“Xəzərin sahilini hasara alan bütün imarətlər, mülklər sökülməlidir”

431

Xəzər dənizinin sahili Abşeronda, Bakı kəndlərində zəbt olunub, ətrafı hasarlanıb. İlk növbədə həmin ərazilər hasarlardan xilas edilməlidir, hasarlar ləğv olunmalıdır”. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov qəzetimizə müsahibəsində belə dedi. Onun sözlərinə görə, ekoloji proseslərlə əlaqədar olaraq dəniz səviyyəsi qalxır və enir: “Sən həmin imarəti orada tikəcəksənsə, dənizin səviyyəsi qalxanda neyləyəcəksən? Sənin obyektin suyun altında qalacaq, qoyduğun pul batacaq. Ona görə də, bütün bunlar əvvəldən nəzərə alınmalı idi. Yadınızdadırsa, mərhum Heydər Əliyev bu məsələ ilə bağlı sərəncam vermişdi – Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 130 metr zolağın altında olan əraziyə müdaxilə eləmək olmaz. Lakin bu sərəncam çox vaxt nəzərə alınmır”.

Qeyd edək ki, bu günlərdə Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Müəyyən edilib ki, İnzibati Xətalar Məcəlləsinin 88-2.1.1-ci və 88-2.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.

APA-nın məlumatına görə, dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarında cərimə edilib. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.

Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib. Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib.

Ekoloq Telman Zeynalov isə “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində dedi ki, cərimələrlə Xəzər dənizinin sahilini hasarlayan, orada villalar tikənlərə ciddi təsir etmək mümkün deyil: “Həmin hasarı tikən adamlar üçün həmin cərimələr elə də ciddi məbləğ deyil. Bir milyon pul xərcləyib obyekt, villa tikən adam 4 mini də, 50 mini də ödəyəcək. Sözügedən cərimələri ödəmək həmin adamlar üçün problem olmayacaq. Ona görə də, cərimə məsələsini qoymağa ehtiyac yoxdur, sərəncam verilməlidir və orada tikilən mülklər, imarətlər hamısı sökülməlidir. Sahil zolağından 130-150 metr kənarda tikə bilərlər, ancaq bundan yaxın məsafədə dəniz sahilində villa tikmək, obyekt tikmək düzgün deyil. Həm ekoloji baxımdan, həm də torpaqların mühafizəsi baxımından”.

Ekoloq bu fikirdədir ki, ekoloji baxımdan bu ərazilərdə villa, obyekt tikilməsi məqbul deyil: “Sən həmin imarəti orada tikirsənsə, dənizin səviyyəsi qalxanda neyləyəcəksən? Sənin obyektin suyun altında qalacaq, qoyduğun pul batacaq. Bütün bunlar əvvəldən nəzərə alınmalı idi. Mərhum Heydər Əliyevin bu məsələ ilə bağlı verdiyi sərəncamı təzədən qüvvəyə mindirib hərtərəfli həyata keçirmək lazımdır. Mən bir daha deyirəm, həmin hasarlar və villalar hamısı sökülməlidir. Bilməliyik ki, harada nə tikməliyik. Dənizin səviyyəsi qalxanda həmin ərazilərin hamısı şoranlaşacaq, qurunt sularının səviyyəsi qalxacaq, torpaqlar məhv olacaq və s. Bunların hamısı nəzərə alınmalıdır. Dəniz sahilinin hasarlanması elmi, praktiki iş aparmaq istəyənlərin, araşdırmaçıların da işinə mane olur – bu işləri görmək olmur. Çünki həyətə girə bilmirik – hər yer qapalıdır, villa tikib çox yeri hasarlayıblar. Bir villanın sahibi 1 hektar ərazini hasarlayır, o biri qonşusu yarım hektar ərazini, oralara girmək qeyri-mümkündür.

Nəyə görə mən dəniz sahilində villaların sökülməsinin tərəfdarıyam? Orada məişət tullantılarının hamısı dənizə axıdılır. Buna görə də, həmin obyektlər, villalar sökülməlidir. Sərəncam verəndə, sənəd qəbul edəndə üstünə düşmək lazımdır. Sərəncam kağız üzərində qalmamalıdır, qaldısa heç. Başqa ölkələrdə dəniz sahilləri zəbt olunmur. Mən heç yerdə görməmişəm ki, dəniz sahili zəbt olunsun.

Ulu öndər sərəncam vermişdi – niyə o sərəncamı pozurlar o villaları tikənlər? Hər yeri zəbt eləyiblər. Hər kəs özü üçün dəniz sahilində istirahət guşəsi yaradır. Allah bu dənizi yaradıbsa, ondan bütün insanlar istifadə edə bilməlidirlər. Şəhərin özündə mehmanxana tik, turistləri dəvət elə, maşınla, avtobusla apar dənizə sonra da gətir. Yoxsa dəniz qırağında villaları tik, dəniz qırağında istirahət mərkəzləri tik – bu düzgün deyil”.

Nicat İntiqam