Xəzər haqqında yenilik odur ki…

652

Akademik, biologiya elmləri doktoru, professor Məmməd Əhəd oğlu Salmanov, 1932-ci ildə Qərbi Azərbaycanın İrəvan mahalının Zəngibasar (Uluxanlı) bölgəsinin Qaraqışlaq kəndində doğulmuşdur. 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (Gəncə) əla qiymətlərlə bitirdiyinə görə o, xüsusi vəkalətnamə ilə Azərbaycan Milli Emlər Akademiyasında aspiranturaya qəbul edilmişdir. 1956-1959-cu illərdə su mikrobiologiyası sahəsində daha geniş tədqiqatlar aparmaq məqsədilə, SSRİ Elmlər Akademiyasının Mikrobiologiya İnstitutuna və sonradan Lomonosov adına Moskva Dövlət Universitetinə mikrobiologiya sahəsində müxtəlif təcrübə proqramları çərçivəsində elmi işlərini davam etdirmək üçün ezam edilmişdir.
M. Salmanovun Azərbaycanda su mikrobiologiyası elminin ərsəyə gəlməsi sahəsində böyük xidmətləri vardır. Ölkənin bütün su hövzələrinin və o cümlədən də Xəzər dənizinin ekologiya, hidrobiologiya, mikrobiologiyası baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilmişdir. M. Salmanovun sanballı elmi tədqiqatlarından biri və başlıcası isə son 50 ildə Azərbaycanın əsas içməli su mənbələri olan Kür və Araz çaylarının başlanğıcından Xəzər dənizinə töküldüyü yerə qədər 5 dövlətin – Türkiyə, Gürcüstan, İran, Ermənistan və Azərbaycan ərazilərindəki dəyişikliklərin kompleks öyrənilməsidir.
1960-cı ildə “Kuybışev və Mingəçevir su anbarlarının formalaşmasında mikroorqanizmlərin rolunun müqayisəli öyrənilməsi” adlı namizədlik və 1982-ci ildə isə “Xəzər dənizində mikrobioloji rejim, fitoplanktonun məhsulu və üzvi maddələrin destruksiyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edən M. Salmanov 2001-ci ildə Azərbaycan MEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Alim 325 elmi əsərin, o cümlədən 4 monoqrafiya, 6 elmi-kütləvi kitab, 3 dərslik və 2 elmi-metodiki tövsiyənin müəllifidir. Onun 280 elmi-populyar məqaləsi, oçerkləri nəşr edilmişdir. O, dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda iştirak etmişdir. M. Salmanovun rəhbərliyi altında biologiya üzrə 12 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. 2002-ci ildən AMEA Mikrobiologiya İnstitutunun direktoru kimi fəaliyyətini davam etdirən, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunan M. Salmanov bu gün də aktiv şəkildə elmi fəaliyyətlə məşğuldur. Evlidir, 2 övladı, 5 nəvəsi və 2 nəticəsi vardır.

– Məmməd müəllim, necəsiniz, səhhətiniz necədir?
– Yaxşıyam. Bu yaşa görə şikayət eləmirəm. İnstitutun direktoruyam, Lənkəran Dövlət Universitetində dərs deyirəm. Evim Tibb Universitetinin yaxınlığındadır, orada kafedra müdiri də olmuşam. İndi də ora dəvət edirlər. Bir il bundan əvvəl Lənkəran Dövlət Universitetində dərs zamanı auditoriyada yıxıldım, ayağım sındı. Məni gətirdilər Bakıya. Bu hadisədən sonra yaxınlarım dedilər ki, bir də Lənkəranda dərs deməyə getmə. Dedim xeyr, gedəcəyəm. Əgər ayağım gedirsə, mən yenə Lənkərana gedəcəyəm. Bir sözlə, 85 yaşa çatıram, səhhətimdən şikayət eləmirəm.
– Belə gümrah olmağınıza görə nəyə borclusunuz?
– Zəhmətə, əməyə və bir də paxıllığın olmamasına. Həyatımda heç kəsə həsəd aparmamışam. Heç kəsə badalaq atmamışam. Heç kəsə pislik eləmək istəməmişəm. Bax, məni yaşadan budur: zəhmət, məqsədyönlü iş görmək. Çalış kömək elə, kömək eləyə bilmirsənsə, maneçilik də törətmə.
