Xəzər qumu ölkəmizə milyardlar qazandıra bilər

741

“Cənubi Qafqazda Azərbaycan daha keyfiyyətli və daha sağlam qumu ilə zəngin olan çimərliklərə malik yeganə ölkədir. Gürcüstanda olanlar bilirlər ki, bu ölkədə bu imkanlar çox məhduddur. Azərbaycan bu baxımdan çox unikal bir ölkədir. Azərbaycan çimərlik biznesi sektorunu inkişaf etdirməklə milyardlar qazana bilər. Amma bunun üçün bir sıra çatışmazlıqlar var ki, onlar aradan qaldırılmalıdır”. Dünən bu sözləri “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti Samir İsayev “Çimərliklərin monitorinqinin nəticələri və beynəlxalq standartların tətbiqi üçün tövsiyələr” mövzusunda keçirilən seminarda səsləndirdi. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, İcra hakimiyyətlərinin rəsmi şəxsləri iştirak edirdilər.

Onun sözlərinə görə, monitorinqlər Sumqayıt şəhərinin, Bakı şəhəri Binəqədi rayonunun Novxanı, Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıxov, Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Nardaran, Bilgə, Xəzər rayonunun Türkan, Mərdəkan, Şüvəlan, Buzovna, Suraxanı rayonunun Hövsan, Xaçmaz rayonunun Nabran kəndində həyata keçirilib.

Samir İsayev dedi ki, bu gün Azərbaycanda turizmin bir qolu kimi çimərlik turizmini inkişaf etdirmək, beynəlxalq aləmdən turistləri cəlb etmək, iqtisadi cəhətdən faydalanıb milyardlar qazanmaq potensialı olsa da, hələ ki bu, mümkün olmayıb. Onun sözlərinə görə, bunun səbəbi çimərlik turizmi sektorunda beynəlxalq standartlarla ayaqlaşa bilməməyimiz, həmin tələblərə cavab verə bilməməyimizdir: “Beynəlxalq turizm şirkətlərinin öz tələbləri var və çimərlik turizmi baxımından bu tələblərə cavab vermir. Odur ki, həmin şirkətlər çimərlik turizmi ilə bağlı Azərbaycana turist göndərmirlər: “Çünki əgər göndərsə, hansısa xarici turist Azərbaycan çimərliklərindəki bu vəziyyəti görsə, geri qayıdandan sonra həmin şirkəti məhkəməyə verəcək və külli miqdarda kompensasiya tələb edəcək. Bəs bizim çimərliklərdə nələr çatışmır?”.

Ekspert qeyd etdi ki, çimərliklərin ən əsas problemləri orada suyun keyfiyyəti, lazımi ekoloji qaydalara riayət olunması, fövqəladə hallarda zəng edilməli olan nömrələr, tullantıların hara atılması, dəniz suyunun dibi barədə məlumatların əks olunduğu lövhələr yoxdur: “Çimərliklər yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin idarəetməsindən kənardır. Ayrı-ayrı otellərin nəzdindəki çimərliklərdə vəziyyət qənaətbəxş olsa da, digərlərində durum pisdir. Beynəlxalq təcrübənin tamamilə əksinə olaraq, Azərbaycandakı çimərliklərdə duş kabinələri və tualetlər üçün ayrı-ayrılıqda pul alınır. Baxmayaraq hər ikisində vəziyyət çox pisdir, sanitar tələblərə cavab vermir. Hətta bir çimərlikdə tualetin düz yanında təndir çörəyi bişirilir. Çimərlik ərazisindəki zibil qutuları dolub-daşsa da, mütəmadi təmizlənmir. Dünyanın heç yerində çimərlikdə kabab çəkilmir, samovar çayı içilmir. Əksər ölkələrdə çimərlik ətrafındakı kafe-restoranlar dənizdən 50-100 metr kənarda yerləşir. Bizdə isə cəmi 3-4 metr məsafə var”.

