Xəzər dənizinin səviyyəsi dövriliyə meyillidir

520

Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi birbaşa yeraltı sularla bağlıdır. Əvvəllər dənizin səviyyəsinin dəyişməsini yağıntının miqdarının artması ilə əlaqələndirirdilər. Alimlər suyun səviyyəsinin artmasını yağıntının miqdarının artması, dənizin geri çəkilməsini isə əksinə, yağıntının azalması ilə izah edirdilər. Məlum olub ki, dənizin səviyyəsinin dəyişməsi iqlim dəyişmələri ilə əsla üst-üstə düşmür. Özü də Xəzər dənizinin səviyyəsi dövriliyə meyillidir. Bu, geoloji, hidrogeoloji və antropogen (insanın ətraf mühitə təsiri) proseslərlə bağlıdır.

Bu fikri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov “Yay mövsümündə regionda iqlim proseslərinin cari qiymətləndirilməsi, habelə əsas faktorların Xəzər dənizinin səviyyəsinin durumuna təsiri” mövzusunda mətbuat konfransında bildirib. T.Zeynalov deyib: “Suyun səviyyəsi gah qalxır, gah da enir. Səviyyə azalanda gəmiçilik üçün çətinlik yaranır, qoruqların rejimi pozulur və balıq ehtiyatı dəyişir. Səviyyənin artması nəticəsində yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin yerləşdiyi sahil ərazilərini su basır. 1929-cu ildən 1941-ci ilədək dövr ərzində Xəzərin səviyyəsi az qala 2 metr aşağı düşüb. Amma XXI əsrin əvvəlindən bu böyük su hövzəsinin səviyyəsi artmağa başlayıb.

Tanınmış ekoloq qlobal istiləşmə mövzusuna da toxunaraq deyib: “Qeyd etmək istəyirəm ki, bu məsələdə hər şey birmənalı deyil. Məsələ burasındadır ki, planetimizdə qlobal istiləşmə ilə bağlı bütün xəbərdarlıqlar, söz-söhbətlər və narahatlıq yanlış sayılıb. Atmosferdə baş verən proseslər barəsində rəylər artıq çoxdan haçalanıb. Heç də bütün alimlər həmkarlarının qlobal istiləşmə ilə bağlı fikirləri ilə razılaşmır. Bəziləri hesab edir ki, qlobal istiləşmə prosesi hər halda olmalıdır. Digərləri iddia edirlər ki, dünyada qlobal soyuqlaşma prosesi gedir. Özü də çoxu qlobal istiləşməni karbon qazı (CO2) ilə əlaqələndirir və iddia edirlər ki, karbon qazı canlı həyatı məhv edir. Bir çoxları həqiqətən əmindir ki, atmosferdə karbon qazının azaldılması uğrunda mübarizə ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizədir. Əslində, karbon qazı heç vaxt çirkləndirici olmayıb və bundan sonra da olmayacaq. Məsələn, su müxtəlif maddələrlə çirklənir. Suda turşular və qələvilər, dioksinlər və ağır metallar, pestisidlər və neft məhsulları, radioaktiv maddələr və bağırsaq çöpləri ola bilər. Amma bir maddə suyu əsla çirkləndirə bilməz. Bu da karbon qazıdır. Karbon qazı təbiətdə dövriliyin bir hissəsidir. Karbon qazı bitkilər tərəfindən udulur. Biz qazlaşdırılmış su içirik, dondurmanı “quru buzun” içində saxlayırıq, çünki öz nəfəsimizdən bayılmırıq.

T.Zeynalov sinoptiklərin bu ilin iyul-avqust aylarına proqnozları barədə məsələyə toxunaraq bildirib ki, mövsümlərin müəyyən mənada yerdəyişməsi baş verir. O deyib: “Məsələn, payız, qış, bahar və yayın vaxtı dəyişib. Belə ki, qışda güclü şaxtalardan sonra yazda havanın temperaturu kəskin yüksəlməyə başlayıb. Ola bilsin, Azərbaycanda havanın temperaturu sentyabrın sonunadək isti olacaq”.

azertac