– Belə gümrah olmağınızda təbiətə bağlılığınızın da rolu var yəqin…
– Sağlamlığın çox mühüm şərtləri var. Birincisi, irsidir, ikincisi, yaşayış tərzidir. Yenə də deyirəm, insanı içindən oyan paxıllıqdır, xudpəsəndlikdir. Mən 1956-cı ildən mikrobioloqam. Bu ixtisasla bağlı olaraq həmişə spirtlə işləyirsən. Mən spirti çəlləklərlə gəzdirmişəm. Amma and içmişəm ki, spirt içməyəcəyəm, lap ölsəm də dəyməyəcəyəm. Bu, iradədir. Mənimlə birgə Rusiya mühitində olanların qadınlı, kişili hamısı içkiyə meyilli idi. Amma yaxın durmadım. Bir də insan gərək Allahın bizə verdiyi bütün nemətləri yeyə bilsin, amma qarınqulu olmasın. Mənim üçün Allahın bizə bəxş elədiyi hər şey əzizdir. Adam var deyir ki, bunu yeyirəm, onu yemirəm. Məsələn, bizdə üç qazan yemək asılır, dəli oluram (gülür). Ay bala, bir xörək bişirin də.
– Bildiyim qədər müəyyən günlərdə çıxıb Abşeronda gəzirsiniz, hələ də nə isə öyrənirsiniz?
– Belə bir misal var, canavarı ayağı yedizdirir; qaçmasa, tutmasa yeyə bilməz, acından ölər. Mənim kimi tədqiqatçının işi isə çöllə əlaqədardır – çaylar, göllər… Mən 40 il Xəzər dənizində üzmüşəm – tədqiqatlar aparmışam. Azərbaycanda elə bir çay, göl, bulaq yoxdur ki, mən ora getməyim. İndinin özündə də bir ay Bakıdan kənara çıxmasam, inanın ki, xəstələnərəm. Yadınızda qalsın, təbiəti sevmək, gəzmək sağlamlığın əsas şərtlərindən biridir. Bu yaşımda da gəzirəm. Bu günlərdə İsmayıllıdan gəlmişəm. Qar yağırdı, sürücünü çağırdım dedim ki, gedək İsmayıllıya. Dedi ki, mən ömrümdə belə qarda maşın sürməmişəm. Dedim, gəl otur yanımda, ölsən mən də səninlə öləcəyəm. Gedək o meşədə qarı görək (gülür). Görək qar yağanda ağaclar necədir…

“Əsas tərbiyəni ana verir, ana”
– Bir mikrobioloq kimi özünüz qidalanma rejimini nəzərə alırsınızmı?
– Qonaqlıqlarda, evdə, restoranlarda olanda məndən soruşanda deyirəm, mən hər şey yeyənəm. Allah verən hər neməti yeyirəm. Həyatımda heç vaxt pəhriz saxlamamışam. 50 ildən çox mənim standart çəkim olub, yayda – 69, qışda isə 72 kq. SSRİ-nin hər yerini gəzirdim, dostlarım içində ən şumal olan mən idim, kökəlməmişdim. Qarınqululuq eləmirəm. Məsələn, mən ömrümdə günorta qidalanmamışam. Səhər və axşam, vəssalam. Gün ərzində iki öynə yeyirəm. Bu gün səhər iki yumurta yemişəm, bir də axşam yeyəcəyəm. Çox maraqlıdır ki, şəkər, təzyiq problemi ola bilər, amma yoxdur. 3 il əvvəl şəkər tapdılar, dedilər sən gərək tez-tez yeyəsən. Dedim, xeyr. Onun dərdini mən bilirəm. Özüm tənzimləyirəm. O gün İsmayıllıda quzu əti yedik yoldaşlarla, nə vaxt ki görürəm çox olacaq, dayandırıram. Özüm özümə nəzarət edirəm. Hippokrat, İbn Sina əsrlər əvvəl yanlarına xəstə gələndə soruşurmuşlar ki, nə yemisən? Yəni nə yediyini de, haran ağrıdığını deyim…
– Gənc nəslin yetişməsində sizin də əvəzsiz xidmətləriniz olub. Tələbələrinizə sevgi, qayğı ilə yanaşmağınızın kökündə nə dayanır?