S. İsayev dedi ki, əksər ölkələrdə, məsələn, elə üz tutduğumuz Türkiyədəki çimərliklərdə çoxlu sayda maarifləndirmə lövhələri vurulur. Bizdə isə maarifləndirmə lövhələri yoxdur: “Azərbaycanda çimərlik xidmətindən istifadə etməyə çalışan turistlərin ora ilə bağlı ekoloji məlumat əldə etmək imkanı yoxdur. Tullantıların hara atılması, ətraf mühitin mühafizəsi ilə bağlı çimərliklərin heç birində məlumatlandırma lövhələri görmədik. Çox mühüm məsələlərdən biri də çimərlik suyunun keyfiyyəti ilə bağlıdır. Azərbaycanda belə bir təcrübə var ki, səhiyyə və ekologiya nazirlikləri hər il çimərlik mövsümünün əvvəlində sanitar-gigiyenik durumla bağlı məlumat verirlər. Lakin çimərliyə daxil olan insanlar belə bir məlumatı yerindəcə görmək imkanından məhrumdurlar. Heç bir çimərlikdə biz bunu görmədik”.

S. İsayev dedi ki, çimərliklərin heç birində həmin ərazidə dənizin dibi barədə məlumatlar yoxdur, bunu əldə etmək müşkül işdir: “Çimərlik ərazisində neçə metr irəli getmək olar, suyun altında daş varmı, yoxmu, burulğan varmı, neçə metrdən sonra dərinləşmə başlayır – bunları öyrənmək olmur. Valideynlər övladlarının əlindən tutub, “Allah, Allah” deyə-deyə suyun içinə gedirlər. Ölkəmizə gələn, Azərbaycan dilini bilməyən turist bunu necə öyrənə bilər? Çimərliklərin heç birində onların sxemi yoxdur. Burada tualet varmı, burada duş varmı, avtomobili harada saxlamaq olar, xidmətə görə ödənişlər tələb olunurmu – bunu öyrənə biləcəyiniz hər hansı məlumat lövhəsi yoxdur. Bir daha qeyd edirəm, suyun keyfiyyəti ilə bağlı məsələ çox mühümdür. Çimərliyə gələn hər bir insan buranın suyu barədə konkret məlumat əldə edə bilməlidir. Bununla bağlı dövlət qurumunun verdiyi sənədi hər bir vətəndaş öz gözləri ilə görə bilməlidir. Çox təəssüf ki, bunu siz Azərbaycanda görə bilməzsiniz. Biz artıq bunlara vərdiş eləmişik. Amma əgər biz istəyiriksə çimərlik turizmini inkişaf etdirək, onda bunları nəzərə almalıyıq”.

S. İsayevin dediyinə görə, bəzi çimərliklərdə suyun dibində beton qalıqları, boru kəmərləri var. Bundan başqa, suyun səviyyəsinin qalxması nəticəsində suyun altında çoxlu sayda dəmir konstruksiyalar qalıb.

“Yerli İcra hakimiyyətləri tərəfindən çimərliklərin idarə olunması məsələsi üzərində də dayanmaq istərdim. Əksər yerli İcra hakimiyyətləri çimərliklərin idarə olunmasından kənardırlar. Həmin qurumlar bu işin onlar tərəfindən həyata keçirilmədiyini bəyan edirlər. Hətta qeyd edirlər ki, çimərliklərin uçotu getmir, onlar bu sahəyə baxmırlar, səlahiyyətlərində deyil. Çimərliklərin istifadəsində olan torpaqların ayrılması ilə bağlı da İcra hakimiyyətləri və bələdiyyələr bildirirlər ki, onların nəzarətində deyil”.

Samir İsayev çimərliklərdəki digər problemlərə də toxundu: “Öz iti ilə çimərliyə gələn kifayət qədər insan var. Ən dəhşətlisi odur ki, onlar öz itlərini elə orada çimizdirirlər. Bu məsələlər heç bir yerdə, heç bir qanunla tənzimlənmir. Rayonlardakı çimərliklərin ərazilərində isə mal-qaralara rast gəlinir. Bundan başqa, çimərliklərin ərazilərində səyyar restoranlar fəaliyyət göstərir. Kabab çəkən kim, qarpız kəsib yeyəndən sonra qabığını ətrafa atan kim və s. Dünyanın heç bir yerində buna rast gələ bilməzsiniz. Həmçinin bizdə çimərliklərdə əlillərin istifadəsi nəzərə alınmır. Halbuki ən azı ərazidə bir çimərlik əlillərin istifadəsi üçün uyğunlaşdırılmalıdır. Əlil arabaları ilə çimərliyə getmək üçün imkan yoxdur. Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə isə bunlar təmin edilib. Bəs dəniz kənarındakı obyektlərin kanalizasiyası hara axır? Mən o sualın cavabını tapa bilmədim”.

Nicat İntiqam