yük gəmisi və peyklərin qənimi ola bilər

X-37 B-nin təkmilləşdirilmiş variantı, daha dəqiq desək, kosmoplan üzərində hazırda ABŞ Hərbi Hava qüvvələrinin gizli müəssisəsində iş gedir. Bu vəzifənin həyata keçirilməsi isə ABŞ-ın və dünyanın aparıcı avia- kompaniyalarından olan “Boeing” korporasiyasına tapşırılıb. Bəzi məlumatlara görə, X-37B aparatı əsasında kosmosa hərbi və mülki yüklərin çıxarılmasına imkan verəcək, həmçinin yerətrafı orbitdəki düşmən peykləri məhv etməyə qadir olacaq kosmoplan adlı kosmik uçuş aparatının yaradılması üzərində iş artıq başa çatıb . Artıq yeni aparatın ilk sınağı da keçirilib. İlk baxışdan yeni kosmoplan son 5 il ərzində ABŞ-da uğurla kosmosda istifadə edilən çoxistifadəli nəqliyyat gəmisi olan Space Shuttle ( Şatl) kosmik gəmisini xatırladır. Ancaq kosmoplan həcm etibarı ilə Space Shuttle-dan (Şatl) daha kiçikdir.  Kosmoplanın Şatldan bir fərqi isə onun istiliyi mühafizə ortüyünün yeni texnoloji nailiyyətlər əsasında hazırlanmasındadır. Nə qədər qəribə olsa da ABŞ-ın olduqca gizli şəkildə hazırladığı yeni super kosmik aparatının, X-37B-nin Rusiyaya məxsus “Atlas-V” raket daşıyıcısı vasitəsilə yerətrafı orbitə çıxarılmasıdır. Bu da kosmik sahədə çalışan rusiyalı alimlərə yeni kosmik aparat barədə bəzi məlumatları əldə etməyə imkan verib. Məlum olub ki, yeni aparatdan yerətrafı orbitdə müxtəlif məqsədlər, o cümlədən planetlərarası uçuşlarda istifadə edilə biləcək. Bu baxımdan o kosmosda yerdə istifadə edilən mülki və hərbi təyyarələrin funksiyalarını olduğu kimi həyata keçirəcək. X-37B kosmoletinin uzunluğu 8,38 metr, qanadlarının uzunluğu 4,6 metr, hündürlüyü 2,9 metr, ağırlığı 4989 kiloqramdır. Kosmolet Yerdə ən aşağı orbitdə, strasforda və atmosferdə uçmağa, müstəqil şəkildə orbitə kəşfiyyat peyki çıxarmağa və 900 kiloqram yükgötürmə imkanına malikdir.  X-37B-dən yuxarıda qeyd etdiyimiz kimi müxtəlif məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulub. İlkin araşdırmalar göstərir ki, yeni kosmolet yerətrafı orbitə müxtəlif təyinatlı yüklərin daha ucuz başa gəlməsinə imkan verəcək. Düzdür, bəzi ekspertlər belə hesab edirlər ki, kosmoletlə müqayisədə birdəfəlik raketdaşıyıcılar vasitəsi ilə yüklərin kosmosa çıxarılması daha ucuz başa gəlir. Bununla belə, NASA tərəfindən kosmosa yüklərin məhz kosmoletlə çıxarılmasının nəzərdə tutulması onun birdəfəlik raketdaşyıcılarla müqayisədə daha böyük imkanlara malk olduğunu göstərir.Əziz Mustafa-www.zaman.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here