– İnsansevərlik, vəssalam. Humanizm. Auditoriyalardan əlavə, özümün 30-a qədər aspirantım var. Düzdür, onların içində nanəcibi də var. İnsanlar müxtəlifdirlər, məlaikə deyillər. Amma mən onların hamısına sevgi ilə yanaşmışam, öz balam kimi yanaşmışam. Çünki yenə də deyirəm, mənə də yaxşılıq eləyiblər. Mən zəhmətlə yaxşılıqların məhsuluyam. Mənim müəllimim Kuznetçov, Moskvadan kəndimizə gəlib ki, görsün məni kim tərbiyə eləyib. Bunu mənə sonra deyib. Dünyanın məşhur akademiki gedib mənim dədəmin, anamın əlindən öpüb. Niyə? Guya tərbiyəli olmuşam. Abırlı olmuşam. İnsanın arzusu istəyindən çox, qabaqda gedir. Bir də insanın bütün ülvi keyfiyyətlərinin əsası tərbiyədir. O, tərbiyəni ailədə alır. Yadınızda qalsın, əsas ailə, ana və atadır bu məsələdə. On universitet bitirə bilərsən, o sənə bilik, savad verir, amma tərbiyə vermir. Əsas tərbiyəni ana verir, ana. Müharibə vaxtında mən aclıq görmüşəm. Yaşıdım Qurban adlı oğlan var idi. Qurban divarın dibində ağlayırdı ki, Allah, doyunca qara çörək yeyim, sonra ölüm. Onun ən böyük arzusu bu idi. Bizim evlə kolxozun ərik bağı arasında çox az məsafə var idi. Aclıq idi, uşaqlar ora cumub yeyirdilər. Biz qardaşımla ard-arda dünyaya gəlmişdik, bir yaş fərqimiz var idi. Atam bizə dedi ki, əgər məni idarəyə (kolxoza) çağırsalar və sizə görə tənbeh eləsələr, iki qardaş ikinizi də tut ağacından asacağam. O an indi də gözümün qabağındadır.
Hər idarədə bildiyiniz kimi fırıldaq adam var. Mən o işlərlə məşğul deyiləm. 6 aydır manat-manat yığıb, 3000 manata oksigeni təyin edən cihaz almışam. Bax o qənaətə, düzgünlüyə atam alışdırıb.

“Elin gözü tərəzidir”
– Yəni bütün bunlar ailədə aldığınız tərbiyədən irəli gəlir…
– Biri məndən soruşdu ki, haralısan, kimin oğlusan? Dedim, dədəm kolxozçu olub. Hamı atasını tərifləyir. Məni, bizi tanıyanlardan soruşun Əhəd kişi kimdir? Onlar danışacaqlar. Bu adam düzgünlük təcəssümü olub. Atam neçə-neçə qan düşmənlərini barışdırıb. Halal çörək yeyən olub.
Moskvada oxuyanda yoldaşlar gəldilər ki, bu gün sənin 30 yaşın tamam olur. Mənim heç yadımda deyil. Rus heç dədəsinə çörək vermir, 30-35 nəfər mənə qonaqlıq verdilər. Gəldim mehmanxanaya, evdən də teleqram da gəlmişdi, məni təbrik eləyirdilər. Gecə saat ikidə öz-özümə sual verdim ki, xoşbəxtlik nədir? Düşündüm ki, salamatam, ailəm var, atam, anam var. Bir də tamam yad ölkədə mənə belə hörmət eləyirlər. Bu, xoşbəxtlikdir də. Orada belə bir şeir yazdım:
Zəhmətkeş, namuslu, nurlu bir evin,
İlk oğul övladı göz açmışam mən.
Ürək, fərəhindən, hərdən bir öyün
Ata qucağında çox yatmışam mən.
Deməli, mən 1932-ci ildə anadan olmuşam, bir il sonra 1933-cü ildə qardaşım anadan olub. Qardaşım olanda gördüm ki, anamın qucağında ayrı uşaq var. Ona görə atamın qucağına qaçmışam. Atamla mən texnikuma qəbul olana qədər bir yerdə yatmışıq. Atam! Ona görə ata qucağında çox yatmışam mən.
Zəhmətini duyub ata-anamın,
Yadıma gəlmir ki, sərsəm dolanım.
Bütün ailəm olub, qeydə qalanım.
Onun üçün kamıma tez çatmışam mən.
Qurub-yaratmağı bildim müqəddəs,
Əməklə yüksələr dünyada hər kəs.
Məmməd çalışacaq alırsa nəfəs,
Çox vaxt ayla günü oyatmışam mən.
Bax bu, ailənin mənim həyatımda, göstərdiyi yol, tərbiyədir. Ona da əməl etmişik, eləyirik. Valideynlərim çox zəhmətkeş olublar. Mən nə qədər gec yatdımsa anamı yatan, nə qədər tez oyandımsa, yenə də yatan görmədim.
