“Xəzər Lənkəran”da hadisələr necə inkişaf edəcək?

557

Ötən mövsümü boşa verən “Xəzər Lənkəran” klubunda hazırda konkret addımlar atılır. Məsələ burasındadır ki, cənub klubu növbəti mövsümdə daha iddialı yerlər uğrunda mübarizə aparacaq. Odur ki, klubda işlər də bu istiqamətdə qurulur. Komanda indiyə qədər Rəşad Sadiqov və Uğur Pamuku gətirib, Nikola Qliqorov, Adrian Pit, Slavik Alxasov, Zohair Benuahi, Deyvid Sakkoni və Alvaro Silva ilə vidalaşıb. Amma gedənlər və gələcək oyunçular məsələsində son hədd  belə deyil. Çünki klubda transfer çalışmaları davam edir. Bundan sonra hələ çox sayda oyunçunun komandaya cəlb olunacağı gözlənilir ki, bu yöndə danışıqlar davam olunur.

Sözsüz ki, cənub klubunda əsas iş bundan sonradır. Komanda məhz bundan sonra əsas transfer işlərini aparmalıdır. Və bu gün hələ ki, bununla bağlı ancaq danışıqlar var. Ona görə də “Xəzər Lənkəran”da bu gün aktuallığını qoruyan suallar var ki, biz  bu yazıda məhz həmin məqamlardan bəhs edəcəyik.

Məşqçi

Oğuz Çətinin məşqçi korpusunda hansı mütəxəssislərin yer alacağı dəqiq bilinmir. Sadəcə, belə bir söz-söhbət var ki, komandanın əsas heyətində Emin Quliyev və Hafiz Əliyev olmayacaqlar. Onların bundan sonra U-19-da fəaliyyət göstərəcəkləri söylənilir. “Xəzər Lənkəran” tərəfi ilə bu barədə danışarkən onlar bildirilər ki, bunlar sadəcə ehtimaldır və rəsmiləşən bir şey yoxdur.

Amma sözsüz ki, Azərbaycan klubunun məşqçi heyətində ən azından bir azərbacanlı olmalıdır. Lakin əgər bu adamlar klubun əsas heyətindən gedərsə, o zaman heyətdə yerli məşqçi qalmayacaq.

Rauf Əliyev

Cənub klubunda əsas hədəf məhz Rauf Əliyevdir. “Bakı”nın 500 min dollar qiymət qoyduğu forvardın “Xəzər Lənkəran”da oynayıb-oynamayacağı da böyük sualdır. Hazırda danışıqlar tam olaraq, aparılır.

Elias Ribeyro

Komandaya böyük ümidlərlə gətirilən və 1 milyon 100 min avro maaşı olan Eliasla yolların ayrılması gündəmdədir. Əgər “Xəzər Lənkəran” heç də kiçik olmayan kompensasiyanı ödəsə, braziliyalı oyunçu vətəninə geri qayıtmağa razılıq verəcək. Elias Mustafa Dənizlinin dönəmində böyük ümidlərlə gətirilsə də, demək olar ki, heç nə ilə yadda qalmadı. Hətta əsas heyətə belə düşməyən sambaçı bu səbəbdən kollektivdə suları bulandırıb. Açıq-aşkar bildirməsələrdə, futbolçuların belə bir etirazı var: Aldığına bax, oynadığına da bax.

Mustafa Dənizli

Sabiq baş məşqçinin Azərbaycana qayıdıb-qayıtmayacağı, klubda söylənildiyi kimi idman-direktoru çalışıb-çalışmayacağı və hansı işlərə birbaşa nəzarət edəcəyi hələ bəlli deyil. Adı bir ara “Qalatasaray”la hallanan məşhur məşqçinin hansı addımı atacağı hələ ki, bəlli deyil.

Bilet

Ötən mövsüm Lənkəranda biletin qiyməti 2 manat idi. Və bu məqam azarkeş sayına böyük ölçüdə təsir göstərmişdi. Ehtimal var ki, gələn mövsüm biletlərin qiyməti 1 manat olsun.

İki gün tez gedir

Qarşıdan gələn mövsümün hazırlıq planına uyğun olaraq “Xəzər Lənkəran” yay təlim-məşq toplanışına yola düşür. “Ağ-yaşıllar” iyun ayının 22-də Türkiyənin Ərzurum şəhərinin ən uca dag yüksəkliyi yamacında yerləşən “Xanadu Snow White” otelində toplaşacaq. Toplanış iki həftə davam edəcək.