Xəyalları geniş, cibi dar olanlar

531
Xəyallar insanın sərhədsiz azadlıqlara sahib olduğu yeganə yerdir. Heç bir çərçivəyə sığmayan və başqalarının sözü keçməyən tək yer… Burada heç bir qadağa, heç bir “olmaz”lara yer yoxdur. Xəyallarınızı necə quracağınıza siz özünüz qərar verirsiniz. Ssenarini özünüz yazır, baş rolu da özünüz oynayırsınız. Real həyatda bacarıqsız da olsanız, xəyalınızda əlinizdən gəlməyən iş yoxdur. Bir anda dünyanın ən məşhur iş adamı olub sərvət sahib ola bilər və hər kəsi idarə edə bilərsiniz. Amma bir anda… o da xəyalda…
“Xəyal qurmaq insanı gələcəyə həvəsləndirən bir vasitədir”

Bəs xəyalları necə reallığa çevirmək olar? Xəyallarımızın sərhədi olmalıdır? Xəyal qurmaq bizə nə qazandırır, mübarizə ruhu, ya passivlik?

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov xəyal qurmağın insana həm mənfi, həm də müsbət təsirləri olduğunu bildirdi. “Bəzi insanlar var ki, onların xəyalları tamamilə fantaziyadan ibarət olur”, – deyən psixoloq bunun da ciddi psixoloji problemlərə səbəb olduğunu vurğuladı: “Xəyal qurmaq insanları motivə edən, gələcəyə həvəsləndirən bir vasitədir. Xəyallar reallığa daha yaxın olur. Lakin bəzi insanlarda daha çox fantaziya üstünlük təşkil edir. Bu da reallıqdan uzaqdır. Normal xəyal qurmaq insanı motivə edir, onun gələcəyinə istiqamət verə bilir. Lakin normadan artıq xəyal qurmaq potoloji haldır. Bu da insanı donuq bir hala gətirir. Belə insanlar yalnız xəyal qurmaqla kifayətlənir, elə o xəyalın içində də yaşayırlar. Bu cür vəziyyətdə həmin insanlarda cəmiyyətdən təcrid olunma, özünə qapanma kimi hallar müşahidə olunur”.

“İşləyən insanların hədəfləri xəyallarından çox olur”

Deyirlər, xəyal kasıbların çörəyidir. Pulu-parası olmayan, dünya nemətlərindən nəsibini ala bilməyən insanlar oturub xəyal qurmaqla məşğul olurlar. Həyatda uğur qazanmaq, nə isə əldə etmək üçün zəhmət çəkməyən, çalışmayan insanlar qurduqları xəyallarla təskinlik tapırlar. Üstəlik, burada əziyyət çəkməyə, tər tökməyə də ehtiyac yoxdur. Onlar qurduqları xəyali biznes sayəsində bir anda dünyanın ən zəngin insanına çevrilə bilir, hətta varlı olduqdan sonra insanlara kömək etməyin də planını qururlar. Xəyalları genişləndikcə bura başqa istəklər də əlavə olunur və bir anda özlərini ucsuz-bucaqsız xəyallar dənizinin ortasında görürlər.

“Araşdırmalar da göstərir ki, insanın fəaliyyət imkanları zəif olduqca onun xəyalları fantastik xarakter daşıyır. Yəni işləyən bir insanın xəyallarında reallığa yaxın, həyata keçməsi mümkün olan şeylər yer alır. İşləməyən bir insanın xəyalları isə reallıqdan uzaq olur”- deyən psixoloq E. Rüstəmov reallığı əks etdirən xəyalların daha məqsədəuyğun olduğunu bildirdi: “İşləyən və ya bəlli bir məşğuliyyəti olan insanlar daha çox hədəfli xəyallar qururlar. Çünki hədəf görünən bir şeydir və qısamüddətli hadisələrə hesablanır. Yəni tələbə semestr imtahanlarını yaxşı verməyi düşünürsə, bu, hədəfdir. İnsan hədəf qoyanda daha sağlam hərəkət edir. Lakin xəyallarda passivlik hakimdir. Burada müddət anlayışı yoxdur və fantaziya özünü daha çox göstərir. Mübarizə ruhu, çalışma əzmi, hərəkət fəaliyyəti zəif olan insanlar bunu xəyallarla kompensasiya edirlər. Reallığı əks etdirən xəyallar daha məqsədəuyğundur. Təcrübələr göstərir ki, işləyən insanların hədəfləri xəyallarından çox olur”.

“Çalışın ki, xəyallarınız da cibinizə uyğun olsun”

Eynşteyn deyirdi ki, məntiq sizi A nöqtəsindən B nöqtəsinə apara bilər, xəyal gücü isə hər yerə. Bəli. Xəyalların nə başı var, nə də sonu. Sərhədsizdir. Bir o qədər də güclüdür. Əgər xəyallarınız doğru yollardan keçirsə, Eynşteynin dediyi kimi, onun gücü sizi hər yerə aparacaq. Xəyal qurmaq gözəldir. Orada hər şey reallıqdan fərqli olaraq,  sizin istədiyiniz kimi olur. Xəyallarda da olsa, istədiyinə nail olmaq insanı xoşbəxt edir. Amma diqqət etmək lazımdır ki, xəyallardan ayrılıb reallığa qayıdanda ümidsizliyə düçar olmayaq. Unutmayaq ki, ayda 150 manat maaş alan bir insanın 150 min manatlıq avtomobilə sahib olmaq xəyalı reallıqdan xeyli uzaqdır. Bunun üçün birinci qayda çalışmaqdır. Qısası, çalışın ki, xəyallarınız da cibinizə uyğun olsun.

XƏYALƏ SADIQOVA,