– Bayaq dediniz ki, Lənkəran Dövlət Universitetində dərs zamanı sinifdə ayağınız sındı, amma yenə də əməliyyat olunub sağalan kimi dərslərə davam etdiniz. Bütün bunlar nə üçündür?
– Mən heç təsəvvür eləməzdim ki, məni bu qədər çox istəyirlər. Ayağım qırıldı, Lənkəranda məni universitetdən xəstəxanaya gətirənə qədər bütün universitet, məni tanıyan, tanımayan, arvad, uşaq, tələbə, hamısı arxamca gəldi. O gün dərs olmadı. Xəstəxananı əhatəyə almışdılar. Təxminən 50 nəfər ağlayan gördüm. Hadisədən 18 gün sonra Lənkərana qayıtdım. Ona görə ki, mənim dərsim boş keçməsin. Qayıdanda da, bəlkə, 300 nəfər tələbə yığılmışdı, heç onların çoxuna dərs demirdim. Bax, bu istək aparır adamı. Elin gözü tərəzidir. Yaxşını yamandan seçə bilirlər.

“Heç yadımdan çıxmaz, atam yazdı ki, oğul, əgər oxumaq istəyirsənsə, lazımdırsa, get”
– Orta məktəb illəriniz müharibə vaxtlarına düşüb, o vaxtkı çətinliklərə baxmayaraq, elm adamı olmaq istəyiniz necə yaranıb?
– Çox maraqlıdır, mən birinci sinfə gedəndə mənimlə oxuyan qızlar iki aydan sonra nişanlanırdı. Mən həmin vaxt 7 yaşımda idim. Amma sinifimizdə qızlar var idi ki, ərə gedirdi. Kim oxumurdusa, gətirib sinifləri doldururdular. 7, 10, 15 yaşlı uşaqları bir yerə yığırdılar. Sinfimizdə qızlar məni qoruyurdu ki, bu, balacadır, buna dəyməyin. Həmişə səliqəli olmuşam, yaxşı oxuyan olmuşam. Birinci sinifdə oxuyanda Məmməd Tahirov adlı müəllim var idi, o mənə bir kitab bağışladı. Sarı, ərik rəngində cildli kitab idi. Latın əlifbası ilə yazılmışdı. Bacım latınla oxumuşdu deyə o kitabı oxumağı öyrətdi mənə. 1940-cı ildə mən latın əlifbasını öyrəndim, mənə verilən o kitabın xatirinə. Latın hərfləri ilə ilk hecalayıb oxuduğum cümlə belə olub: adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı. O cümlə mənim ilk kitabımdan götürdüyüm anlayışdı. 7 illik məktəbi əla bitirmişəm. Ondan sonra texnikuma getmişəm. Çünki həmin vaxt orta məktəb yox idi. Texnikumda 4 fakültədə, təxminən, 300 uşaq var idi. Əsgərlikdən gələnlər də var idi onların arasında. Mənə körpə deyirdilər. İnstitutu bitirəndə isə 6 fakültədən 34 nəfərdən biri də mən idim ki, əla qiymətlərlə qurtarmışdıq. İki nəfərə vəkalətnamə verildi ki, aspiranturada oxuya bilər. 1955-ci ildə qanun var idi ki, aqrar təhsillilər hamısı kənd təsərrüfatına getməlidir. Lazım olarsa, xüsusi vəkalətnamə ilə, aspiranturaya qəbul olmaq olardı. Mən də kəndimizə getmişdim, bir ay icazə vermişdilər dincəlməyə. Poçtun yaxşı işləmədiyi dövrdə belə məni tapdılar ki, sənə bütün fəaliyyətlərini nəzərə alaraq, seçildiyin üçün vəkalət verilir. İkiillik hökmü var idi vəkalətnamənin. Tələbəlik illərimdə mən heç vaxt pis qiymət almamışam. Çünki əlaçı təqaüdü ilə dolanırdım. Əlaçılara 25 faiz artıq olurdu təqaüd. Bu isə məni görürdü. İldə bir dəfə evə gedərdim. Hələ evə gedəndə o əlaçı təqaüdündən anama bir kəlağayı, bacıma 3 metr çit, qardaşlarıma da pay alıb aparırdım. Gecə gündüz çalışırdım, deyirdim ki, əlaçı olmasam acından öləcəm. Ailəmin imkanı yox idi, mən əlaçı təqaüdü almalı idim. Elmə gəlişimin isə qəribə tarixçəsi var. Universiteti bitirəndə – bölgü vaxtı məni göndərdilər Qaryaginə, indiki Füzuli rayonuna.
Sonra bir gün Bakıya gələsi oldum. Xalamoğlu burada tələbə idi. Şəhəri gəzdim, gəlib çıxdım Akademiya tərəfə. Oranın binasını görəndə lap valeh oldum. Gördüm ki, yekə bir elan yapışdırıblar. Həsrətlə elana baxırdım, gördüm ki, bir ağsaçlı kişi yanımda dayanıb. Dedi, a bala, maraqlanırsansa, keç içəridən soruş. Mən də binanı görmək eşqinə girdim içəri. Orda da birinə rast gəldim, dedi, qalx yuxarı, aspirantların şöbəsi ordadır. Bax, beləcə, mən gəldim aspiranturaya…
İlk imtahandan əvvəl atama məktub yazmışdım. Onlar elə bilirdilər ki, mən işə gedirəm, ailəmizə dəstək olacağam. O vaxt atama dadaş deyirdim, yazdım ki, “ay dadaş, burada belə bir məsələ var, aspiranturada oxumaq istəyirəm. Onlar da nə bilirdilər aspirantura nədir; təhsil, oxumaq bilirdilər. Heç yadımdan çıxmaz, yazdı ki, oğul, əgər oxumaq istəyirsənsə, lazımdırsa, get. Yazmışdı ki, ay oğul, bir inəyimiz var, onu da satıb sənə kömək eləyərik. Darıxma, Allah kərimdir, bizdən narahat olma, biz dolana bilərik. Bax, atamın bu sözlərindən sonra necə onun etimadını doğrultmayaydım?! Ona görə bir şeirimdə deyirəm:
Zəhmətini duyub ata ananın,
Yadıma gəlmir ki, sərsəm dolanım…
– Alim olmaq istəyən gənclərə nə tövsiyə eləyərdiniz?
– Gərək insan zəhmətə alışsın. Zəhmətlə istəyə nail olmaq mümkündür. Bəzən tələbələrimə də deyirəm – bir də görürsən cavan, yaraşıqlı, cüssəli oğlandır, ödənişli oxuyur, siqaret çəkir, min ədadan çıxır, ancaq iki alır. Belə kişilik olmaz. Zəhmət, zəhmət, zəhmət! Mənə həyatımda heç kəs nə isə tapşırmayıb. Elm elə bir şeydir ki, o itmir, batmır. Kimin niyyəti tutarlıdırsa, o niyyətə uyğun hərəkət eləməlidir, tək istəməklə deyil. İstəyirəmin arxasında nə dayanır onu bilməlidir. Məqsədyönlü iş görmək lazımdır.

“Tələbələrimin arasında ən çox zəhmət çəkənlərin yeri ayrıdır”
– Tələbələriniz barədə fikirləriniz…
– Tələbələrimin hamısı eyni deyil. Çox maraqlıdır ki, mənim qız tələbələrim oğlanlardan yaxşı mənada üstündürlər. Yəni daha əməksevərdirlər. Son beş ildə dörd qız tələbəm aspiranturanı bitirib, müdafiə eləyən kimi institutlara gediblər. Dünən biri gəlmişdi, anadır, iki uşağı var, gecə-gündüz çalışır, yüksək əməkhaqqı da alır. Bax, mən bunları çox istəyirəm. Əslində hamısını çox istəyirəm, amma ən çox zəhmət çəkənlərin yeri ayrıdır.
– Təbiəti sevənlərin çoxu poeziyanın da vurğunu olurlar. Siz necə?
– Mən şeiri, musiqini sevməyən adamı adam saymıram. Əgər insandırsa, bir bənd şeirdən tükü biz-biz durmalıdır…
– Sizi səbirli insan kimi tanıyırlar. Səbirli olmaq sizə nə verib?
– Cəmiyyətdə elə bir qanun var ki, kimsə kimdənsə asılıdır. Amma səbir, dözümlülük atalardan qalmadır, böyük sərvətdir. Ona görə də səbir məsələsi çox vacibdir. Səbirli olun, vəssalam. Bundan artıq heç nə demirəm. İnsanlar gərək bir-birilərinə güzəştə getməyi bacarsınlar. Allah səbir versin…

“Xəzəryanı dövlətlər içərisində ən çox bəhrələnən həmişə biz olmuşuq”
– Xəzər dənizi ilə bağlı bir çox kitabların müəllifisiniz, planda yeni kitablar varmı?
– Son 10-15 ildə Xəzərdə heç kim heç nə eləyə bilmir. Çünki gəmimiz yoxdur. Mənim indi də Xəzərdə işləyən yetirmələrim var. Xəzərdə olan işlərin, demək olar ki, hamısından mənim xəbərim var. İldə 2-3 dəfə Xəzərlə bağlı konfranslar keçirilir, mən də iştirak edirəm. Xəzər haqqında yenilik odur ki, demək olar ki, yaxşılığa doğru getmir. Niyə? Ona görə ki, 5 xəzəryanı dövlət hərəsi özü üçün ayrı işlər görür. Bu 5 ölkənin ortaq qərarı yoxdur. Sözdə deyilir, ancaq həyata keçirilən heç bir iş yoxdur. Xəzərin vəziyyəti yaxşı deyil. Hər yerində neft çıxarılır. Xəzər dənizinin o vaxt vəziyyəti yaxşı olacaq ki, bu 5 ölkə birləşib, ortaq işləyəcəklər.
– Gənc alimlərin işləri, yetişməsi, elmə marağı sizi qane edirmi?
– Yox. Konkret soruşdunuz, konkret dedim. Səbəbi nədir? Məsələn, sovet vaxtı təkbaşına Xəzəri öyrənmək üçün mənə verilən bir gəminin icarəsi indi 10-12 min dollardır. Üstünə gəl 50-60 ton neft, 2-3 ton benzin, 20 nəfərin əməkhaqqı, ekspedisiya pulu və s. verirdilər o vaxt; nədir ki, Məmməd müəllim dənizə çıxır. İndi o imkan yoxdur. Mən tələbə də olanda ailəmin köməyinə ehtiyacım olmayıb. İndi mənə deyin görüm, hansı tələbə, aspirant öz təqaüdü ilə dolana bilir? Ona görə yetişə bilmirlər. Mənim rəhbərim deyirdi ki, Nikolayın vaxtında elmlə dövlətli adamlar məşğul olurdular. Kasıbın nə işi var elmdə. İndi də elə çıxır. Bizim laboratoriyalarımızda avadanlıq, ləvazimat, optika və s., demək olar ki, çoxdan qalmadır. Hamısını təzələyə bilmirik. Düzdür, ölkəmiz, dövlətimiz buna can atır. Amma elmə maraq, bu dediyim səbəblərə görə azalıb.
– Dünyada gedən iqtisadi proseslər ölkəmizə təsir edir. İndi daha çox qeyri-neft sektorunun inkişafına yönəlmə başlayıb. Xəzər dənizində balıqçılıq sahəsinin inkişaf perspektivlərini dəyərləndirərdiniz?
– 3 aydır bir yazı üzərində işləyirəm: dünyanın su anbarları. Burada Kür çayından misallar çəkirəm. 1930-40-cı illərdə təkcə Kür çayından ovlanan nərə balıqları, tədarük olunan kürü, Volqada ovlanandan iki dəfə artıq olub. Volqa 10-12 dəfə Kürdən böyükdür. Kür çayından bir ildə 800 ton qara kürü dünya bazarına çıxarmaq olar. Orta hesabla hər 3-4 kq kürü bir balıqdan alınır. İndi görün neçə yüz min ton nərə balığı ovlanıb. 1961-ci ildə Derjavin seysmik kəşfiyyat üçün Xəzərdə olub. Derjavin demişdi ki, Xəzərdə neft məhsulundan fərqli olaraq, balıq məhsulu bərpa olunandır, balıq ovlanarsa, neftdən iki dəfə artıq gəlir verir, çirklənmir. Derjavinin bu sözlərindən sonra ona deyildi ki, bəs 20 min işçi qüvvəsini neyləyək? Tankerlər alınıb, bunları neyləyəcəyik? Derjavin də dedi ki, əgər elədirsə, bu sahələri genişləndirməyin, tankerlər köhnəlib sıradan çıxacaq. Neft azalacaq.
Xəzəryanı dövlətlər içərisində ən çox bəhrələnən həmişə biz olmuşuq. Xəzər bizim üçün neftdən daha çox gəlir edə biləcəyimiz yerdir. Xəzər haqda çox yazılıb, çox adamlar danışıb. Xəzər kimi məhsuldar hövzə dünyada yoxdur.
Rasim Məmmədli